Hakimiyyət “5-ci kolon”a operativ şəkildə sərt cavab verdi; Seçkiqabağı bəzi dairələrin ölkəmizə qarşı kampaniya aparmaq üçün fəallaşdığı hiss olunurdu…

İqtidar da onları yaxşı tanıyır və necə siyasət yürütmək lazım olduğunu gözəl bilir. O dairələrin kuklası olan keçmiş baş nazir Surət Hüseynovun üzə çıxması, müsahibələr verməsi təsadüfi deyildi. Hakimiyyət isə cavab olaraq onun Yevlaxdakı yun zavodunu satışa çıxardı.

Artıq Əmlak Məsələləri Dövlət Komitəsi sentyabrın 5-də keçiriləcək hərracda iştirak edəcək 66 dövlət əmlakı sırasında yun zavodunu da əlavə edib.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var.

Belə səhmdar cəmiyyətlərinə “Yevlax Yun”, “Masazır Quşçuluq”, “Xaçmaz Mexanizasiya Nəqliyyat”, “Mingəçevir Qum Çınqıl”, “Ağcabədi Aqrotexservis”, “Zaqatala Sənaye Kombinatı” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir.

Qiyamçı S.Hüseynov həbsdən çıxdıqdan sonra, 2011-ci ildə sözügedən zavodun işini bərpa etdiyi və ilk olaraq iki bölməsinin fəaliyyətə başladığı deyilirdi.

Hərraca çıxarılan səhmdar cəmiyyətlərin nizamnamə kapitalı 53 min 750 manatla 2 milyon 391 min manat arasında dəyişir.

Bu kateqoriyaya aid edilənlər arasında səhmləri özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Yevlax Yun“ Açıq Səhmdar Cəmiyyətidir. Adı çəkilən əmlakın səhminin 20%-i 240 min manata yaxındır.

6 rayonun işğalında birbaşa “xidməti” olub, 2 dəfə qiyama cəhd edib, dövlətçiliyə ən böyük zərbəni vurub, qardaşı-qardaşa qarşı döyüşə məcbur edib, seçki yolu ilə seçilən legitim hakimiyyəti devirməyə çalışıb, prezidentə ultimatum verəcək qədər kustahlaşıb. Bütün bunlardan sonra “dirilib” “Mən Qarabağı geri alırdım, AXC imkan vermədi” deməyə cəsarət edəcək qədər…

Görünür, unudur ki, Qarabağı almaq üçün rəhbərlik etdiyi hərbi hissənin üzünü Qarabağa çevirmək lazım idi, Bakıya yox. Ona görə də qiyamçı polkovnikə ən yaxşı cavab həm də zavodunu peşkəş etməkdir.

  S.Hüseynovun müsahibəsindən sonra komitənin zavodu hərraca çıxarması təsadüfi sayıla bilməz. Hakimiyyət kluarlarında “5-ci kolon” şəbəkəsinin aktivləşdiyini yaxşı görürlər.

Surət Hüseynovu ehtiyat oyunçu kimi bu günlərə qədər bəsləyənlər onu bir az da sirr pərdəsinə bürüməklə təsirini artırmağa çalışıblar.

Ancaq unudublar ki, güvəndikləri adam Surət Hüseynovdur, ona qoyulan bütün sərmayəni bircə cümləsi ilə yerin dibinə soxacaq adam.

İndi bu adamlamı Azərbaycana göz ağardacaqlar? Bu adamlamı Azərbaycan üçün 2018-ci il ssenarisi hazırlayırlar? İnandırıcı deyil.

Yoxsa “Axırıncı aşırım”dakı kimi “çör-çöpümüz budur, sonra daha iri kötüklər gələcək” demək istəyirlər? Amma elə çör-çöpdən sonrakı kötüyün kimliyini təxmin etmək mümkündür.

Surət Hüseynov üçün biznes həmişə əsas olub, etiraf edək ki, o, bunu bacarır. Pul qazanmaq üçün lazım olan mərhələlərdən də, lazım olanların qılıncının altından da bacarıqla keçir.

Belə olmasaydı, indi “şirkətim də var” deyib dönə-dönə bizneslə məşğul olduğunu xatırlatmazdı. Amma görəsən, düşünmürmü ki, “şirkətim də var” sözünü oxuyanların azı yarısının ağlına “hardandır?” sualı gələcək?

Həbsxanadan çıxan, üstəlik ciddi ittihamlarla həbs olunan, “qiyamçı polkovnik” ayamalı şəxsin bu qədər geniş biznes imkanına malik olmaq üçün nə xüsusi istedadı, nə xüsusi savadı var. Sadəcə xüsusi bacarığı var-ehtiyat oyunçu olmaq bacarığı.

Zamanında dövlətdən oğurladığı, sonradan kimlərdənsə zor gücünə qopartdığı, üstəlik ehtiyat oyunçu kimi ona yaradılan imkanlarla biznesmen olmaq ancaq xüsusi bacarıq sayəsində mümkün ola bilərdi. ulus.az

Paylaş