8 günə 4 ha. sahə suvarılır, içməli suyun 1m3-u 3 manata satılır(?)

OperativXeber.az bildirir ki, yenixeber.org-a Goranboy rayonu Qızılhacılı qəsəbəsinin 33 sakininin Cənab Prezidentə və Baş Nazirə ünvanladıqları müraciətin surəti daxil olub.

Qəsəbə sakinləri müraciətlərində yaşadıqları su problemindən bəhs edirlər.

Belə məlum olur ki, ölkənin bu yaşayış məntəqəsinin həm suvarma, həm də içməli su ilə bağlı təminatına məsul şəxslər ya “fil qulağında yatıblar”, ya da “Yezid” ayamasının vurğunlarıdır. Aktuallığını nəzərə alıb, müraciəti müəyyən ixtisarla dərc edirik:

“Hörmətli cənab Prezident,
Hörmətli cənab Baş Nazir,

Bildiririk ki, yaşadığımız ərazidə (Göranboy rayonu Qızılhacılı qəsəbəsi. Red.) su yoxluğundan çox əziyyət çəkirik. Yeganə istifadəsinə möhtac olduğumuz subartezian quyusu 01.07.2017-ci il tarixə kimi 45 gün işləməyib. Çox müraciətlərdən sonra işə saldılar. Fəqət nasosu elə “təmir” ediblər ki, suyu az verir: 8 günə 4 ha. sahəni suvarıb qurtara bilmirik.

Yaşadığımız ərazidə içməli su da yoxdur. Maşınlardan aldığımız suyun hər kubuna 3 manatdan artıq pul veririk. Qəsəbədəki isməli su anbarının girəcəyində sayğac quraşdırılıb, hər kubuna 1 manat alırlar. İcra başçısının bundan xəbəri var.

Odur ki, Sizdən xahiş edirik pay və həyətyanı torpaq sahələrimizin vaxtında suvarılmasının təmin olunması və içməli su ilə təminatımız üçün əməli tədbir görəsiniz”.
Redaksiyadan:
Müraciətdə yer alan problemlərlə bağlı aidiyyatı qurumları dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu.

Qarşıdakı günlərdə mövzunu davam etdirəcəyik.

 
Goranboyda “Yezid” peyda olub?!:Qızılhacılı sakinləri susuzluqdan “qan ağlayır”

 

Paylaş