Gəncə şəhəri Nizami rayonu icra başçısı Nizami Hacıyev imzaladığı sərəncama qarşı çıxıb. Vətəndaşa məxsus hasar tikilini yerlə yeksan edib. Uluyol.info-ya şikayət məktubu yollayan zərərçəkən İndiana Qəşəm qızı Əliyevanın müraciətini təqdim edirik:

“Mən Əliyeva İndiana Qəşəm qızı Gəncə şəhər Nizami rayonu İcra başçısı Nizami Hacıyevin 520 nömrəli sərəncamı ilə 8 noyabr 2016-cı ildə 4.400 AZN ödəyərək torpaq sahəsi almışam. Sənəddə göstərilir ki, “Fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilməsi haqqında sərəncam- Göygöl rayonu, Qızıl qaya qəsəbəsində yaşayan Əliyeva İndiana Qəşəm qızının müraciətini və Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin rəyini nəzərə alaraq, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 57-ci maddəsinin 4-cü bəndini və Azərbaycan Respublikasının Prezidentinin 6 iyun 2012- ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-ci bəndini əsas tutaraq qərara alıram:

  1. Gəncə şəhəri, Nizami rayonu Ə.Əliyev küçəsi 417 ünvanında yerləşən həyətyanı sahəyə bitişik olan 400 kv.m boş torpaq sahəsində Əliyeva İndiana Qəşəm qızı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilsin”.Beləcə iki və üçüncü bəndlər sənəddə göstərilir. 

Bu sənədi alandan bir neçə müddət sonra bizə məxsus torpağın başqa vətəndaşa da satıldığının şahidi olduq. Saxta sənəd olduğu aşkarlandı və bizə məxsus torpağın sahibi kimi tam hüquqlu şəxs olaraq orada tikinti aparmaq səlahiyyətimiz oldu. Ailə büdcəmiz az olduğu üçün indiyə kimi istədiyim formada iş görə bilməsəkdə, boğazımızdan kəsdiyimiz pulları toparlayıb həmin sahəyə hasar çəkmişdik.Təqdim etdiyim videolardanda aydın görünən mənzərə mənə məxsus həyətyanı sahənin məmur özbaşnalığı tərəfindən yerlə yeksan olmasıdır.

 

2006-cı ilde ailə həyatı qurmuşam və 11 ildir onlarla kirayə ev dəyişmişik. İki az yaşlı övladım var və onların rahat evdə, sağlam böyüməsi üçün çabalarımızı sərf etsəkdə nəticə ortada… Hansısa məmur gəlib bir neçə ilə toparladığımız  pulla tikdiyimiz hasarı dağıdır. Övladımın biri 7 yaşında, digəri isə 5 yaşındadır. Kiçik övladım xəstə olur və sonuncu dəfə Bakı şəhərində əməliyat etdirdik. Əməliyyat 27.07.2017-ci ildə baş tutdu və əməliyat baş tutan günün səhəri 6-7 radələrində gəlib hasarı yerlə-yeksan ediblər. Özüdə heç bir xəbərdarlıq edilmədən. Onsuzda qanunla nəzərdə tutulmuş halda biz orada tikili apara bilərik, görünən odur ki, bəzi məmurlar qanunun şah deyil, şahın qanun olduğunu yeridirlər. “Gəncə şahı” Elmar Vəliyevin adamı kimi tanınan Məharət Mustafayev və Nizami rayon İcra başçısı Nizami Hacıyevin birbaşa göstərişləri ilə hasarı dağıdıblar. Onsuzda ailə büdcəmiz sıxıntılıdır, az yaşlı övladım xəstədir və birdə hasarın tikilməsinə sərf etdiyim 5000 manat. İndi biz dərdimizi kimə deyək?!  Əslində ölkə prezidenti cənab İlham Əliyev regionlara kadr yollayanda həmin rayonlarda insanlara, vətəndaşalara xidmət edilməsini, həmin regionun maddi-infrastrukturunun inkişaf etdirilməsini, işsizliyin aradan qaldırlması üçün yolların axtarılması və s. bu kimi göstərişlər verməsinə baxmayaraq mənzərə göz önündədir. Maddi sıxıntılar içində olan ailəyə zərər vurmaq, get-gələ salmaq, təhdid etmək bunların “iş”ləri.

 

Maraqlı hallardan biri də bu təkcə mənim və ailəmizin başına gələn hal Gəncə şəhərində birinci deyil, yəqin bunlara dur deyən olmasa sonuncu da olmayacaq. Dəfələrlə vətəndaşlara məxsus torpaqları saxta sənədlərlə başqalarına satma, tikililəri dağıtma halları yaşanır. o qədər harınlayıblar ki, nə Elmar Vəliyev nədə Nizami Hacıyev vətəndaşları qəbul etmir.Hər dəfə bir bəhanə ilə yola verirlər.

Məsələ ilə bağlı anam Əliyeva Zemfira Hüseyn qızı təsadüfən flarmoniyanın qarşısında “Gəncə şahı” Elmar Vəliyevlə rastlaşıb və yaxınlaşıb problemimizi  danışıb. Bizə qarşı bu qanunlara, insanlığa sığmayan əməllərin dayandırılmasını və təkrar olarsa ölkə başçısına müraciət edəcəyimizi bildirib. Bu vaxt Elmar Vəliyev anamın dediklərindən hiddətlənib  :” get, hara  şikayət edirsən, et”. Daha sonra mühafizəçisi 65 yaşlı anama zor tətbiq edərək çantasını və telefonunu əlindən alıb. Elmar Vəliyev polislərə göstəriş verib ki, bu qadının həbs edin ağlı başına gəlsin, görək məndən kimə şikayət edir. Bu səbəbdəndə anamın telefonu yoxlanılması üçün 5 saat polis bölməsində nəzarətdə saxlanılıb.

 

Videoda görünən 20 DS 744 dövlət nömrə nişanlı avtomobil Elmar Vəliyevin adamı Məharət Mustafayevə məxsusdur.

Problemimizin işıqlandırlması, regionlarda məmur özbaşnalığından əziyyət çəkən vətəndaşlarımızın harayını adiyyatı qurumlara çatdırmanızı istəyirik.

Əliyeva İndiana Qəşəm qızı(15.08.2017)”

 

 

Korrupsiya.az  olaraq adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Paylaş