Nə yazmağı, nə də oxumağı bacarıram” etirafını edən “Şərurlu İsfəndiyar” ləqəbi ilə tanınmış tikinti maqnatı İsfəndiyar Axundovu Azərbaycanda tanımayan yoxdur.
Lakin o, nə Hacı Zeynalabdin Tağıyev kimi messenatlığı ilə tanınıb, nə də bu ölkədə hər-hansı bir işi ilə. Onun indiyə qədər gördüyü ən yaxşı iş pul qazanmaq və xərcləmək olub.
Amma bu pulları necə qazanıb” sualı bu tikinti maqnatının biznes fəaliyyətindəki qaranlıq məqamları gün üzünə çıxarır. Əslində çox də uzağa getmədən və əziyyət çəkmədən mediada yayılan faktlar hər şey deməkdir.
Bu, Şərurlu İsfəndiyara görə dəfələrlə dövlət başçısına şikayətlər edilib, dəfələrlə aldadılan insanlar aksiya keçirib. Misal üçün, İsfəndiyar Axundov 2015-ci ildə mənzil satmaq adı ilə insanların pulunu mənimsəyib. Buna etiraz edən aldadılmış şəxslər etiraz aksiyası keçirtdilər.
Eyni fırıldaq ssenariləri dəfələrlə baş verib. Daha bir misal: 2007-2008-ci illərdən etibarən “VEDİ-E” MMC-nin Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi binada mənzil almaq üçün adıçəkilən şirkətlə müqavilə bağlayıblar. Bu şirkətin təsisçisi Elmir Məhərrəmov, direktoru isə Qoşun Rəhimovdur. Müqavilə əsasında şirkət vətəndaşlardan 1 milyon manatdan çox vəsait alıb. Lakin vətəndaşlara “VEDİ-E” MMC-nin inşa etdiyi binada mənzil almaq qismət olmayıb. Çünki şirkət tikinti işlərini bir müddət sonra naməlum səbəblərdən dayandırıb. Orada işləyən fəhlələr buraxılıb. Vətəndaşlar “VEDİ-E” MMC-nin direktoru Qoşun Rəhimovun qəbulunda olublar. Lakin o, məsuliyyəti “SAFARİ-N” MMC-nin üzərinə atıb. Bəlli olub ki, bu işdə “VEDİ-E” MMC podraçtı, “SAFARİ-N” MMC isə sifarişçidir. Bu şirkətin direktoru isə İmran Axundovdur. O, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovun qardaşıdır. Aldadılan vətəndaşları da bildirirdilər ki, bütün işlərin arxasında “Şərurlu İsfəndiyar” dayanır.
Aldadılan şəxslərdən konkret olaraq Ə.Əhmədov küçəsi ev 35, mənzil 7 ünvanında qeydiyyatda olan Niyaməddin Şəfayətlinin adını çəkmək olar. Həmçinin, yüzlərlə belə vətəndaşın şikayəti iniyə qədər mediada zaman-zaman yayılıb.
Yəni “Şərurlu İsfəndiyar”ın kim olduğunu, nə işlə məşğul olduğunu və necə pul qazandığını sübut etməyə ehtiyac yoxdur.
O, nə Hacı Zeynalabdin Tağıyev kimi messenatdır, nə də… O, sözün əsil mənasında insanların ahı üzərindən milyonlar qazanan “Şərurlu İsfəndiyar”dır.
Məsələ ondadır ki, bu şəxs indiyə qədər haqqında olan şikayətlərə rəğmən, hələ də azadlıqda gəzir və yenə eyni əməllərini davam etdirir.
Və ən dəhşətlisi odur ki, onun oğlanları harınlığı və cəzasız qalan cinayətləri ilə cəmiyyəti boğaza yığıb.
İsfəndiyar Axundovun oğlu Allahverdi Axundov bir müddət öncə 650 minlik “Lamborghini” Dövlət İqtisad Universitetinin önündə nümayiş etdirməsi, həmçinin, Bakı küçələrində “at kimi çapması” ilə gündəmə gəlmişdi. 650 min. Bu, halal yolla işləyən bir iş adamının ömründə görməyəcəyi puldur. Hərçənd, insanları aldadaraq, özünə sərvət toplayan “Şərurlu İsfəndiyar” üçün bu, kiçik məbləğ hesab oluna bilər.
Onun digər oğlu Şahin Axundov isə 2005-ci ildə Türkiyə səfirliyinin önündə Anar İsmayılovun avtomobilini gülləborana tutmuşdu. Həmin vaxt Prezident İlham Əliyevin məsələyə qarışması ilə Şahin Axundov həbs olundu, 5 il cəza çəkdikdən sonra azadlığa çıxdı. Lakin Şahin Axundovun cəzasını elə azadlıqda çəkdiyinə dair informasiyalar da var idi. Yəni kimlərsə “Şərurlu İsfəndiyar”ın xahişlərini yerə salmamışdı. Və burada sual yaranır: “Şərurlu İsfəndiyar”ın cinayətkar oğlunu kim qoruyur?
Həmin şəxslərin kimliyi haqda müəyyən informasiyalara malikik, lakin hələlik adları açıqlamırıq.
Lakin məlumdur ki, “Şərurlu İsfəndiyar”ın tikinti maqnatı olmağına yardım edən şəxslər onun oğlanlarının cinayətlərini də ört-basdır etməyə kömək edir.
Bu gün “Şərurlu İsfəndiyar”la bağlı vətəndaşların şikayətləri ardı kəsilmədən redaksiyamıza gəlir. Şikayətlərdən də belə görünür ki, tikinti maqnatı insanların başına müsibət açmağa davam edir…
Mənbə: miq.az