Sakinlər yüzlərlə ağacın məhv edilməsindən narazıdırlar…
“Naməlum” şirkətin sahibi Fədaim kimdir…
Bu yaxınlarda QAFQAZXEBER.AZ saytında ölkə mətbuatına istinadla, Nəsimi rayonunda yaşıllıqların məhv edilməsi və ağacların kəsilməsiylə bağlı bir sıra yazılar dərc edilmişdi.
Həmin yazıları oxuyan vətəndaşlardan biri, Nəsimi rayonu, Mahmud Kazımovski küçəsi, bina 3/1 sakini Şamil Zaman oğlu Nağıyev Qafqaz Xəbər Agentliyinin redaksiyasına zəng edərək, yaşadığı ərazidə sakinlərin analoji problemlə üzləşdiyini bildirib.
Onun sözlərinə görə, bir neçə binanın əhatəsində olan, 40-a yaxın yaşda yüzlərlə ağac və yaşıllıq Nəsimi RİH MKTB-nin və 65 saylı MİS-in əməkdaşları və onların himayə etdikləri naməlum tikinti şirkəti tərəfindən məhv edilib.
“Təxminən 2 ay əvvəl gəlib yüzlərlə ağacı kəsdilər. Foto və videonu bir çox KİV-ə göndərdim, amma məsələni işıqlandıran, araşdıran olmadı. MKTB-də isə dedilər ki, guya park salınacaq. Əgər park salınırsa, mövcud yaşıllıq niyə məhv edilərək səhraya döndərilir? Biz məsələ ilə bağlı Bakı Ekologiya İdarəsinə müraciət etdik, iki əməkdaş gəlib akt bağladı. Eşitdik ki, Nəsimi RİH cərimə olunub. Lakin yenə də, sakinlərin və uşaqlarımızın istirahət guşəsi olan bu meydançada yaşıllıq bərpa olunmadı. İndi isə orda katlavan ataraq, bina tikməyə çalışırlar. Yaxınlaşıb soruşuruq ki, bu işləri kim aparır. Amma eyni cavab alırıq: Nəsimi RİH-ə gedin, orda sizə deyəcəklər”, – deyə Ş.Nağıyev bildirib.
Biz sözügedən binanın komendantı Asif Məmmədovla da əlaqə saxladıq.
O QAFQAZXEBER.AZ-a bildirdi ki, sözügedən ərazidə 40 ilə yaxındır ki, kooperativ binalar inşa olunub: “Bu ərazi sakinlərin istirahət guşəsidir. Hansısa yolla sərəncam aldıqlarını deyən adamlar isə sakinlərin illərlə çəkdiyi əziyyəti məhv edib, bizə 15 milyon manata yaxın ziyan vurublar. Biz onların kompensasiyasını yox, tikintiyə başlama cəhdlərinin və “soyqırım”ın dayandırılmasını tələb edirik. Hazırda binaya gələn elektrik naqillərinin yerini dəyişirlər. Yaxın günlərdə orda katlavan qazacaqlar. Deyilənə görə, bu işləri Fədaim adlı iş adamı aparır, onunsa arxasında Nəsimi RİH durur”.
Biz Nəsimi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pərvanə Kazımzadənin də fikrini öyrənməyə çalışdıq.
“Biz indi düşərgədəyik, Qubada… Sabah maraqlanıb sizə məlumat verərəm. Həmin şəxslər gəlsinlər icra hakimiyyətinə, araşdıraq, görək nə məsələdir”, – deyə P.Kazımzadə bildirdi.
Biz Pərvanə xanımı istirahətindən ayırmaq istəmədik və məsələni araşdırmağa davam etdik.
Bəs “Azərsu”nun məsələyə nə dəxli var?
Ərazidə fotoşəkillərə baxarkən, maraqlı bir məqam diqqətimizi çəkdi. Kəsilmiş ağacların maşınlara yüklənməsində “Azərsu” şirkətinin loqotipi olan texnikaların istifadə edildiyini gördük.
Bizə maraqlı gəldi. Görəsən, Kazımovski küçəsində aparılan söküntü-qazıntı işlərinin “Azərsu” ilə nə əlaqəsi var?
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məsələni araşdıracağını və bizə məlumat verəcəyini bildirdi.
“Dəqiq heç nə deyə bilmərəm. Amma ola bilər ki, bizdən texnika xahiş ediblər, biz də vermişik”, – deyə A.Cəbrayıllı bildirdi.
Araşdırmamız davam edir.