“Özəl sərmayənin cəlb edilməsi üçün təkcə mərkəzi icra orqanları məsuliyyət daşımırlar, yerli icra orqanları da, mən bunu demişəm, bir daha demək istəyirəm ki, daha fəal olmalıdırlar
Xüsusilə bölgələrdə investisiyaları cəlb etmək üçün icra başçıları gərək fəal olsunlar. Bəzi yerlərdə bu fəallıq, nəticələr var, amma bəzi yerlərdə bu fəallıq yoxdur, biganəlik var. Bəzi hallarda investorlara kömək etmək əvəzinə problemlər yaradılır. Bunlara son qoyulmalıdır”.
Bunu Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.
“İlin sonunda – dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək. Mən müşavirələrin birində də demişəm ki, icra başçılarının fəaliyyətinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək. Bir daha deyirəm ki, dekabrın 15-də mənə geniş arayış təqdim edilsin və ondan sonra həm yüksək qiymət veriləcək, həm də cəza tədbirləri görüləcək”, – deyə o vurğulayıb. ulus.az