Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi avtoqəzanın doğurdu rezonans məmur korpusu arasında ciddi təşviş yaradıb
Qeyd edək ki, bundan əvvəl də məmur övladlarının törətdiyi qəzalar, etdikləri harınlıqlar olub, ancaq Əli Həsənovun nəvəsinin əməlinə verilən reaksiya, ictimai qınaq həddinə çatmayıb. Hətta Ziya Məmmədovun oğlu Anar Məmmədovun fantastiq qiymətə ayı əti sifariş verməsi bu dərəcədə qəzəblə qarşılanmadı. Vəziyyətin belə olduğunu görən məmurlar övladlarına sosial şəbəkələrdə olan hesablarını bağlamağı, sürdükləri bahalı avtomobillərdən dərhal imtina etməyi və bahalı məkanları ziyarət etməməyə dair ciddi tapşırıqlar veriblər. Azinforum.az-ın xüsusilə məmur övladlarının daha çox istifadə etdikləri İnstaqram şəbəkəsində apardığı araşdırma deyilənləri təsdiqləmiş olub.
Bizim yaxından izlədiyimiz bir neçə tanınmış məmur övladlarının hesablarının bağlandığının şahidi olduq. Eləcə də, varlı məmurların yaşadığı məhəlləlrdəki evlərindən çıxan bəzi məmur övladlarının bahalı maşınlardan imtina edərək, daha çox taksi xidmətindən istifadə etdikləri nəzərə çarpır. Təbiidir ki, Əli Həsənov ranqında bir məmurun öz nəvəsini məsuliyyətdən xilas edə bilməməsi məmurlara harın əməllərlə bağlı kiminsə toxunulmazlıq immunitetinin olmadığını dərk etdirmiş olub. Daxili İşlər Nazirliyinin verdiyi rəsmi açıqlamadan bəlli oldu ki, Əli Həsənovun nəvəsi, general Elçin Quliyevin isə kürəkəni olan Nail həbsdən yaxa qurtara bilməyəcək. Hesab edirik ki, bu hadisənin doğurduğu rezonans və əlaqədar qurumların məsələyə verdiyi reaksiya bundan sonra məmur övladlarının davranışındakı ölçü-biçiyə ciddi təsir etmiş olacaq.