“Maqa” ləqəbli Mirməhəmməd İsmayılov kimdir ?

Ötən gün Bakının Heydər Əliyev prospektində baş verən dəhşətli qəza bütün ölkə mətbuatının gündəmini zəbt edib. Demək olar ki, bütün cəmiyyət bu dəhşətli qəzadan danışır.

Rəsmi xəbərlərdə qəzadakı 10-PP-203 dövlət nömrə nişanlı “Gelandewagen” markalı avtomobilin Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus olduğu bildirilir.

Mətbuatda qeyd olunur ki, qəza törədən “Gelandewagen” 99 FS 777 dövlət nömrə nişanlı “Mazda” avtomobili ilə yarışırmış və qəzaya səbəb də bu “avtoşluq” olub.

Mətbuatda “Mazda”nın sükanı arxasında oturan şəxsin İsmayılov Mirməhəmməd olduğu qeyd olunur.

Bax, indi əsl mətləb üstünə gəlmək istəyirik.

Əcəba, Mirməhəmməd İsmayılov kimdir, nəçidir ?

Bunun üçün 2 il əvvəlki tarixə ekskurs edək.

2 il əvvəl həmin “Maqa” ləqəbli Mirməhəmməd İsmayılov və onun qardaşı, DİN-in polis serjantı olan Rauf İsmayılov Qafqaz Xəbər Agentliyinə qarşı şərəf və ləyaqət davası açaraq 100 min manat pul tələb edirdilər.

Yeri gəlmişkən, qardaşların atası polis mayoru Əlövsət İsmayılov Nəsimi RPİ-nin DYPŞ-nin rəis müavini idi.

Məlumat üçün onu da qeyd edək ki, Qafqz Xəbər Agentliyi bu qardaşların sosial şəbəkələrdə paylaşdığı və mili-mənəvi dəyərlərimizə zidd olan fotoları, həyat tərzləri barədə yazılar dərc etmişdi.

Həm də nəzərə alsaq ki, qardaşlardan biri cəmiyyətin asayişini qorumalı olan polis işçisidir. Bu şəkillər həm də polis kodeksinə uyğun deyil.

“Maqa” ləqəbli Mirməhəmməd İsmayılovun isə sosial şəbəkələrdə paylaşdığı fotolardan məlum olurdu ki, Maqa şəhərdə “avtoş” tipli “papa balaları”na bənzəyir.

Ən maraqlısı odur ki, İsmayılov qardaşları sosial şəbəkədə özləri paylaşdığı fotoları agentlik dərc etdiyi üçün qafqaznews.az-ı məhkəməyə vermişdi.

Biz o vaxtda yazmışdıq ki, məhkəməyə müraciət etmək ata-oğulların hüququdur. Amma övladlarına normal tərbiyə vermək əvəzinə mətbuatı hədələmək də xoşagələn hal deyil. Və nəticəsi ortadadır. Əgər vaxtında “Maqa” kimilərin əməllərinin qarşısı alınsaydı bugünkü böyük faciələr olmazdı.

Media yazanda elə bilirlər ki, hansı vəzifəli iləsə qəsd-qərəzimiz var. Amma anlamaq istəmirlər ki, media həyəcan siqnalı çalır ki, böyük faciələrin qarşısı alınsın. Amma tələm-tələsik mətbuatla bağlı məhkəmə çəkişməsi, təzminat davası, şərəf-ləyaqət söhbəti başlayır, mediaya cürbəcür hədə-qorxular başlayır.

Axı, ölkə başçısı da hər zaman vurğulayır ki, ictimai qınaq lazımdır ki, kimin kim olduğunu cəmiyyət bilsin.

Məmurlar mediaya hədə-qorxu gəlməkdənsə, qoy öz övladlarına normal tərbiyə versinlər. Və böyük faciələrin qarşısı alınsın.

Paylaş