“Azərbaycan Dəmir Yolları” QSC dövləti 2 milyard borca salıb
Tək yol Beynəlxalq Bank kimi özünü müflis elan etməkdir.
2008-ci ilin martında ölkə dəmir yol şəbəkəsinin modernləşdirilməsi və inkişafı çərçivəsində Dünya Bankından 450 milyon dollar həcmində kredit alınıb.
Bu kredit birbaşa ADY ilə yox, faktiki olaraq məhz Azərbaycan hökuməti ilə bağlanıb. Çünki ADY hesabatından göründüyü kimi, bu kredit çərçivəsində əldə edilən vəsaitlər Azərbaycan hökuməti tərəfindən yatırılan “sərmayə” kimi göstərilir.
Eyni zamanda Azərbaycan tərəfi də layihənin 345 milyon ABŞ dollarlıq hissəsini təmin etməli idi. Çünki layihənin ümumi dəyəri 795 milyon ABŞ dolları təşkil edirdi.
Lakin bir müddət keçdikdən sonra məlum oldu ki, Azərbaycan tərəfi bu vəsaitləri yatıra bilmir.
Eyni zamanda hər iki kreditin bitmə müddəti kimi 2017-ci ilin 31 dekabrı müəyyən olunmuşdu. Amma bu kreditlə problemlər artıq 2017-ci ilin martında başlanıb.
30 iyun 2017-ci il tarixinə olan məlumata görə, kredit çərçivəsində 4.7 milyon ABŞ dolları həcmində axırıncı ödəniş martda edilib və o vaxtdan etibarən ADY ödənişləri dayandırıb.
ADY-nın 400 milyon ABŞ dollarına yaxın borcu var.
ADY beynəlxalq maliyyə bazarında aktiv iştiraka davam edir. 2017-ci ilin büdcəsinə edilən dəyişikliklərdən məlum oldu ki, Fransa İnkişaf Agentliyi “Azərbaycan Dəmir Yolları” QSC üçün iki ədəd lokomotiv deposunun tikintisi üzrə 112.5 milyon avro (217.1 milyon manat) məbləğində kredit ayırır.
Bu kimi səbəblərə görə Azərbaycanın 2017-ci il üzrə xarici dövlət borclanmasının yuxarı həddi təsdiq olunmuş 500 milyon manatdan 4.5 milyard manatadək artırdı.
Beləliklə də BYİB-in və Fransa İnkişaf Agentliyin kreditləri də nəzərə alınmaqla ADY-nin ümumi borc öhdəlikləri təxminən 2.1 milyard manat təşkil edir.
Səhmdar Cəmiyyətin ümumi aktivlərin həcmi isə 2.9 milyard manat təşkil edir və göründüyü kimi, şirkətin yalnız kredit öhdəlikləri aktivlərin təxminən 69% təşkil edir.
Bu borcları Azərbaycan hökuməti dövlət büdcəsindən ödəməli olacaq. Nəticədə 2 milyard zərər vuran ADY özünü müflis elan etməklə çıxış yolu tapa bilər. ulus.az