Mətbuatdan bəllidir ki, Xəzərdə batan azərbaycanlı model Günel Mirzəyevanın ölümü ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Xatırladaq ki, Günel Mirzəyeva 5 nəfər dostu ilə birlikdə dənizdə yaxta gəzintisində olarkən yaxta aşıb və dostları xilas ola bilsə də Günel dənizdə boğularaq ölüb.
NUH.az xeyli müddət Günelin kimlərlə bir yerdə olmasını və yaxtanın kimə məxsus olmasını araşdırmağa çalışsa da müvafiq orqanlar suallara cavab verməkdən yayınıblar.
Dəfələrlə Baş prokurorluğun, Bakı şəhər prokurorluğunun mətbuat xidməti ilə əlaqə saxlasaq da suallarımıza cavab verməyiblər.
Hətta yaxtanın kimə məxsus olduğunu dəqiqləşdirmək üçün FHN-nin “Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti”nə də müraciət etdik. Çünki yaxtalar bu Xidmətdə mütləq qeydiyyatdan keçməlidir. Ancaq FHN suallarımıza cavab vermədi. Müvafiq orqanlar “ istintaq sirri…biznes sirri “ adı altında suallardan yayındılar.
Maraqlıdır ki, müraciət etdiyimiz müvafiq qurumlarım hamısı “Başınız ağrıyar…bu məsələdən uzaq olun” deməklə sanki dövlət sirrinin üstünü açırmış kimi davrandılar.
Sonda öz araşdırmalarımız nəticəsində bəlli olub ki, dənizdə batan Günel Mirzəyeva ilə birlikdə olanlardan biri Milli Məclisin əməkdaşı Nailə Sultanova , digəri isə Milli Məclisin üzvü Elmira Axundovanın oğlu Həbib Axundovdur. Bizim məlumatımıza görə yaxta deputatın oğluna məxsudur.
Xatırlatma üçün onu da qeyd edək ki, Günelin ölümündən bir neçə gün sonra “BakıPost” internet nəşrinin baş redaktoru, keçmiş deputat Sabir Rüstəmxanlının bacısı oğlu Elçin Zahiroğlu Milli Məclisin deputatı Elmira Axundovanın oğlu Həbib Axundovun şikayəti əsasında həbs olunub.
Həbib Axundov mətbuata bildrib ki, baş redaktor onu “ŞƏXSİ HƏYATINA AİD OLAN ÇİRKİ “ məqalələrlə şantaj edirmiş. Görəsən, Günelin ölümünün Həbib Axundovun şəxsi həyatına aid olan çirkin işlərə nə dəxli var..?
Qarşı tərəfin və müvafiq orqanların mövqeyini dərc etməyə hazırıq.