Zəhərli yumurta ilə bağlı böhran Avropada təşviş yaradıb

Almaniyadan sonra artıq İspaniyada da zəhərli yumurta aşkarlanıb. Məlumata görə, bu ölkədə 20 min zəhərli yumurta təsbit edilib. Səhiyyə Nazirliyi təcili yoxlamalara başlayıb və əhaliyə xəbərdarlıq edilib. İspaniyanın muxtar ərazisi olan Bask bölgəsindəki bir şirkətdə böcək dərmanı “Fipronil” ilə zəhərlənmiş 20 min yumurta təsbit edilib.

İspan Qida Sağlamlığı, Qida və İstehlakçı agentliyindən verilən məlumatda zəhərli yumurtaların paylama zəncirinə girmədən təsbit edildiyi, bu səbəbdən də insanların sağlamlığı üçün hər hansı bir riskin olmadığı ifadə edilib.

Səhiyyə Nazirliyi isə təcili yoxlama çağırışı edərkən zəhərli yumurtaların önümüzdəki günlərdə məhv ediləcəyini açıqlayıb.

Qeyd edək ki, avqustun əvvəlində Hollandiyada fermalarda heyvanlara istifadəsi qadağan olunan Fipronil adlı böcək dərmanının yumurtalarda olduğu təsbit edilmişdi. Fransa Kənd Təsərrüfatı Nazirliyi zəhərli yumurtaların Fransaya satılmış olma ehtimalı olduğu üçün istintaq tədbirləri görmüşdü. Fipronil qalıqlarının sənaye üsulları ilə hazırlanan sendviç, salat və müxtəlif qida məhsullarında də aşkarlandığı üçün Almaniya yumurta və mayonez tərkibli 6 sənaye istehsalı olan salatın satışdan yığışdırıldığını açıqlamışdı. Artıq zəhərli yumurtalara İspaniya, Fransa, Almaniya, Slovakiya, Danimarka da daxil olmaqla 18 ölkədə rast gəlinib.

Paylaş