“Cənab Prezidentin tapşırıqlarına və qanunlara məhəl qoymayan, vətəndaşları yeganə mənzilindən məhrum etməyə çalışan saxtakar məmur və bankirlərin əməllərini ifşa edəcəyik”
“Bank Standard” Nərimanov rayon İcra şöbəsinin və “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-nin rəhbərlikləri ilə “işbirliyi” yaradıb sənədləri saxtalaşdırma yolu ilə 7 nəfərlik ailənin yeganə yaşayış mənzilini mənimsəmək istəyirlər.
Bu barədə 365İNFO.AZ-a müsahibəsində Qafqaz Hüquq Mərkəzinin baş direktoru, hüquqşünas İlqar Abbasov bildirib.
Onun sözlərinə görə, M.Tağıyevin Aşıq Alı küçəsi, 7/19 ünvanda yerləşən mənzili 2007-ci ildə Rasim Hacıyev adlı şəxs tərəfindən “Bank Standard”a ipoteka yüklü edilib.
“Lakin borclu-cavabdeh Hacıyev Rasim öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etmədiyindən, onun Banka 92.060,66 manat məbləğində pul borcu qalmışdır. Bu səbəbə bank iddia ilə məhkəməyə müraciət etmişdir.
Yasamal rayon Mənkəməsi 17.06.2009-cu il tarixdə qətnamə ilə kredit müqaviləsini ləğv etmiş, cavabdeh R.Ə.Hacıyevdən 92.060,66 manat məbləğində pulun tutulması və tutmanın məhz girovda olan mənzilə yönəldilməsi, M.Tağıyevlə yaşayan ailə üzvlərinin mənzildən çıxarılmasını qət etmişdir.
Bank qarşısında ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutma yönəldilməsinə dair qətnamə qanuni qüvvəsini almış, icraya yönəldilmişdir. Bundan sonra vətandaşın xüsusi mülkiyyətində olan mənzilin üzərində Nərimanov rayon İcra şöbəsinin rəisi Əliyev Kamal və icra məmuru Həmzəyev Zaur özlərinə məlum olan səbəbdən aşağıdakı qanunsuz hərəkətləri etmişlər.
Nərimanov rayon İcra şöbəsinin göstərdiyim vəzifəli şəxsləri 10.10.2012-ci il tarixdə “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nə və məlumat üçün “Bank Standard”a, mənzilə aidiyyəti olmayan vətəndaş Hacıyev Rasim Əli Hüseyn oğluna, Bakı Apellyasiya Məhkəməsinə, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə göndərdikləri məktubda bildirmişlər ki: “…M.Tağıyevə məxsus dəyəri 165.000 AZN qiymətləndirilmiş əmlak hərrac yolu ilə satılmalıdır… …nəticəsi barədə məlumatın təcili olaraq şöbəyə təqdim edilməsi xahiş olunur”.
Fikir verin: “TƏCİLİ OLARAQ”, bu xahiş Hərrac Mərkəzinədir, nədəndir bu “təcili xahiş”?
Görəsən hərraca qoyulan əmlaklar barəsində yazılan məktubların hamısında “məlumatın təcili olaraq şöbəyə təqdim edilməsi xahiş olunur”mu?
Yoxsa: “Torbada…”, hər halda nəsə var.
Vəzifə borclarını “təcili yerinə yetirən” vəzifəli şəxslər Məhkəmənin Qətnaməsində adı göstərilən mülkiyyətçi M.Tağıyevi “təcili də unudurlar”. Çünki, hər hansı məktubun ona göndərilməsini, məktubun çatdırılmasını təsdiq edən heç bir sənəd-sübut yoxdur.
Mülkiyyətçidən xəbərsiz, yəni qanuna zidd olaraq onun mənzilini hərracda “satmaq”da, onların məqsədi mənzili ucuz qiymətə Banka “ötürmək” olmuşdur”, -deyə İ.Abbasov bildirib.
Onun sözlərinə görə, bu “məxfi hərrac” əməliyyatı nə az-nə çox, düz 3 dəfə baş tutub.
“Hər üç hərracın keçirilməsi mülkiyyətçi M.Tağıyevdən qəsdən gizlədilmiş, bir neçə struktura, hətta borclu-cavabdeh-mənzilə aidiyyəti olmayan Rasim Hacıyevə məktub guya göndərildiyi iddia olunduğu halda, məhkəmənin qətnamədə göstərdiyi mülkiyyətçi M.Tağıyevə hərrac barədə bilərəkdən məlumat verilməyib.
Nərimanov rayon İcra şöbəsindəki materiallarda R.Hacıyevə məktubun çatdırılmasını təsdiq edən heç bir sənəd-sübut yoxdur. Bütün bunların kökündə nə durur?
1-ci dəfə, 13.12.2012-ci ildə 165.000 manata qiymətləndirilən mənzil guya “hərraca cıxarılıb və iştirakçı olmadığına görə qiymət 140.250 manata endirilib”,
2-ci dəfə 14.01.2013-cü ildə guya “mənzil 140.250 manata hərraca çıxarılıb” və yenə “iştirakçı olmadığı” bəhanəsiylə “qiymət 105.108 manata endirilərək almaq üçün banka təklif edilməsi barədə protokol tərtib edilmişdir.
3-cü dəfə, 16.05.2013-cü il tarixdə protokolda göstərildiyi kimi “keçirilmiş hərracda yeganə alıcı olan Bank Standard mənzili 105.188 manata aldı”. Protokolu sifarişçi-İcra şöbəsinin məmuru Həmzəyev Zaur, hərracın təşkilatçısı-Hərrac Mərkəzinin direktoru Bayramov İsgəndər və alıcı-Bankın nümayəndəsi-Xankişiyev Ayaz Aydın oğlu imzalayaraq möhürləri ilə təsdiqləmişlər.
Sifariş edən də, satan da, alan da özləri: icra məmuru, hərrac direktoru, bank işçisi.
Necə deyərlər: “Dərə xəlvət…”.
Beləliklə, onların “təcili işbirliyi” nəticəsində, vətəndaşın 7 ailə üzvü ilə birlikdə yaşadığı, yeganə mənzil saxta sənədlərlə dəyər-dəyməzinə bankın adına sənədləşdirilib”, – deyə İ.Abbasov vurğulayıb.
Hüquqşünas xatırladıb ki, “İpoteka haqqında Qanun”un 43.4. maddəsində göstərilmişdir ki, “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir.
“Təkrar hərrac isə 16.05.2013-cü ildə, yəni 14.01.2013-cü il tarixdən 45 gün yox, 120 gün gecikdikdən sonra “təşkil” edilib.
“İpoteka haqqında Qanun”da, hərracın keçirilmə qaydasını müəyyən edən 42.1. yarımmaddəsində göstərilmişdir: “Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair…ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir”.
2012-ci ildən başlanmış saxta alqı-satqı əməliyyatı barədə mülkiyyətçi vətəndaşa heç bir rəsmi, yaxud qeyri-rəsmi məlumat verilməmiş, onun evinə heç kim gəlməmiş, və ya telefonla mənzilin hərracda satılması barədə xəbər verməmişdir.
Lakin, 5 ilə yaxın müddət keçdikdən sonra, yəni 02.06.2017-ci il tarixdə Nərimanov rayon İcra şöbəsinin icra məmuru Qarayev Babək vətəndaşın mənzilinə gələrək İcra şöbəsinin 30.05.2017-ci il tarixli “Xəbərdarlıq” məktubunu təqdim edərək, elan edib ki, Bank 16.05.2013-cü il tarixdə hərrac yolu ilə mənzili satın almışdır. 10 gün müddətinə mənzili boşaltmağı tələb edib və əks halda mənzili məcburən boşaldacağını bildirib. Bu özbaşınalıqların heç bir hüquqi izahı yoxdur.
Maraqlısı budur ki, əgər mənzil qanunun tələblərini pozmadan alınmışdırsa, nə üçün 5 ilə yaxın bir müddətdə bu “məxfi” saxlanmış, orada yaşayanlara “gözün üstə qaşın var” deyən olmamışdır? Lakin 5 ildən sonra qəflətən mənzilin “yeni sahibi” peyda olmuşdur.
Məsələ bundadır ki, əvvəlcədən planlaşdırılmış şəkildə, bank İcra şöbəsinin və Hərrac mərkəzinin köməkliyindən istifadə etməklə sənədləri saxtalaşdırma yolu ilə vətəndaşın mənzilini ondan xəbərsiz olaraq ucuz qiymətə ələ keçirib və necə deyərlər “banka qoyub” ki, zamanı gələndə öz niyyətini yekunlaşdırsın.
Hal-hazırda adıgedən bank ləğv olunma mərhələsindədir və vaxtilə sənədləri saxtalaşdırma yolu ilə mənzili ucuz qiymətə ələ keçirən şəxslər yaranmış vəziyyətdən istifadə edərək, mənzili təcili boşaldaraq “neytral” alıcıya satmaqla aradan çıxarmaq niyyətindədirlər”, – deyə İ.Abbasov əlavə edib.
Məmur və vəzifəli şəxslərin maxinasiyası ilə üzləşən vətəndaşın Prezident İlham Əliyevə, 1-ci Vitse-Prezident Mehriban xanım Əliyevaya və Baş Prokuror Zakir Qaralova müraciət etdiyi də bildirilir.
“Lakin ədliyyə orqanlarında kimlərsə bu məsələni ört-basdır etməyə və vətəndaşın şikayətlərinin “divara dirənməsinə” çalışırlar. Biz bu istiqamətdə mübarizəmizdən əl çəkməyəcəyik. Cənab Prezidentin tapşırıqlarına və qanunlara məhəl qoymayan, vətəndaşların yeganə yaşayış mənzilini saxta yollarla əllərindən çıxarmağa çalışan məmur, bankir və digər vəzifəli şəxslərin əməllərini ifşa edəcəyik”, – deyə Qafqaz Hüquq Mərkəzinin rəhbəri vurğuladı.
Məsələ ilə bağlı araşdırmamız davam edir, adıkeçən qurumların və şəxslərin münasibətini də işıqlandırmağa çalışacağıq.