“Devalvasiya olandan bəri “dolana bilmirəm”, “borc xirtdəyə çıxıb”, “qazancım xərclərimi ödəmir” kimi ifadələri çox eşidirəm. Bunun başlıca səbəblərindən biri də israfçılıq və bədxərclikdir. Atalar yaxşı deyib ki, qənaətlə dolanan heç vaxt kasıb olmaz”

Bu fikirlər tanınmış iqtisadçı Qubad İbadoğıuna məxsusdur.

İqtisadçı bildirib ki, qənaət digərlərinin ehtiyaclarının ödənilməsi üçün alternativ mənbədir:

“Dövlət olaraq son 15 ildə yalnız neft-qaz satışından əldə etdiyimiz gəlirlər 160 milyard dollardan çoxdur, onun 130 milyardı Dövlət Neft Fondunda toplanıb, 95 milyarda qədəri artıq xərclənib. Yerdə qalan 30 milyard dollardan çox vəsait isə Dövlət Neft Fondu və Beynəlxal Əməliyyat Şirkəti tərəfindən dövlət büdcəsinə ödənilib. Bu günə qədər əldə edilən 160 milyard dollardan çox neft-qaz gəlirlərindən indiyə saxlanılan 36 milyard dollardır. Yerdə qalan 125 milyard dolların xeyli hissəsi isə son 10 ildə əsasən qeyri-kommersiya xarakterli, mənfəətsiz nəqliyyat və sosial-mədəni idman təyinatlı infrastukturun formalaşmasına xərclənib, onun böyük hissəsi də şişirdilmiş layihələr hesabına israf olunub.

Əgər biz dövlət idarəetmə orqanları və dövlət şirkətlərinin baş ofislərinin və idarələrinin yeni binalarının tikintisinə, təmirinə çəkilən xərcləri hesablasaq, sənədlərdə təsbit olunan vəsait milyardlarla dollarla ifadə oluna bilər.

Bədxərclik nümunələri olan inzibati obyektlərə təkcə regionlarda deyil, paytaxt Bakıda da çox rastlaşmaq mümkündür. Bu obyektlər hər biri həm də potensial olaraq illərdir ki, istismar və təmir xərcləri ilə də büdcəni “yeyir”. Belə mənasız xərcləmələrdən sonra ildən ilə artan məsrəfləri büdcə hesabına qarşılamaq üçün əvvəlki illərdən daha çox qazanmaq və rasional olmaq lazımdır”.

Mütəxəssisin fikrincə, fərdlərin bir qisminin iqtisadi davranışı daha çox təəccüb doğurur:

“Məsələn, maşın bazarında bütün dünyaya eyni vaxtda təqdim olan yeni model avtomobillərin ən tez istifadə olunduğu ölkələrdən biri də Azərbaycandır. Yaxud, brend markalı mağazaların üstünlük təşkil etdiyi paytaxt şəhərlərdən biri də Bakıdır. Bu yaxınlarda mətbuata ötürülən informasiyalarda, Bakı metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun mülklərinin siyahısında onun subsidiya ilə yaşayan (paralel olaraq belə şirkətləri sosial yardım alan aztəminatlı ailəyə bənzətmək olar) yeraltı şirkətdən oğurladığı vəsaitləri hesabına 8-dən çox elit mənzilinin, 6-7 bağ evinin adı sadalanırdı.

Belə olan halda da məlum olur ki, dövlət büdcəsindən və şirkətlərindən oğurlanan vəsaitlərin çox hissəsi Azərbaycanda və ya xaricdə əmlak bazarına yatırılıb, bu isə iqtisadiyyatda yeni və əlavə dəyər yaratmayan sahədir. Odur ki, Azərbaycanda bədxərclik yalnız dövlət deyil, həm də fərd səviyyəsindədir”. (modern)

Paylaş