NQÇİ – də baş verənlər etirazlara şərait yaradır
Ölkədə bəzi məmurların qanunsuz fəaliyyəti, önə verilən tapşırıqlara məhəl qoymamaları, öz şəxsi maraqlarını dövlətin maraqlarından üstün saymaları və vəzifə səlahiyyətlərini aşmaları cəmiyyətdə narazılıqla qarşılanır. Bu mövzulara diqqət ayıran Realliq.info saytına daxil olan məktub və müraciətlər də göstərir ki, məmurlar vətəndaşların haqlı narazılıqlarına biganə qalır və haqsız qərarları ilə etirazları boğmağa çalışırlar.
Dünən, Realliq.info –ya daxil olan daha bir məlumatda oxşar hadisələrdən bəhs olunur. Məktubda, “Neft Daşları” Neft və Qazçıxarma İdarəsində (NQÇİ) tüğyan edən özbaşınalıqdan və idarənin rəisi Qoçəli Mahmudovun “qoçu”luğundan bəhs olunur.
Xatırladım ki, Qoçəli Mahmudov uzun illərdir ki, idarəyə rəhbərlik edir. Onun rəhbərliyi dövründə neftçilərin hüquqlarının pozulması hallarına tez-tez rast gəlinir. Mediada Q.Mahmudovun yaratdığı qalmaqallardan geniş bəhs olunsada ona toxunan və ya onu vəzifəsindən kənarlaşdırmaqda israrlı görünən olmayıb.
“Azneft” İstehsalat Birliyi “Neft daşları” Neft və Qazçıxarma İdarəsinin rəisi qohumbazlıq xarakteri ilə də diqqət çəkir. İdarənin ştatlarını qohumların adı ilə dolduran Qoçəli Mahmudov dövlətin belə vermədiyi səlahiyyəti onlara verib. Bacıoğlu, bacının yeznəsi, baldız oğlu, xala oğlu və digər bu kimi qohumların qazanc yerinə çevrilən NQÇİ – də baş verənlər Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinə dəfələrlə rəsmi yazılıb. Lakin, heç bir tədbir görülməməklə Qoçəli Mahmudovun qanunsuz əməllərinə bəraət qazandırılır. Azərbaycan Dövlət Neft Şirkətinin rəhbərliyi də həqiqətləri görməməzlikdəın gəlir və dövlətin qanunlarını saymamaqda davam edir.
Realliq.info qeyd edir ki, Qoçəli Mahmudovun toxunulmazlığının səbəbi onun “Azneft” İB-nin rəisi Daşqın İskəndərovun yeznəsi olmasıdır. Yeznə – qayın məhəbbəti onları dövlətin qanunlarına qarşı çıxmağa və idarəni özününküləşdirməyə şərait yaradıb. Bu səbəbdən, Daşqın İskəndərovun qudası, bacısı oğlu, baldızı oğlu, xalası oğlu Neft və Qazçıxarma İdarəsində mühüm vəzifələr tuturlar.
Realliq.info –ya daxil olan şikayətlərdə də qeyd olunur ki, “Neft Daşları”nda baş verən qanunsuzluqlara baxan yoxdur. Qoçəli Mahmudovun yarıtmaz fəaliyyəti nəticəsində insanların qidaları belə normal verilmir. Bundan başqa, savadsız qohumlar vəzifələrə çəkilir və ali təhsilli mütəxəssislər isə vəzifədən kənarlaşdırılır. Idarənin tərkibində olan şöbələr Qoçəli Mahmudovun qohumları tərəfindən idarə olunur.
Bu sahədə mütəxəssislərə ehtiyac duyulan bir zamanda qeyri peşəkarların rəhbər vəzifələrə çəkilməsi fəaliyyətin də düzgün qurulmasına əngəllər yaratmaqdadır. Məktubda qeyd olunur ki, Qoçəli Mahmudovun qohumlarından şikayət edənlər ağır cəzalandırılır. Şikayətçilərin haqlı olmaları nəzərə alınmadan onlar işdən çıxarılır. Şikayətləri isə Xəzərin sularında “batır”.
“Neft Daşları” Neft və Qazçıxarma İdarəsində rəisin tapşırığı ilə qohumlara əlavə iş saatı yazılır ki, burda da alınan vəsait rəhbərin cibinə gedir. Bundan başqa rəisin tapşırığı ilə qohumların bir çoxu adı olub özü olmayan ştatlara yerləşdirilib. Amma onları idarədə, yəni iş başında görən yoxdur.
NQÇİ rəisi Pirallahı Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılan Şuranın da üzvüdür. Baxmayaraq ki, Qoçəli Mahmudovdan yetəri qədər şikayət var, amma icra başçısı da onu mükafatlandırmaqla diqqət çəkir. Məmurların bir-birinə olan bağlılığı və qohumluq əlaqələri DÖVLƏTİN maraqlarına ciddi zərbələr vurur.
Realliq.info –ya daxil olan və Neft Daşları NQÇİ-də baş verən özbaşınalıqlardan bəhs edən məkrublar araşdırılır. Bizə üz tutan vətəndaşların qeyd etdikləri faktlar barədə ətraflı məlumat verəcəyik. Ümid edirik ki, aidiyyatı qurumlar onlara ünvanlanan və Qoçəli Mahmudovun qanunsuz əməllərindən bəhs edən faktlara biganə qalmayacaq.
Mövzuya qayıdacağıq
Realliq.info (Realliq.az)