“Azərişıq” ASC-nin Xızı Enerji Təchizatı satışı idarəsinin rəisi Elxan Alıyev rayonda abonentlərin gününü əməlli-başlı “qara edib”

Ulus.Az xəbər verir ki, işıq idarəsi müdiri əhaliyə “gün verib, işıq vermir”.

Rayonda qanunları saymayan, yazılmamış qanunlarla hərəkət edən idarə rəisi cəmi 27 manata borca görə bu günlərdə bir vətəndaşın sayğacını söküb aparıb.

Bu barədə Xızının Fındığan kənd sakini Rauf Qədirov saytımıza ünvanladığı şikayətində bildirib ki, işıq pulu borcu varsa, sayğac müsadirə oluna bilməz. Onun sözlərinə görə, məhkəmə qərarı olmadan sayğacın götürülməsi qanunsuzluqdur.

R.Qədirov bildirib ki, Xızıının əksər yerlərində bu problem var və vətəndaşlar borcunu ödəyirlər: “Mənim sayğacımı cəmi 27 manata görə çıxarıb. Hər kəsin borcu var və imkan daxilində ödəyir. Məhkəmə qərarı olmalıdır ki, sayğac götürülsün.

Başa düşə bilmirəm, borca görə sayğac aparırlar? Yas məclisində işıqları kəsirlər. Rayon işıq idarəsinin rəisi deyir ki, heç kimi tanımıram, onun öz qərarları var”.

Ulus.Az xəbər verir ki, şikayətçi məsələ ilə bağlı ”Azərişıq” ASC rəhbəri Baba Rzayevə və Baş Prokuror Zakir Qaralova müraciət edib. E.Alıyev isə R.Qədirovun sayğacını borca görə deyil, əlavə xətt çəkdiyinə görə apardığını söyləyib.

Abonent isə bunun yalan olduğunu, heç bir əlavə xətt çəkilmədiyini bildirib, hətta belə hal varsa da, vətəndaşı cərimə gözlədiyini xatırladıb. Heç bir halda sayğac sökülüb aparıla bilməzdi.

Ümumiyyətlə, Xızıda olan özbaşınalıq heç bir regionda müşahidə olunmur. İcra başçısı Xəzər Aslanov rayonu viran qoyub.
Nə aptek, nə yanacaqdoldurma, nə də normal infrastruktur, market var. Yay-qış Xızıda su, qaz, işıq problemləri yaşanır. Əhali kütləvi şəkildə rayonu tərk etmək məcburiyyətində qalıb.

Bir tərəfdən işsizlik, bir yandan məmur özbaşınalığı camaatı təngə gətirib. Üstəgəl, işıq idarəsi rəisi E.Alıyevin əməlləri, insanların gününü zülmət eləməsi ciddi narazılıq doğurub.

ASC sədri B.Rzayev Xızıya təyin etdiyi kadrı barəsində tədbir görməsə, xoşagəlməz hallar yaşana bilər. İdarə rəisi camaatı narazı salmaqla ölkə rəhbərliyinə qarşı qoyur və dövlətdən narazı salır.

Paylaş