Avqustun 3-də Bakının Heydər Əliyev prospektində dəhşətli qəza ilə nəticələnmiş hadisədən əvvəl “Galendewagen” markalı avtomobil ilə yarışan 99 FS 777 dövlət nömrə nişanlı “Mazda” avtomobilinin sürücüsü Mirməhəmməd İsmayılovun həbs olunması barədə xəbər vermişdik
Nərimanov Rayon Məhkəməsinin hakimi Kəmalə Əmirxanovanın sədrliyi ilə keçirilən prosesdə avtoxuliqanlıqda günahlandırılan Mirməhəmməd İsmayılov bir ay müddətinə inzibati həbs cəzasına məhkum edilib.
“Maqa” ləqəbi ilə tanınan Mirməhəmməd İsmayılov Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin sabiq rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğludur.
O, 2016-cı ildə işdən azad olunub. Həmin ilin 11 yanvarında mətbuatda yayılan məlumata görə, daxili işlən naziri Ramil Usubov Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin rəis müavini, polis mayoru Əlövsət İsmayılova ağır cəza verib. Nazir onu vəzifəsindən kənarlaşdırmaqla yanaşı, daxili işlər orqanlarından xaric edilməsi ilə bağlı əmr imzalayıb.
Məlumata görə, Əlövsət İsmayılov DYPŞ-ə təyin edilməmişdən əvvəl DİN-də daha yüksək vəzifə tuturmuş. Lakin o, işində yol verdiyi nöqsanlara görə postundan uzaqlaşdırılıb və cəza olaraq rəis müavini təyin edilib.
Əlövsət İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərovun bacanağıdır.
Qəzada iştirak edən və həbs olunan Mirməhəmməd İsmayılovun da Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsində çalışdığı bildirilir.
O, sosial medianın fəal istifadəçilərindən olub. Mirməhəmməd İsmayılov tez-tez dəbdəbəli həyatını əks etdirən fotolarını sosial media paylaşaraq özünü gündəmə gətirib.
Xatırladaq ki, avqustun 3-də baş vermiş hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. ulus.az