Ekspertlər İstehsalat Birliyinin toyuqların yemlənməsi üçün becərdiyi qarğıdalı toxumunun təhlükə mənbəyi olduğunu vurğulayırlar
“Səba” İstehsalat Birliyi bəslədiyi toyuqlar üçün xaricdən alınan yemin çox baha başa gəldiyini nəzərə alaraq “Monsanto” şirkətinin hibrit qarğıdalı sortunun yetişdirilməsinə başlayıb. Məlumata görə, artıq Ağsunun Ləngəbiz kəndindəki 320 hektarlıq qarğıdalı sahəsində biçin başlanılıb. Biçin aparılan sahənin hər hektarından 130-140 sentnerdən qarğıdalı məhsulu götürülür ki, bu da respublikanın orta göstəricisindən 3 dəfə çoxdur.
“Səba” digər quşçuluq təsərrüfatlarından fərqli olaraq, özü üçün ilk dəfə yem istehsalına başlamaqla məhsulun maya dəyərini aşağı salmağı və bazarda öz brendi altında satışa çıxarılan toyuq ətinin qiymətini endirməyi hədəfləyib. Məlumata görə, ABŞ-ın “Monsanto” şirkətinin hibrit qarğıdalı sortu “Səba” istehsalat müəssisəsinin sifarişi əsasında “Qarabağ-taxıl” MMC tərəfindən əkilib. Onu da bildirək ki, “Səba” şirkətinin bu layihəsinin maliyyələşdirilməsi üçün Sahibkarlığa Kömək Milli Fondundan 5 milyon manat güzəştli kredit ayrılıb.
Lakin burada qaranlıq bir məqam var ki, ABŞ-ın “Monsanto” şirkəti dünyada genetik modifikasiya olunmuş (GMO) məhsulların əsas istehsalçısı kimi tanınıb. Bu şirkətin hazırda dünyanın 71 ölkəsində, o cümlədən də region ölkələrindən – Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Ukrayna və Belarusda nümayəndəlikləri fəaliyyət göstərir. Ölkəmizdə “Monsanto” şirkətinin fəaliyyət göstərməməsinə əsas səbəb kimi Azərbaycana GMO-lu məhsulların gətirilməsinin qadağan edilməsi göstərilir. “Qarabağ-taxıl” MMC-nin direktoru Rəcəb Orucov “Zaman” qəzetinə müsahibəsində bunu belə izah edib: “GMO-lu məhsulların təhlükəli olduğunu söyləmək doğru fikir deyil. Qarğıdalı toxumunu “Monsanto” şirkətinin Türkiyədə yerləşən nümayəndəliyindən alırıq və bu toxumlar Türkiyədə yetişdirilir. Aldığımız toxumların genində heç bir dəyişiklik edilməyib. Əgər GMO-lu toxum olsa, onu gömrükdən keçirməyimiz mümkün olmazdı. Çox təəssüf ki, bu gün “Monsanto” şirkətinin məhsulları barədə mənfi rəy formalaşıb. Halbuki dünyanın əsas qarğıdalı istehsalçısı bu şirkət hesab olunur. Avropanın əksər
ölkəsində “Monsanto”nun məhsullarından istifadə edilir”.
Mütəxəssislər həyəcan təbili çalırlar…
Bunları əsas gətirən bir çox mütəxəssislər “Səba”nın sifarişi əsasında Ağsu və Kürdəmir rayonlarında əkilən qarğıdalının məhz GMO-lu ola biləcəyi barədə kəskin fikirlər söylədilər. Bu məqsədlə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov dünən mütəxəssisləri də başına yığıb mətbuata açıqlama verdi. E.Hüseynov dedi ki, onlar istənilən biznes qurumlarına xeyir dua verir, onların gəlirlərinin artıq olmasını istəyirlər: “Lakin bizə lazımdır ki, hər bir müəssisə bizim üçün sağlam, təhlükəsiz qida istehsal eləsin. Təsadüfi deyil ki, Azərbaycan hökumətinin də birmənalı şəkildə biznesi dəstəkləyən, açıq ifadə olunmuş siyasəti var. Lakin təəssüflər olsun ki, biznesi də, ordunu da, dövləti də və s. saxlayan açıq ifadə olunmuş, normal istehlakçı siyasəti yoxdur. Mən bu barədə cənab prezidentimizə açıq məktub yazmışam. Əgər bizim GMO ilə bağlı bugünki şübhələrimiz doğru çıxarsa, biz hökümətimizlə birləşib, normal bir istehlakçı hüquqlarını qoruyan siyasət yaradaq. Bizim şübhələrimiz sübuta yetməzsə, mən şəxsən öz adımdan GMO tərkibli qidalar istehsal edən müəssisələrdən üzr istəməyə hazıram. Hətta təmənnasız olaraq, onların gizli reklam olunmasına da çalışaram. “Qarabağ-taxıl” MMC-nin direktoru Rəcəb Orucov GMO tərkibli ərzaqların Azərbaycanda satışını normal hesab edir. Bu insanın düşüncəsi budur. Lakin, gəlin dövlətin bu haqda qəbul etdiyi qərarlara baxaq. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında qanunun 21-ci maddəsində belə deyilir: Azərbaycan Respublikası ərazisində GMO bitkilərin, genetik materialların gətirilməsi, loyallaşdırılması və dövlət reyesterinə daxil edilməsi qadağandır. Ona görə ki, geninə müdaxilə olunmuş kənd təsərrüfatı bitkiləri xarakterizə olunur. Bu bitkilər istiyə-soyuğa dözümlü olur, uzun müddət xarab olmadan saxlanılır, herbisitlərə və ziyanvericilərə davamlıdır, ən nəhayət, yüksək məhsuldarlıq əldə olunur. Yüksək məhsul götürmək yaxşı şeydir, bu şərtlə ki, qarnımızı doldurmaq üçün ömrümüzü qısaltmayaq”.
Birlik sədri əlavə etdi ki, onlar bir çox ölkələrdə mütəxəssislərlə görüşüblər: “Öz tədqiqatlarımız da göstərib ki, heç də bütün broyler fabriklərində vəziyyət yaxşı deyil. Bu müəssisələr Argentina və Braziliyadan tərkibində soya jımıxı olan yemlər gətirir və toyuqlara yedizdirirlər. Biz bunlar barədə vaxtında səs-küylər qaldırmışıq, lakin ciddi nəticələrə nail olmamışıq.
Pul olan yerdə hər şey taptalanır!
Mətbuat konfransında “Səba” İstehsalat Birliyinin piar şöbəsinin rəhbəri də iştirak edirdi. O, şirkət barədə bütün sənədləri konfrans iştirakçılarına təqdim edərək istehsal etdikləri qarğıdalıların GMO tərkibli olmadığını sübut etməyə çalışdı.
Amma Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov kəskin və dəqiq cavab verdi: “Əgər ölkədə GMO-nu təyin edən laboratoriya yoxdursa, kim sübut edə bilər ki, o məhsulun tərkibində GMO yoxdur. Fransa, Rusiya və digər Qərbi Avropa alimləri “Monsanto” şirkəti ilə işləməyi qadağan ediblər. Onların istehsal etdiyi qarğıdalını yiyən siçovul ölür, insanlar da cürbəcür xəstəliklərə, əsasən də xərçəngə düçar olurlar. Mən şəxsən iki ay yarım Türkiyədə oldum, bir çox xəstəxanaları gəzdim. Sizi inandırım ki, oradakı Azərbaycandan və digər xarici ölkələrdən gələn xəstələrin 99 faizinin hamısı xərçəng xəstəsi idi. Bunun da səbəbi yediyimiz bu GMO məhsullarıdır. Kim təminat verə bilər ki, Türkiyənin biznesmenləri təmiz insanlardır. Bilirsinizmi, pul olan yerdə hər şey taptalanır”.
T.Zeynalovun sözlərinə görə, hər hansı bir dövlət, dövlətin nazirlikləri, digər qurumlar “Monsanto” şirkəti ilə əlaqəyə girəndə, 50 faiz öz imiclərini itirirlər. Çünki orada hər şeyi diqtə edən “Monsanto”dur: “Siz onlardan məhsul almasanız müflis olarsınız və müəssisənizi bağlamağa məcbur olarsınız. Digər tərəfdən, başqa yerdən yem ala bilməyəcəksiniz, çünki onlarla müqaviləniz var. Siz bir broyler müəssisəsi olaraq, hər hansı bir məsələni qaldıranda baxın görün nəyi atırsınız ortalığa. “Monsanto” şirkəti 1901-ci ildə yaranıb. Arxalarında da Amerika dayanıb. Böyük gücü var, ona görə də hansısa təşkilat onlardan imtina edəndə bağlanmaq təhlükəsi ilə üzləşir. Mən sizə xəbərdarlıq yox, artıq dərəcədə rica edirəm ki, gələcəkdə bu məsələni düşünəsiniz. Fərqi yoxdur məhsulu Türkiyədən, ya başqa yerdən alırsınız, onun adında “Monsanto”nun adı varsa qurtardı-getdi. Siz ora cilovlanırsınız, onlardan əl çəkə bilməyəcəksiniz”. Ekoloq, həmçinin həyəcanla vurğuladı ki, onların toxumları bizim torpaqları sıradan çıxarıb məhv edəcək, torpaqdan savayı, bütün bitkiləri məhv edəcək . Çünki o toxumlar tamamilə başqa transgendir: “Əksər kommersantlar pul əldə etmək üçün hər şeydən keçirlər. Ancaq qazandıqları o pullar xəstəxanalara veriləcək, çünki onların öz övladları da bu məhsullardan istifadə edirlər”.
Ucuzluq başımıza oyun açır!
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin direktoru İradə Yaqubova da çıxışında GMO və onun zərərlərindən danışdı: “Mən bir müddət öncə Zakir müəllimlə (“Səba” İstehsalat Broylerin direktoru) ünsiyyətdə dedim ki, “siz toyuqlara yem kimi nə verirsiniz? O, qidaları sadalayaraq gəlib çıxdı soya ununa. Dedim, salamün-əleyküm, gəlib çıxdıq mətləbə, soyanı haradan gətirirsiniz. Dedi ki, Argentinadan. Argentinada isə yalnız GMO tərkibli soya istehsal edilir. Sizə sübut edə bilərəm ki, yediyiniz hər hansı soya tərkibli ərzaqlar, hətta ət məhsulları belə genetik təsirlərə məruz qalır. Adicə bitki yağlarına da soya yağı qatılır ki, bu da onun qiymətinin ucuz olmasına gətirib çıxarır. Həmin ucuzluq da başımıza oyun açır”.
İ.Yaqubova digər maraqlı məqama da toxundu: “Məni bir məsələ maraqlandırır. “Səba” toyuqlarının bazarda satılması ilə əlaqədar bir problemi yoxdur. Necə oldu ki, birdən-birə bu məsələ ortalığa çıxdı. Məsələ burasındadır ki, “Monsanto” şirkətinin toxumları terminator adlanır, yəni onlar birinci dəfə məhsul verir. Əgər o toxumu ikinci dəfə əksəniz, artıq məhsul olmayacaq. Bu məsələlər BMT-də qaldırılmışdı, lakin “Monsanto” şirkəti yenə də terminator siyasətini davam etdirir.
Məni maraqlandıran digər məsələ odur ki, Ağsu və Kürdəmirdə əkilən qarğıdalılar ətraf ərazilərin taleyidir. Çünki tozlanma nəticəsində bilirsiniz ki, toxumlar ətrafa yayılır, normalda tozlanma 50 metr məsafədə gedir. Amma güclü külək və su vasitəsilə 200 metrdən də çox ətrafa yayıla bilir. Bizim bioloji təhlükəsizlik haqqında qanunumuz yoxdur, bu günə qədər, məhsulları yoxlamaq üçün laboratoriyamız yoxdur. Çox istərdik ki, bizə yedizdirilən məhsulun haradan gətirildiyini və tərkibini dəqiq bilək. Fikir verin, ölkədə kitab mağazaları yoxdur, amma istənilən binanın altında 2-3 aptek var. Nəyə görə, ona görə ki, yediklərimiz bizi gətirib apteklərə çıxarır”.
ICMAL.AZ
Elgün Mənsimov