Mingəçevirdə məmur özbaşınalığı ifşa edilib

“Azərsu” AC-nin yerli idarəsinə fəhlə işləyən Musayev Murad Rza oğlu mərhum prezident Heydər Əliyevin şəkillərinə qarşı hörmətsiz münasibətə etiraz edib.

O, reportyor.org-a bildirib ki, idarə rəhbərliyi onun etirazına cavab olaraq işindən azad edib: “Mən idarədə qaynaqçı işləyirdim. İdarə direktoru Mustafa Kərimovun əməllərində neqativ halların şahidi oldum.

Məsələn, ordakı yeyinti və qanunsuzluqlar halları görmüşəm. Çalışdığım müəssisədə olan bir sıra ciddi nöqsanları və müdiyyətin naqis hərəkətlərini üzə çıxararaq rəhbərliyi belə işlərdən çəkinməsini istəmişəm.

Elə hər şey də bundan sonra başlayıb. “Azərsu”nun Mingəçevir şöbəsində fəhlə işləyirdim. Müəssisə rəhbərliyi məni səbəbsiz yerə işdən çıxardı. Mən haqsızlığı götürə bilmirəm.

Necə olur ki, mən ölkə rəhbərinin doğum günü münasibəti ilə Mingəçevirdən Bakı şəhərinə yürüş etmişəm, amma işlədiyim idarə isə onun atası, Ulu Öndər Heydər Əliyevin şəkillərini lazımsız bir şey kimi natəmiz yerlərə, ayaqyoluna atır?!”

M.Musayevin sözlərinə görə, baş verən bu çirkin işi görüb susa bilməzdi: “Mən buna etiraz etdim, Vətənimə və millətimə sadiq bir insanam.

Xahiş edirəm mətbuat vasitəsi ilə etdiyim bu müraciət, işdən çıxarıldığıma görə səbəb olan bu çirkinliyə cavab vermələri üçün aidiyyatı səlahiyyət sahibləri biganə qalmasınlar”.

Ulus.Az-ın verdiyi xəbərdə bildirilir ki, şikayətçi Mingəçevirin icra başçısı Niyazi Bayramovla “’Azərsu”nun Mingəçevir şöbəsinin rəhbərliyinin cəzalandırılmasını tələb edir.

Sitat: “Mən həyat yoldaşımdan ayrılmışam və körpə yaşında olan övladım üçün aliment ödəyirdim, hazırda işsiz qalmağım səbəbindən həmin pulu ödəyə bilmirəm.

Bu məni çox ciddi narahat edir. Hətta alimenti ödəyə bilmədiyim üçün barəmdə axtarış qərarı çıxarılıb.

İndi siz qərar verin, söz xalqımındır, kimdir günahkar, mən yoxsa həmin qanunsuzluqları edən, ölkə başçısına qarşı naqis hərəkət edən həmin məmurlar?”

Əlbəttə, şikayətçinin bu məsələyə görə işdən azad olunması ciddi qanun pozuntusudur. Hüququ tapdanan fəhlənin məhkəməyə müraciət etmək ixtiyarı var.

Ancaq Mingəçevirin icra başçısı N.Bayramovla “Azərsu” prezidenti Qorxmaz Hüseynovun M.Musayevin probleminə laqeyd qalması anlaşılan deyil.
Belə çıxır ki, mərhum H.Əliyevin şəkillərinə su idarəsində etinasız münasibət göstərən məmura qahmar çıxırlar. Ən azından hadisə mediada ictimailəşib və icra başçısı olayın bu qədər böyüməsinə imkan verməməliydi.

Çünki fəhlənin qazandığı bir tikə çörəyindən məhrum edilməsi məmur özbaşınalığının mənəvi sərhədləri aşmasıdır. Nəticədə regionlardan prezidentə saysız-hesabsız şikayətlər gəlməkdədir.

N.Bayramov isə Prezident Administrasiyasına şikayətlərin getməsinin qarşısını almaq üçün problemləri həll etməlidir.

Eyni zamanda “Azərsu” rəhbəri də kadr seçimində diqqətli olmalıdır ki, onun təyin etdiyi şəxs Heydər Əliyevə hansı münasibəti bəsləyir.

Paylaş