Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyevadan şikayət var.
Universitetin “Səhnə danışığı” kafedrasının laborantı Tamilla Əliyeva Oxu.Az-a göndərdiyi videomüraciətdə rektorun universitetdəki özbaşınalıqlarından bəhs edir.
Laborant xanım deyir ki, F.Əliyeva dövlət müəissəsində özünü özəl şirkətin sahibi kimi aparır və işçilərlə hörmət etmir: “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində teatrşünaslıq ixtisası üzrə təhsil almışam. 2011-ci ildən təhsil aldığım universitetdə çalışıram. Fərəh Əliyeva bizim universitetə rektor təyin edildiyi 3 il ərzində, özünün dili ilə desək, köhnə kollektivə əziyyət verir. Sənətkarlara, aktyor və rejissorlara hörmətsiz yanaşır, onları incidir. İşçilərə təhdid və hədə-qorxu gəlməklə işdən uzaqlaşdırır.
Fərəh Əliyeva universitetə gəldiyi gündən bu günədək yüzədək işçimiz öz ərizəsilə işdən gediblər. İstəyirəm ki, onun prorektor Validə Məmmədova ilə birləşib universitetin kollektivinin başına açdığı oyunları hamı bilsin. Fərəh Əliyeva sənət dərslərinin saatlarını kəskin azaldır və bu yolla insanları işdən azad edir. Xalq artistləri Azər Zeynalov, əməkdar müəllimlər Ənvər Quliyev, Əzizağa Quliyev, əməkdar aktrisa, elmlər doktoru, dosent Fərxunə Atakişiyeva və bu kimi onlarla müəllimi incidərək öz ərizəsi ilə işdən getməyə məcbur edib.
T.Əliyeva özünün də rektor tərəfindən hədələndiyini deyir: “İndi isə məni işimlə hədələyir. Magistrsturada təhsil alan tələbəyə dissertasiya işini kompüterdə yığmağa kömək etdiyimə və həmin tələbəyə materiallar verdiyimə görə qəzəbinə tuş gəlmişəm. “Səninlə işləmək istəmirəm, elə edəcəm ki, özün bu universitetdən gedəcəksən” deyərək mənə hədə-qorxu gəldi. Mən onun hədə-qorxu gəldiyi ilk və sonuncu insan deyiləm. Bu universitetə 12 ilimi vermişəm. İşlədiyim müddətdə heç bir qüsura yol verməmişəm. İki dəfə Fərəh Əliyevanın qəbuluna girərək göz yaşı axıtmışam, iki atasız uşaq böyütdüyümü, övladımın xəstəliyini, hər gün Sumqayıtdan Bakıya bu iş üçün gəlib-getdiyimi söylədim. Göz yaşlarıma məhəl qoymadı. Mənim kimi yüzə qədər işçinin göz yaşlarına məhəl qoymayıb. Şəxsən Gülfanə Kərimovanı, Fəridə Babayevanı, Xalidə Həsənovanı, Vəfa Bayramova, Gülsabah Quliyeva, Əzizağa Quliyev, Maarifə Əsədullayeva, Pərvanə Ağayeva, Yeganə İsazadə, Azər Zeynalov, Tamilla Rəhimova, Vəfa Əliyev, Gülfarə Kərimova, Çinarə Məlikova, Zülfiyyə İsmayılova, Fərhunə Atakişiyeva, Raifa Səfərova, Mətanət Dadaşova, Fəxriyyə xanım, Səfalı, Türkan, Maral Manafova, Sədaqət xanım və bu kimi onlarla insanın çörəyinə bais oldu. Bizi incidir. Mən bilirəm ki, bütün çıxarılan insanlar mənim arxamda durublar. Onlar mənə mənən dəstəkdirlər. Əksəriyyəti Fərəh Əliyevanın əməllərindən prezidentə məktub yazıblar. Özüm də dövlət başçısına məktub yazaraq işdən çıxarılmışların siyahısını qeyd etmişəm.
Fərəh Əliyeva bu ixtisas üzrə təhsil alanları işdən çıxarır, əvəzində isə Slavyan Universitetində təhsil alanları universitetə gətirir. Sənət dərslərinin saatını minimuma endirir, sonra da imtahanda müəllimə irad tutur ki, tələbəyə yaxşı dərs keçməmisən. Dərs saatını azaldıb, müəllimlərə deyir ki, materialı tələbəyə verin, gedib evdə öyrənsin. Bu, ondan irəli gəlir ki, Fərəh xanım bu ixtisası bilmir və bilmədiyi üçün də bizə əziyyət verir”.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi Nərmin Qaralova Oxu.Az-a açıqlamasında Tamilla Əliyevanın səsləndirdiyi ittihamları əsassız adlandırdı: “O, universitetin “Səhnə danışığı” kafedrasının laborantıdır və hazırda bir çox əməkdaşlar kimi, o da məzuniyyətdədir. Ona rəhbərlik tərəfindən vəzifə səlahiyyətlərindən kənar işlərlə deyil, bilavasitə kafedra laborantı kimi vəzifə təlimatlarına uyğun işlərlə məşğul olması, onları keyfiyyətli və vaxtında yerinə yetirməsinə diqqət etməsi barədə ciddi xəbərdarlıq edilib. İşdən çıxarılacağı ilə hədələnməyib. Əməkdaşımıza məzuniyyətindən səmərəli istifadə edib, işinin müsbət yöndə inkişafı üçün üzərində çalışmağı tövsiyə edərdik”.
N.Qaralova son 3 ildə işdən çıxan müəllimlərin universitet rəhbərliyinin tətbiq etdiyi yeni sistemlə ayaqlaşa bilmədikləri üçün getdiklərini bildirdi: “Fərəh xanım heç kimə təzyiq göstərməyib, sadəcə, hər bir müəllimdən keyfiyyətli iş tələb edib və edir. Xanımın adlarını sadaladığı şəxslər universitetdən öz ərizələrilə gediblər. Xalq artisti Azər Zeynalov Milli Konservatoriyaya kafedra müdiri gedib. Fikrət Sultanov təqaüdə çıxıb, lakin buna baxmayaraq, universitetin Bədii Şurasının sədridir. Keçən həftə elmi şurada hesabatla çıxış edib. Digər işdən gedənlər yeni sistemə uyğunlaşa bilməyənlərdir, bacarmadılar, işləmək istəmədilər, getdilər.
Müasir zamanda təhsil sisteminin qarşısına qoyduğu tələblər – şəffaf, sağlam təhsil mühitinin yaradılması, müasir standartlara uyğun dünya səviyyəsinə çıxa biləcək kadrların hazırlanması Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində də yerinə yetirilir. Bu səbəblə rəhbərlik Universitetin əməkdaşları qarşısında iş fəaliyyətlərində dönüş yaratmaq, tədris-pedaqoji fəaliyyətdə yeni metodologiyalara üstünlük vermək və innovativ metodlarla işləməyi bacarmağı əsas şərt kimi qoymuşdur. Lakin bəzi əməkdaşlar vəzifələrindən irəli gələn işlərlə məşğul olmaq əvəzinə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti haqqında ictimaiyyətdə mənfi rəy formalaşdırmağa çalışması, həqiqəti əks etdirməyən fikirlər səsləndirməsi, bununla da görülmüş işlərə kölgə salmağı gözlənilməzdir və təəccüb doğurur”.