Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin üç ildir rəisi vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov haqda qalmaqallı xəbərlərin ardı-arası kəsilmir
3 ildir bir vəzifəni müvəqqəti icra etməyin özünün qəribə hal olması azmış kimi, bu müvəqqəti postda A.Süleymanov elə istifadə edir ki, ömürlük ona bəs eləsin.
Müvəqqəti rəisin 3 ilə yığdıqları
Müvəqqəti baş baytarın qeyri-rəsmi gəlirləri, bu sektoru biznes-kulta çevirməsi, oliqarx baytar statusuna sahiblənməsi, bir nazirin, bir komitə sədrinin korrupsiya gəlirlərindən varlandığı qədər dövlətlənib milyonçu kimi yaşaması medianın diqqətindən kənarda qalmır.
Çünki onun elə bir gün yoxdur ki, əməlləri barədə təəccüb doğuran xəbərlər mətbuata sızmasın. Hətta KTN rəhbəri Heydər Əsədov bu qədər gündəmdə olmur, amma nazirliyin nəzdindəki idarənin müvəqqəti rəisi məşhur simaya çevrilib.
Sosial şəbəkələrdə yayılan məqalələrdə də “vəzifə taxtına” çıxarıldıqdan sonra xəstəliklərlə mübarizəni təşkil etmək əvəzinə aylıq vəzifə maaşı ilə əldə etməsindən, mümkün olmayan çoxsaylı mülklərə sahiblənməsindən, əməliyyat yolu ilə iki böyrəyinin çıxarılaraq əvəzində bir donor böyrək köçürülməsinə görə əllilik statusu almasına qədər informasiyalar var. Buna baxmayaraq yüksək dövlət qulluğu kreslosunda oturmağa davam edir.
Prezidentin mesajı, baş baytarın mediaya hörmətsizliyi
A.Süleymanov haqda sızan sensasion və neqativ xəbərləri yaymamaq mümkün deyil. Çünki mətbuatın işi məmurların əməllərini araşdırmaqdır. Elə iyulun 22-də prezident məmurlara mesaj verdi:
“Dövlət məmurları və yaxud digər şəxslər bilirlər ki, Azərbaycanda söz azadlığı, mətbuat azadlığı imkan verməyəcək ki, onlar hansısa işlər görsünlər, qüsurlar buraxsınlar.
Ona görə, jurnalistlər bəlkə özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, gələcəkdə də siz bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında harada ki hansısa ədalətsizlik, qanunsuzluq var – dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz”.
Əksinə, Baytarlıq Xidmətinin və A.Süleymanovun günahıdır ki, barəsində ittihamların heç birinə münasibət bildirmir, jurnalistərə qarşı hörmətsizlik nümayiş etdirir, medianı saymır, qurumun mətbuat xidməti açıqlama yaymır.
Ona görə də jurnalistlərin prezident köməkçisi olaraq mediada bu cür məmurların əməllərini yazmaqda davam edəcəklər.
Cəbhəçi Azər bəyin bioqrafiyası
1992-ci ildə “fəallığı” və sadiqliyi ilə digər həmkarlarından fərqlənən, cəbhəçilərin təbiri ilə desək “Azər bəy” Xalq Cəhbəsi tərəfindən Xanlar rayonuna (indiki Göygöl rayonu) Başçı gətirilən Pənah bəy Məmmədovun təqdimatı ilə Xanlar Rayon Heyvan Xəstəlikləri ilə Mübarizə Stansiyasına (İndiki Rayon Baytarlıq İdarəsi) rəis-baş baytar həkimi təyin edilmişdi.
Düşünürük ki, o vaxtlar “bəylər”ə sadiq olmayan, cibində biletini gəzdirməyənlər vəzifəyə gedə bilməzdilər? Azər bəy Xanlar rayonda rəhbər vəzifədə işləməsinə baxmayaraq 1993-cü ildən 2007-ci ilə-dək 14 il müddətində YAP üzv qəbul edilməsi üçün ərizə yazmayıb. Ona görədə cəbhəçilər o vaxtlar ölkəni “idarə” etdikləri kimi, Azər bəy də Dövlət Xidmətini o prinsiplərlə idarə edir.
Yayılan məlumatlara görə, A.Süleymanovun həm də “gözbaqlayıcı”lıq qabiliyyəti də var imiş. Belə ki, Rayon Baytarlıq İdarəsində vəzifə maaşı 250 manatdan çox olmamasına baxmayaraq, 2002-ci ildən müalicə və müayinə üçün ildə iki dəfə Türkiyə və İranda olur. Belə dövlət məvacibi ilə ildə iki dəfə xaricə getmək və çoxsaylı mülklərə yalnız “gözbağlayıcı” olmaqla sahib olmaq mümkündür.
Süleymanovun gözbağlayıcı varidatı
Media üzərindən verilən məlumata görə, A.Süleymanov rayonlara xidməti ezamiyyəyə gedərkən xəstəliyi ilə bağlı yollarda tez-tez məcburi dayanmalar edir.
Yəqin ki, ağır böyrək əməliyyatı keçirmiş şəxsin tutduğu vəzifənin statusuna uyğun tez-tez regionlara, habelə xarici ezamiyyə səfərlərinə getməsinin risk altında olmasını nəzərə almayaraq ezamiyyə əmrlərinə imza edən nazirliyin rəhbərliyi də daima həkim nəzarətində olan işçisi üçün məsuliyyət daşımaya bilməz.
Bununla belə, səhhətindəki problemlər A.Süleymanovun Göygöldə villası olmasına maneçilik törətmir. Onun Mehdiabad kəndində böyük villanın tikintisinə, Bakı şəhəri, Binəqədi rayonu S.S.Axundov küçəsi, 7C ünvanında “İsmayıloğlu” MTK-nın inşa etdiyi hündür mərtəbəli binanın (Novostroyka) iki mənzili almasına, habelə Göygöldə ona məxsus “Karusel” İstirahət Mərkəzinin ərazisində hotel tikintisinə layihə sifarişinə və özünün müalicəsinə başı qarışdığı barədə sosial mediada verilən məlumatlar öz təsdiqini tapır.
Mal-qara xəstəlikdən yox, maxinasiyalardan ölür
Mal-qaranı xəstəliklərdən qorumaq kimi dövlət işləri ilə məşğul olmağa imkanı və vaxtı qalmadığından hazırda Qusar rayonunda baş vermiş dabaq xəstəliyindən iribuynuzlu heyvanlar qırılır.
Bu yoluxucu xəstəlik heyvan sahiblərini çətin iqtisadi duruma salıb. Ona görə ki, büdcə vəsaiti hesabına tender maxinasiyası yolu ilə dabağa qarşı respublikaya gətirilən peyvənd vasitəsi malqaranı xəstəlikdən qorumur.
Həmçinin verilən məlumata görə xəstəliklərlə mübarizə və diaqnostika işlərinə nəzarət edilmədiyi üçün yenə də Azərbaycanın iri sənaye şəhərlərinin birində heyvan mənşəli məhsuldan bir neçə ailənin bütün üzvülərinin kütləvi brusellyoz xəstəliyinə yoluxması faktları mövcuddur.
Bunlar da Dövlət Baytarlıq Nəzarəti Xidmətində xəstəliklərlə mübarizə işlərinin yarıtmaz təşkil olmasına bir daha sübutdur.
Daha bir məlumatı istinadən çatdıraq ki, bu günlərdə beynəlxalq layihə çərçivəsində Səhiyyə Nazirliyi, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin iştirakı ilə keçirilən geniş toplantıda Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyanın əməkdaşı 2017-ci ildə 15 nəfərdə heyvanlardan yoluxan qarayara (sibirxorası) xəstəliyinin qeydə almaları barədə məlumat vermişdi.
Həmçinin əməkdaş bu xəstəliyin Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən gizlədilərək aşkara çıxarılmaması, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının hesabatlarına daxil edilməməsi, aidiyyatı üzrə heç bir tədbir görməməsi ilə bağlı Dövlət Baytarlıq Nəzarəti Xidmətini tənqid atəşinə tutmuşdu.
Xidmət rəisi beynəlxalq layihələrə düşmən kəsilib
Onu da demək yerinə düşər ki, ölkə başçısı cənab İlham Əliyev əhalini içməli su, qaz və s. kommunikasiya xətlərinin çəkilməsi, məktəb və xəstəxanaların, idman komplekslərinin tikintisi üçün dövlət büdcəsindən sosial yönümlü layihələrə milyonlarla vəsait ayrır, xarici sərmayənin ölkəmizə gətirilməsi üçün şərait yaradır.
A.Süleymanov isə baytarlıq sahəsində beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsinə qısqanclıqla baxır.
Məsələn, Beynəlxalq donor tərəfindən maliyyələşdirilən “Gürcüstan-Azərbaycanda Qarayara Ocaqlarının Ekologiyasının Regional Öyrənilməsi TAB-11” layihəsini orada iştirak edən əməkdaşla şəxsi prinsipə görə dayandırdı.
Hansı ki, bu layihələrin həyata keçməsi heyvan xəstəliklərlə mübarizəyə dəstək verməklə, gənc baytarlıq mütəxəssislərinin bu sahədə hazırlığı və inkişafı istiqamətində mühüm əhəmiyyət kəsb edir.
Həmçinin, layihədə əməyi keçən azərbaycanlı baytarlıq mütəxəssislərinin maddi durumuna köməklik göstərir. Bu isə Azər müəllimin “iş prisipi” ilə tərs mütənasibdir.
Quduzluqla mübarizədə “islahat”
Bundan başqa, ölkədə 2017-ci ilin 6 ayında respublika üzrə 20-dən cox quduzluq hadisəsi qeydə alınıb.
Azərbaycanın paytaxtı Bakı şəhərində hər il insanlarda ölümlə nəticələnən it dişləməsindən quduzluq xəstəliyi baş verməsinə baxmayaraq, Azər Süleymanov guya struktur dəyişikliyi adı ilə Bakı Şəhər Baytarlıq İdarəsinin tabeliyində olan quduzluqla mübarizə şöbəsini ləğv etdi.
Ləğv edilmiş şöbənin ştatlarını ehtiyac olmadan Respublika Baytarlıq Laboratoriyasına köçürərək, onun təkidilə qohum və tələbə yoldaşlarını işə götürdülər.
Şok: baş baytarlıqdan nazir postuna?
Baş nazirin müavini, Qida Təhlükəsizliyi Komissiyasının sədri Əli Əhmədovun nəzərin mühüm məqamlar çatdırılıb.
Sitat: “Azər müəllim cəzasızlıq mühitində vəzifə sayəsində əldə etdiyi gəlhagəlini gördükcə rus şairi A.S.Puşkinin “Balıqçı və balıq haqqında” nağılında olduğu kimi “nazir” olmaq eşqinə düşüb.
O yaxın ətrafı arasında 10 fevral 2017-ci ildə Prezidentin Fərmanı ilə yeni yaradılmış AR Qida Təhlükəsizliyi Agentliyinə təyinat alacağı barədə şaiyə yayıb.
Əfsuslar olsun ki, bu möhtəbər imza ilə yaranan Agentliyə KİV-də korrupsiya ittahamları ilə gündəmdən düşməyən Azər Süleymanov “başçılıq” etmək iddiasındadır.
A.Süleymanovun öz maxinasiyalarını maneəsiz həyata keçirmək naminə peşəkar baytarlıq mütəxəssislərinə “torbatikərək” kənd təsərrüfatı naziri Heydər Əsədovun əli ilə işdən uzaqlaşdırması və onunların yerinə qohum, tələbə yoldaşlarının təyin etməsi barədə məlumatlar səngimir”.
Ə.Əhmədova yazılan müraciətdə əlavə olunur: “Bu gün də bildiririk ki, Azər müəllim təhsilini 2015-ci ildə başa vurmuş, bu sahədə heç bir təcrübəsi olmayan, bir gündə təsərrüfatda işləməmiş yaxın qohumu Ceyhun Əliyevi ölkənin baş epizotoloqu təyin edib.
Lakin ədalət naminə desək Azər müəllim bu təyinata məcburdur. Çünki Azər müəllim yuxarıda qeyd etdiyimiz kimi, Xidmətdə təcrübəli “başıpapaqlı” baytar qoymayıb. Hamısını bir hiylə ilə ləkələyərək “yola salıb”.
Və ya bir çoxları Azərin əyalət idarəçiliyi ilə razılaşmayaraq ərizə yazaraq işdən getmişlər. Dövlət Baytarlıq Nəzarəti Xidmətində bu gün maliyyəçilər baytar mütəxəssislərindən çoxluq təşkil edirlər.
Elman Aslanov və 13 kondisioner “əməliyyatı”
Bundan başqa, 2009-cu ildə Respublika Baytarlıq Laboratoriyasında direkor işləyən Elman Aslanov ailə-məişət problemi olduğu üçün eks-nazir cənab İsmət Abasovun dövründə kollegiyanın qərarı ilə tutduğu vəzifədən azad edilmişdi.
Lakin Elman Aslanovun Azər müəllimin təbirilə desək “ele-belə oğlan” olmadığına və “daşdan” pul çıxarmaq qabiliyyətinə malik olduğu üçün Heydər Əsədov Elmanın “başını bəzəyərək”, İsmət Abasovun kollegiydakı qərarına məhəl qoymadan onu Sumqayıt Səhər Baytarlıq İdarəsinə rəis təyin etdi.
E.Aslanov vəzifəni əlinə keçirən kimi “qaz vurub, qazan doldurmaq” sevdasına düşüb. Özü də referendum günü. Bu barədə pia.az saytında “Baytarlıq idarəsi Sumqayıtda reketlik edir” – başlığı altında məqalə də dərc etmişdi.
Hətta baytarlıq sahəsi üzrə müvafiq təhsili olmayan, hazırda tibb sahəsi üzrə Səhiyyə Nazirliyinin Mikrobiologiya İnstututunun aspiranturasında əyani təhsil alan (əyani təhsil alan şəxsin həmi də işləməsi kobud qanun pozuntusudur) Tağıyeva Səfadən Respublika Baytarlıq Laboratoriyasına işə götürülüb. Sırf bu sahənin baytarlıq mütəxəssisi isə işini itirmək təhlükəsindədir.
Azər müəllimin apardığı yarıtmaz kadr siyasətinin nəticəsidir ki, peşəkarlar əsaszız olaraq işdən uzaqlaşdırılır, naşı, işbilməyən kadrların “fəaliyyəti” nəticəsində isə ölkədə dabaq, qarayara, brusellyoz, xlamidioz və s. yoluxucu xəstəliklər baş alıb gedir.
Ən nəhayət, Ulus.Az olaraq bir məlumatı qeyd edək ki, bu günlərdə Baytarlıq Xidməti İdarəsində 13 kondisionerin itməsi haqda xəbər yayılmışdı.
Gələn son xəbərlərdə iddia olunur ki, həmin kondisionerlər A.Süleymanov tərəfindən “yoxa çıxarılaraq” Göygöldə özünə məxsus “Karusel” istirahət mərkəzində peyda olub. Bu barədə ətraflı və təfsilatlı növbəti yazıda oxuyacaqsınız.