Bakıda şadlıq sarayında görünməmiş olay yaşanıb. Mənbədən Realliq.info – ya daxil olan məlumatda bildirilir ki, şəhərin Nizami rayonu, M.Əliyev küçəsi 17 ünvanında yerləşən “Meridian” şadlıq sarayında toy sahibi və onun qohumları vəhşicəsinə döyülüb.
Realliq.info – nun verdiyi məlumatda qeyd olunur ki, iyulun 29-da “Meridian” şadlıq sarayında Qazağıstanda yaşayan Mərdan adlı azərbaycanlı iş adamı oğluna toy məclisi düzəldib. Toy məclisinin başlamasından bir saat keçməmiş ara qarışıb. Belə ki, Mərdanın qardaşı oğlu ilə şadlıq sarayının sahibi arasında yaranmış mübahisə sonra kütləvi davaya çevrilib. “Meridian” şadlıq sarayının sahibi Ramizin göstərişi ilə Mərdan və onun qardaşı oğlu, eləcədə digər qohumları döyülüb. Ağır xəsarətlər alan toy sahibləri xəstəxanaya yerləşdirilib.
Realliq.info qeyd edir ki, toy məclisini dağıdan və toy sahibinə ağır xəsarətlər yetirən şəxslər Ramizin Rusiyadan gətirdiyi idmançılar olub. Saytın araşdırmalarına görə “Meridian” şadlıq sarayının sahibi Ramiz Rusiyadan gətirdiyi “qoçu”ları hazırda gizlədib.
Hadisə ilə bağlı Nizami rayon Polis şöbəsində araşdırmalar aparılır. Realliq.info – ya daxil olan məlumatda bildirilir ki, “Meridian” şadlıq sarayının sahibi Ramiz cinayəti ört-basdır etməyə çalışır. Hətta onun Rusiyadan gətirdiyi qoçular iş adamı Mərdanı hədələməkdədirlər. Ramizin onlara; “mənim qardaşım “Bos Həmid” sizi öldürər və sizə kimsə sahib çıxmaz, ərizələrinizi geri götürün” – kimi mesajlar göndərməsi qarşı tərəfi narahat etməkdədir. Baş verən cinayətin ört-basdır edilməsindən əndişələnən Mərdan və adamları aidiyyatı qurumlara müraciət ediblər.
Məsələ ilə bağlı “Meridian” şadlıq sarayının rəhbərliyi ilə əlaqə saxladıq. Şadlıq sarayının məsul şəxslərindən olan Ramin Realliq.info -ya bildirdi ki, hadisə baş verib və hazırda məsələni polis araşdırır; “İyulun 29-da baş tutan toy məclisində kütləvi davanın baş verdiyi doğrudur. Amma hadisə şadlıq sarayının həyətində olub”.
Mövzuya qayıdacağıq.
KORRUPSIYA.AZ