Bir neçə gündür ölkənin gündəminə çevrilən qəza hadisəsində adı hallanan Səməd Heydərovla bağlı AFN-ə ciddi məlumat daxil olub. Xatırladaq ki, qəzaya düşərək yanan və bir neçə nəfərin ölümünə səbəb olan, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus “Gelandewagen”lə sürət həddini aşaraq ötüşən “Mazda” avtomobilinin sahibi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərovdur.

Bu barədə artıq yerli mətbuat, o cümlədən AFN də yazıb. Saytımızda dərc edilən xəbərlə tanış olduqdan sonra redaksiya ilə əlaqə saxlayan və adının açıqlanmasını istəməyən məlumatlı şəxs S.Heydərovun avtomobil və yüksək sürət düşkünü olduğunu bildirdi. Həm də qeyd etdi ki, bu, artıq sirr sayılmır: “Səməd Heydərov bir neçə il öncə yüksək sürətlə idarə etdiyi avtomobilin qarşısına çıxan və ona yol vermək istəməyən “Mercedes” markalı maşını vurub Maştağa gölünə aşırmışdı. Həmin avtomobil göldə batsa da, xoşbəxtlikdən sürücüsü sağ qurtarmışdı və Səməd Heydərov ona yeni avtomobil alınıb verilməsinə göstəriş vermişdi. O vaxt bu barədə bir neçə saytda məlumat getsə də, sonradan yığışdırıldı”.
Mənbəmizin S.Heydərovla bağlı daha bir ilginc xatırlatması nazir qardaşının 2013-cü ilin fevralın 6-da paytaxtın Zahid Xəlilov küçəsində yerləşən “Elbaro” restoranında qeydə alınan insidentdə iştirakı ilə bağlıdır. Onun verdiyi məlumatın detallarına keçmədən internet resurslarına istinadən xatırladaq ki, həmin gün gecə saat 00.00 radələrində adıçəkilən restoranda baş verən silahlı insident nəticəsində iki nəfər güllələnib. Onlar 45 yaşlı Aydın Məmmədzadə və onun oğlu, 20 yaşlı Emin Məmmədzadə olub. Güllə yarası alan hər iki şəxs xəstəxanaya yerləşdiriliblər. Restoranda Aydın Məmmədzadənin anasının ad günü qeyd edilirmiş. Mərasimin başa çatmasına az qalmış hələlik şəxsiyyəti açıqlanmayan şəxs (maraqlıdır ki, bu şəxsin şəxsiyyəti rəsmi qaydada sonradan da açıqlanmayıb, baş vermiş cinayətin sonucu ilə bağlı heç bir rəsmi məlumat verilməyib. Hər halda, internet resurslarında bu barədə məlumata rast gəlinmir-red.) restorana daxil olub və banket zalına qalxıb. O, ata və oğul Məmmədzadələri nişan alaraq, avtomat silahla onları ayağından güllələyib.
Mənbəmiz iddia edir ki, adı açıqlanmayan həmin şəxs fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərov olub: “Həmin gecə onun yanında nazirin birinci müavini Rəfail Mirzəyev də olub. Rəfail Mirzəyev hətta gecə Səməd Heydərovun yanında polis bölməsinə də gedib, məsələni “yerindəcə həll edib” cinayətin üstünün örtülməsinə nail ola bilib. Hətta mənim bildiyimə görə, Kəmaləddin Heydərov da həmin adamlardan şəxsən üzr istəyib. Hadisənin baş vermə səbəbi isə ad günü qeyd edilən xanımın şərəfinə anaya aid mahnının sifariş olunması olub. Səməd Heydərov nəyə görəsə bu mahnının oxunmasına etiraz edib ona görə mübahisə yaranıb”.
Mənbəmiz onu da qeyd etdi ki, hadisəni S.Heydərovun törətməsi həmin gün restoranın müşahidə kameralarına da düşübmüş: “Lakin dediyim kimi, ən yuxarı səviyyədə prosesə müdaxilə olub və hadisənin üstü ört-basdır edilib”.

Məsələ ilə bağlı S.Heydərovun mövqeyini verməyə hazırıq.

teref.info

Paylaş