Azərbaycanda fəaliyyət göstərən “Access Bank” xaricdən ölkəyə göndərilən pullara müəyyən məhdudiyyətlər qoyub.
BAKU.WS-in əldə etdiyi məlumata görə, bank ölkəyə ABŞ milli valyutası ilə göndərilən pulları müştəriyə manatla təqdim edir.
Yəni, əgər xaricdə yaşayan tanışınız sizə 5 min dollar göndəribsə, Access Bank həmin məbləği mövcud kursla manata çevirərək 8400 AZN verir.
Təbii ki, burada itirən müştəri olur.
Çünki valyutanın konvertasiyasından bank qazanır, müştəriyə isə ziyan vurulur.
Belə ki, Access Bank həmin 5000 dolları müştəridən 1,68 AZN məzənnə ilə alır, sonra isə 1,70 AZN məzənnə ilə müştəriyə satır.
Nəticədə bu mübadilədən müştəri 5000 min dollarda 100 manat ziyana düşür.
“Access bank”dan faktı BAKU.WS-ə təsdiqləyiblər. Bildirilib ki, Azərbaycana göndərilən vəsaitin məbləğınə müəyyən məhdudiyyətlər qoyulub.
“Bu göstəriş Mərkəzi Bank tərəfindən iki həftədir verilib. Göstərişə əsasən, Azərbaycana 10 min dollara qədər göndərilən vəsaitlər müştəriyə milli valyuta ilə verilməlidir”, – deyə bankdan bildirilib.
Lakin Mərkəzi Bankın saytında yerləşdirilən rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması qaydalarında bununla bağlı məhdudiyyət yoxdur.
Mərkəzi Bankın tətbiq etdiyi qaydaya əsasən, rezident və qeyri-rezident fiziki şəxsin xeyrinə bank hesabı açılmadan pul köçürməsi əməliyyatları üzrə daxil olan vəsait bank tərəfindən məhdudiyyət olmadan qəbul edilir və ödənilir. Köçürülmüş xarici vаlyutа vəsaitləri vəsaiti alana nağd şəkildə verilir və ya onun tapşırığı ilə bаnk hеsаbınа köçürülür.
Digər banklarla əlaqə saxlayanda da məlum oldu ki, sözügedən məhdudiyyəti müştərilərinə qarşı yalnız “Access Bank” tətbiq edib. Bu isə o deməkdir ki, “Access Bank” müştərilərini aldadaraq xarici valyutanı məcburi yolla konvertasiya edir və daha sonra yenidən müştəriyə baha qiymətə satır.
KORRUPSIYA.AZ