Ötən il Türkiyədə 15 iyul hərbi çevrilişə cəhddən sonra nurçuların FƏTÖ təşkiltı de-şifrə olundu
AKP hökuməti Fətullah Gülənin ordu içində bir qrup generalın əli ilə dövlət çevrilişinə cəhd etdiyini açıqladı.
Çox çəkmədi ki, Gülənə bağlı qüvvələr zərərsizləşdirildi, bütün təsisatları sıradan çıxarıldı, minlərlə adamı həbs olundu. Onlar FƏTÖ terror təşkilatına qoşulmaqda ittiham edildilər.
Ulus.Az xəbər verir ki, ardınca oxşar ssenari Azərbaycanda gerçəkləşdi. Ərdoğan hakimiyyəti ilə Azərbaycan iqtidarının yüksək səviyyədə olan münasibətləri qardaş ölkənin bizdən nurçuları təmizləməyi xahiş etməsi ilə müşayiət edildi.
Rəsmi Bakı Ankaranın sözünü yerə salmadı və nurçulara aid bütün şəbəkələr məhv edildi. Onları təhsil, ticarət, media və s. sektorlarda olan qanadları qırıldı, iqtidar içində sızmış adamları vəzifədən kənarlaşdırıldı.
Lakin Azərbaycanda nurçuların liderinin Fətullah Gülənə göndərdiyi gizli maliyyə hesabatı sənədi mediada işıq üzü gördükdən sonra vəziyyət mürəkkəbləşib.
Əldə etdiyimiz xəbərə görə, nurçulara aid biznes şirkətlərində, firmalarda çaxnaşma hökm sürür.
Maliyyə hesabatında yazılmışdı ki, 53 milyon dollardan qalan pulu Türkiyədə durum qarışıq olduğuna görə bank vasitəsi ilə Türkiyəyə göndərə bilmirlər.
Onların hələ də Azərbaycanda adamlarının olduğu iddia edilir. Deyilənə görə, pulun qalanı biznes şirkətlərində kassalarda durur.
Nurçulara aid biznes şirkətlərində Vergilər və Maliyyə nazirliyi tərəfindən yoxlamalar başlanıb. Bu xəbər nurçulara adamları tərəfindən sızdırılıb.
Onlar gecə saatlarda biznes firmalarından pulları çıxarır və naməlum istiqamətlərə aparırlar. Ehtimala görə, Balakən gömrük postu vasitəsi ilə pul çıxarılıb.
Əslində, hüquq-mühafizə orqanlarının peşəkar fəaliyyəti nəticəsində ABŞ-ın Pensilvaniya ştatında mənzillənmiş Fətullah Gülənin Bakıdakı şəbəkəsi demontaj olunub.
Lakin orda-burda gizlənən adamları hələ də iş başındadırlar. Hökumət Gülənlə olan əlaqələri tamamilə kəsib.
Vaxtilə liseylər, Qafqaz universiteti, iqtisadi obyektləri sərbəst şəkildə Azərbaycanda fəaliyyət göstərən Gülənin bir terrorçu olduğu və Azərbaycanda da nə zamanda çevrilişə cəhd etməyəcəyi istisna olunmadığı üçün onu dəftərdən siliblər.
Gülənin media, təhsil, sənaye, qida, tikinti sektorunda kök atmış budaqlarını və iqtidarın içərisinə sızmış missionerlərini tamamilə zərərsizləşdirdilər.
Artıq ölkən gündəmindən çıxmış bu məsələ demək olar ki, həllini tapıb. Türkiyədə terrorçu şəbəkə elan olunmuş FƏTÖ Azərbaycandan çıxarılıb.
Hakimiyyətin üst mərtəbəsində qərarlaşmış fətullahçı kadrların da deşifrə olunaraq işdən azad olunması və Azərbaycandan getməsi rəsmi Bakının bir terrorçu orduya qarşı ilk dəfə rəsmi səviyyədə mübarizəsiydi. Rəsmi Ankara da qardaş ölkənin dəstəyindən razı qaldı və təşəkkürünü bəyan etdi.