Ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək, külli miqdarda vəsaitini ələ keçirdiyinə görə barəsində cinayət işi başlanan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xaricdə gizlənən sabiq mətbuat katibi Elnur Nağızadə qurumun sədri Məleykə Abbaszadəyə hədə ismarıcı göndərib. Bu barədə Gununsesi.info-ya TQDK-dakı mənbələrdən məlumat daxil olub. Qaynağımızın məlumatına görə, Elnur Nağızadə ali məktəblərə qəbul adı ilə aldığı pulları təkbaşına mənimsəməyib.
Qeyd edək ki, ölkə gündəmində böyük rezonansa səbəb olan bu olaydan sonra TQDK rəhbərliyi Nağızadəyə bir müddət səbr etməyi tövsiyyə etsə də ancaq nəticə vəd edildiyi kimi olmayıb. Artıq xaricdə gizlənməyin çətinliklərini yaşayan sabiq mətbuat katibinin Məleykə Abbaszadəni ultimatumla hədələdiyi deyilir.
O, barəsində cinayət işinin ləğv olunması və təhlükəsiz şəkildə ölkəyə dönüşünün təmin olunmasını tələb edir. Əks təqdirdə tələbə qəbulunda baş verən rüşvət faktlarının üstünü açacağını bəyan edib.

Məlumatda qeyd olunur ki, Elnur Nağızadənin açıqlayacağı faktlar arasında yüksək vəzifəli məmurların övladlarının hansı qiymətlərə və neçə balla ali məktəblərə qəbulu ilə bağlı məqamlar da var.
Qaynağımız Elnur Nağızadənin ona hər zaman etimad göstərən rəhbərinə qarşı çıxmasının bir səbəbini də artıq TQDK sədrinin hakimiyyətdəki mövqelərinin zəifləməsi ilə əlaqələndirib. Belə ki, Prezident Admnistrasiyası humanitar məsələlər şöbəsinin ləğvindən və Fatma Abdullazadənin “vurulmasından” sonra TQDK sədri himayəsiz qalıb.
Məleykə Abbaszadənin onu ölkəyə problemsiz gətirəcəyinə dair ümidləri ölən Elnur Nağızadə isə artıq reallığı dərk etdiyindən çıxış yolunu sabiq şefini ifşa etməkdə görür.
Odur ki, TQDK-da baş verənlərlə bağlı sensasion açıqlamarı gözləyin…

Paylaş