Vəkil Cavad Cavadov: “Qanunda yazılmasa da icazə verilir”
Müstəqil mətbuata “müharibə” elan edən Elçin Bədəlov məhkəmədən qaçır?
İyunun 17-də, “365info.az”-ın baş redaktoru Anar Asim oğlu Qasımovun Ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova müraciətini ictimaiyyətə təqdim etmişdik.
Həmin müraciətdə jurnalist qeyd etmişdi ki, ona qarşı Binəqədi rayon Məhkəməsində xüsusi ittiham qaydasında başlanan məhkəmə prosesinin iclası Milli Qurtuluş Gününə (?) təyin olunub, bu iclasa dəvət bildirişi isə ona iyunun 17-də çatdırılıb.
Bütün ölkədə bayram və qeyri-iş günü kimi qeyd olunan tarixdə məhkəmə iclasının təyin olunması ölkə mətbuatında da birmənalı qarşılanmadı.
365info.az bildirir ki, iyulun 7-də A.Qasımovun işi üzrə məhkəmə iclası keçirilib, növbəti iclas isə iyulun 11-nə təyin olunub.
Anar Asimoğlu (Qasımov) bildirdi ki, hakim Mirheydər Zeynalov məhkəmə iclasına futbol görüşü kimi yanaşır. “Mən birinci iclasda iştirak etməmişdim, çünki real olaraq bu mümkün deyildi, iyunun 17-də aldığım bildirişlə iyunun 15-dəki iclasa qatılmaq üçün zaman maşınım yox idi.
İyunun 21-dəki iclasa isə məni şər-böhtanda ittiham edən Elçin Bədəlovun özü və vəkili də gəlməmişdi.
Xarici ölkədə olduğuna görə məhkəməyə gələ bilməyəcəyi barədə vəkilin ərizəsini elan edən hakim buna əsaslanaraq iclası təxirə saldı, lakin şikayətçi Elçin Bədəlovun özünün hansı səbəbə məhkəmənin hazırlıq iclasına gəlmədiyi barədə ümumiyyətlə “unutdu” və məhkəmə hazırlıq iclasını 29 iyun tarixinə təyin etdi.
Həmin tarixdə səhhətim pisləşdiyi üçün, mən iclasa qatıla bilmədim. Həmin məhkəmə hazırlıq iclasına da vəkil təkcə gəlmiş, lakin şikayətçi Elçin Bədəlov gəlməmişdi. Sayca 4-cü olan, 7 iyul iclasında isə yenə şikayətçi Elçin Bədəlovun özü yox idi, təkcə vəkili Cavad Cavadov iştirak edirdi.
Hakim heyəti elan edərək, şikayətçi Elçin Bədəlovun vəkili ilə mənim şəxsiyyətlərimizi dəqiqləşdirdikdən sonra, mənə müraciət edərək, mülki işin Xətai rayonuna göndərilməsi barədə vəsatətimi müzakirəyə başladı və sübutlarımın olub-olmamamsını məndən soruşdu. Mən hakimin işə bu cür yanaşmasına etiraz edərək, “Məhkəmə bildirşlərini” ona göstərib dedim: “Hörmətli hakim, Sizin hesabla bu 4-cü məhkəmə iclasıdır, imzaladığınız bu bildirişlərdə Siz özünüz bildirişdə qeyd etmisiniz ki, “Qanunun tələblərinə əsasən, xüsusi ittihamçının və barəsində şikayət verilən şəxsin, məhkəmənin hazırlıq iclasında iştirakları zəruridir”. Lakin şikayətçi Elçin Bədəlovun ayağı bu məhkəmə zalına dəyməyib, Siz isə iclas qurub mənim vəsatətimi müzakirə edirsiniz.
Bəlkə Sizə tapşırıq veriblər ki, Elçinin xətrinə dəyməyəsiniz, yoxsa o, xüsusi imtiyazlara malikdir?
Hakim bir az ara verdikdən sonra mənə pafosla bildirdi ki, 1-ci dəfə mənim yanlışlığım olub, bir dəfə siz gəlməmisiz, bir dəfə Elçin Bədəlov, hesab oldu 1-1-1, bu dördüncüdür, hamımız burdayıq, davam edək.
Yəni, hakim Elçin Bədəlovun məhkəmədə iştirak etməməsini adi hal sayır”, – deyə A.Asimoğlu bildirdi və əlavə etdi ki, mən hakimə müraciətlə bildirdim ki, Siz dediyiniz hesab futbolda olur, hörmətli hakim mən belə başa düşürəm ki, Siz şikayətçi Elçin Bədəlovun iştirakını zəruri hesab etmirsiniz.
Çünki bu 4-cü məhkəmə hazırlıq iclasıdır, Siz özünüz bildirişlərdə yazmısınız ki, Elçin Bədəlovla Anar Qasımovun iştirakı zəruridir.
Məndən mənim haqqımda hər şeyi soruşdunuz, amma heç şikayətçinin adını da çəkmirsiz. Nədəndir bu müəmmalı himayədarlıq?
Hakim cavabında: “Sən deyirsənsə problem yoxdur, təmin edərik, amma onun nümayəndəsi-vəkili burdadır.”
Mən təkid etdim ki, bunu Siz özünüz yazmısınız ki, qanun tələb edir. Bu zaman Elçin Bədəlovun vəkili Cavad Cavadov yüngülcə “ağsaqqallıq” edərək dedi: “Qanunda yazılmasa da icazə verilir”.
Belə bir təəssürat yarandı ki, Cavad Cavadov hakimin də vəkilidir, mənim hakimə verdiyim suala özbaşına müdaxilə etdi və hakimə müraciətlə: “Olar mən vəsatətlə əlaqədar çıxış edim?”
Sanki dənizdə boğulana xilasedici ip atdılar. Hakim “buyurun” dedi və şikayətçinin vəkili Cavadov Cavad çıxış edərək, nitqini belə yekunlaşdırdı: “O ki, qaldı Elçin Bədəlovun iştirakına, mən bunada münasibət bildirim, yəni Elçin Bədəlovun iştirakı məhkəmə hazırlıq iclasında iş icraata götürüləndən sonra, götürülərsə, belə deyək, məhkəmə iclasında təbii ki, o, şahid qismində gəlib, zərərçəkmiş olaraq ifadə verəcəkdir, bu qanunun tələbidir, burda heç bir problem yoxdur, bu mərhələdə onun iştirakı…”
Burda hakim onun sözünü kəsib mənə müraciət edərək, işin Xətai məhkəməsinə göndərilməsini əsaslandıran sübutlarımı təqdim etməyi məndən tələb etdikdə, futboldan çönüb aşıq məclisinə oxşayan məhkəmə iclasına etiraz etdiyimi bildirərək hakimə dedim ki, mövqelər açıq-aydın görünür, sanki məhkəmə iclasını hansısa qüvvələr idarə edir, o isə bəraətedici sözləri bir-birinin arxasınca düzərək əksini sübut etməyə çalışdı və yekunda yumşaq səslə vəkilə müraciət etdi: (sitat) “Cavad müəllim, mən çox xahiş edirəm, növbəti məhkəmə hazırlıq iclasına Elçin Bədəlov gəlsin.”, o isə, problem yoxdur deyə cavablandırdı.
Bununla da iyulun 11-nə məhkəmə iclası təyin edən hakim zalı tərk etdi.
HAŞİYƏ: Mən hüquqşünaslardan öyrəndim ki, Cinayət Prossesual Məcəlləsinin 299.8. maddəsinə əsasən: Xüsusi ittihamçının üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarılmasına məhkəməyə əsas verir. Məntiqli olaraq sual yarandı: Qanunun tələbinə əməl etməkdənsə, 5-ci hazırlıq məhkəmə iclasını təyin edən hakim Mirheydər Zeynalov şikayətçinin vəkilinə “Cavad müəllim, mən çox xahiş edirəm, növbəti məhkəmə hazırlıq iclasına Elçin Bədəlov gəlsin.”, deyə niyə müraciət edirdi? Sanki mənim hökmüm artıq hazır idi, sadəcə, hakim onu oxumaq üçün fürsət axtarırdı. Mənim tələbimlə həmin iclasda müzakirələr bitirilsə də, hakim Mirheydər Zeynalovun obyektiv yanaşma nümayiş etdirəcəyinə dair şübhələrim yaranıb. Düşünürəm ki, 11 iyul iclasında daha qərəzli və birtərəfli yanaşma müşahidə edəcəyəm”.
Anar Asimoğlu vurğuladı ki, sanki mənim hökmüm artıq hazırdır, məhkəmənin obyektiv keçirilməməsi təkcə ona qarşı yox, müstəqil mətbuata qarşı “repressiya” xarakteri daşıya bilər.
“Mən bir daha mətbuat vasitəsi ilə ölkə rəhbərliyinə, nazir cənab Fikrət Məmmədova müraciət edirəm ki, qarşısına məni həbs etməyi məqsəd qoyan qüvvələrin müstəqil mətbuata qarşı yürütdüyü qərəzli yanaşmaya son verilsin”, – deyə A.Asimoğlu əlavə etdi.
Şamil Həsənbəyli
365info.az