Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsindən sonra işsiz qalan nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğlu Emil Hüseynov hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. Elan olunmuş ittiham üzrə E.Hüseynov özünü qismən təqsirli bildiyini deyib. Məhkəmənin növbəti iclası avqustun 11-nə təyin edilib.
E.Hüseynov hazırda ev dustağıdır. Onun barəsində olan həbs-qətimkan tədbiri bir müddət əvvəl dəyişdirilib və o, azadlığa çıxıb. E.Hüseynov bir neçə nəfərə qarşı külli miqdarda dələduzluqda təqsirləndirilir. O, Tural Hüseynovun 382 min dollar, Namiq Mehdiyevin 80 min manat, Emil Məmmədovun 2 milyon 500 min dollar və Mərziyyə Rzayevanın isə 19 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur. Cinayət işi materiallarına əsasən, E.Hüseynov bu pulları Gürcüstandan mal gətirmək adı ilə alıb. E.Hüseynov 2016-cı ilin dekabr ayında “İnterpol” xətti ilə Qazaxıstanda həbs edilərək Azərbaycana təhvil verilib. Cinayət əməlinə görə həbs edilən E.Hüseynovun barəsində Səbail Rayon Məhkəməsi həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi qərarı çıxarıb.
Qeyd edək ki, Arif Əsgərovun digər baldızı oğlu Rahib Hüseynov da dələduzluqda təqsirli bilinərək həbs edilmiş, daha sonra azadlığa buraxılmışdı. Rahib Hüseynovun adı 48 milyon manatlıq mənimsəmə işində hallanır.
Arif Əsgərov 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. A.Əsgərov 2015-ci ildə prezidentin fərmanı ilə tutduğu vəzifədən azad edilib. Başqa bir fərmanla o, nəqliyyat nazirinin müavini təyin edilib.
Bu dələduzluq işlərində A.Əsgərovun oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovun da adı hallanır. Arif Əsgərovun oğlunun isə ölkəni tərk etdiyi bildirilir.

Paylaş