Hadisəni törədən Ramiz zərərçəkənlərə təzyiq edir

Bir neçə gün öncə Nizami rayonu, M.Əliyev küçəsi 17 ünvanında yerləşən “Meridian” şadlıq sarayında toy sahibinin və onun qohumlarının vəhşicəsinə döyülməsi ilə bağlı məlumat vermişdik. .

Realliq.info – nun verdiyi məlumatda qeyd olunurdu ki, iyulun 29-da “Meridian” şadlıq sarayında Qazaxıstanda yaşayan Gülmalıyev Mərdan adlı azərbaycanlı iş adamı oğluna toy məclisi düzəldib. Toy məclisinin başlamasından bir saat keçməmiş ara qarışıb. Belə ki, Mərdanın qardaşı oğlu ilə şadlıq sarayının sahibi arasında yaranmış mübahisə sonra kütləvi davaya çevrilib. “Meridian” şadlıq sarayının sahibi Ramizin göstərişi ilə Mərdan və onun qardaşı oğlu, eləcədə digər qohumları döyülüb. Ağır xəsarətlər alan toy sahibləri xəstəxanaya yerləşdirilib.
Realliq.info qeyd edir ki, toy məclisini dağıdan və toy sahibinə ağır xəsarətlər yetirən şəxslər Ramizin Rusiyadan gətirdiyi idmançılar olub. Nizami rayon polis şöbəsində hadisə ilə bağlı araşdırmalar başlayıb. Saytın araşdırmalarına görə “Meridian” şadlıq sarayının sahibi Ramiz, Rusiyadan gətirdiyi “qoçu”larını hazırda istintaqdan gizlədir.
Baş vermiş hadisə ilə bağlı araşdırma aparan Realliq.info saytına məlum olub ki, Gülmalıyev Mərdan, Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan diasporunun vəzifəli şəxslərindən biri olmaqla yanaşı iş adamıdır və böyük biznesə sahibdir. Onun oğluna Azərbaycanda toy etmək arzusu isə “Meridian” şadlıq sarayının rəhbərliyinin “qoçu”luğu nəticəsində yarımçıq qalıb.

Hadisənin səbəbini araşdıran saytın əməkdaşları maraqlı faktlarla rastlaşıblar. Belə ki, “Meridian” şadlıq sarayının sahibi Ramiz və onun qoçuları ilk dəfə deyilmiş ki, belə cinayət törədiblər. Ramizin bütün qanunsuz istəklərini həyata keçirən rusiyalı qoçular dəfələrlə həbs olunmaqdan yayına biliblər. Bunun səbəbini araşdıran Realliq.info saytına məlum olub ki, Ramizin qardaşı “Boss Həmid” kimi tanınan şəxs Bakıda “Komfort” adı ilə tanınan obyektlərin – mağaza, restoranlar, mebel salonları, şadlıq sarayları və digər bu kimi şəbəkənin sahibidir. Bos Həmidin əlaqələrindən istifadə edən “Meridian Ramiz” paytaxtda bir sıra xoşagəlməz olaylardan yayına bilib. Hazırda Nizami rayon polis şöbəsində açılan cinayət işinin də ört-basdır edilməsi prosesi başlayıb.

Zərərçəkən iş adamı Gülmalıyev Mərdanın yaxınlarından aldığımız məlumatda bildirilir ki, polis döyülən şəxslərə şikayətlərindən imtina etməsini deyib. Mənbənin bildirdiyinə görə baş verən cinayətdə xəsarət alanlar həkim ekspertizasından keçirilblər və onlara ağır xəsarətlərin olması barədə rəsmi sənəd verilib. Həmin sənədlər polisin apardığı cinayət işinə əlavə olunub. Lakin Meridian şadlıq sarayının sahibinin arxasında dayanan qüvvələrin istintaqa təzyiqi davam edir. Onlar Gülmalıyev Mərdandan da şikayətini geri götürməyi tələb edirlər.
Gülmalıyevin yaxın adamları Realliq.info – ya bildiriblər ki, Nizami rayon polis şöbəsi və “Meridian” şadlıq sarayının rəhbəri zərərçəkənlərə iki gün vaxt veriblər ki, şikayətlərindən imtina etsinlər. Əks təqdirdə Ramizdən yana olan polisin hansı qərar qəbul edəcəyi qaranlıq qalır.

“Meridian Ramiz”in və onun qoçularının toxunulmazlığı birmənalı qarşılanmayıb. Hadisə baş verən gün Ramizin zərərçəkənlərə – “sizi yox edəcəm” deməsi görünür təsadüfən səslənməyib. Aparılan araşdırmalar göstərir ki, Ramiz və Həmid qardaşları yığıncaq və məclislərdə arxalarında Prezidentin Xüsusi Mühafizə Xidmətinin rəhbəri Bəylər Eyyubovun dayandığını qeyd edirlər. Hələlik onların Generalla yaxın olması ilə bağlı fakta sahib deyilik və araşdırırıq. Lakin Bəylər Eyyubovun adının belə xoşagəlməz hadisələrdə çəkilməsi cəmiyyətdə müsbət qarşılanmır.


“Meridian” şadlıq sarayında baş verən bu kimi hadisələrin ört-basdır edilməsinə göstərilən səylər digər cinayətlərə yol açır. Bu mənada mövzunu diqqətdə saxlayırıq və Ramizin qanunsuz əməllərinə hüquqi qiymət veriləcəyinə ümid edirik. Eləcədə də “Boss Həmid”in də fəaliyyətində oxşar hadisələrin sayının çoxluğu aidiyyatı qurumları düşündürməlidir. Qardaşların ətrafına yığdığı qoçuların hər zaman növbəti cinayət törədəcəyi aydın məsələdir. Cəzasızlıq mühiti onları buna aparmaqdadır.

Məsələnin Respublika Baş Prokurorluğunun nəzarətində olması vacibdir. Cinayəti törədənlərin məsuliyyətdən yayındırılması dövlətin maraqlarına ziddir və nəticədə ağır sonluqlara səbəb ola bilər.
Mövzuya qayıdacağıq.

Korrupsiya.az

Paylaş