Bakının son illər nizamsız məskunlaşma nəticəsində öz “hədəqəsindən çıxıb” böyüyən, eyni zamanda problemləri də artan kəndlərindən biri də Balaxanıdır. Virtualaz.org bildirir ki, bu neft kəndində indi əsas qayğı iş, yol, kanalizasiya və küçələrdən vaxtlı-vaxtında daşınmayan zibillərdir. Doğrudur, Balaxanıda bir vaxtlar Bakının az qala bütün məişət tullantılarının qalaqlandığı, üfunət saçan “dağdan” əsər-əlamət yoxdur, Bakı Məişət Tullantıları Zavodunun tikilməsindən sonra bu üfunət mənbəyi də aradan qalxıb.
Ancaq sakinlər kəndarası küçələrdən zibillərin vaxtlı-vaxtında daşınmamasından narazıdır. O cümlədən Balaxanıda son illər salınan və sənədsiz evlərdən ibarət yeni məhəllələrdən. Hansı ki, bu məhəllələrdə ölkənin ən müxtəlif yerlərindən paytaxta axışanlar məskunlaşıb, neft buruqlarının arasında tikdirdikləri gecəqondularla öz mənzil problemlərini həll ediblər…
“…Balaxanının qara günləri yeni məhəllələr salınandan sonra başladı”, -kənd ağsaqqalının bu sözlərini cavanlar da təsdiqləyirlər. Balaxanıda son illər salınan məhəllələrin kanalizasiya xətti yoxdur, çirkab küçələrə axıdılır, yaylı-qışlı üfunət iyindən ərazidən keçmək mümkün olmur.
400 manat məvacibi ayaqyolunu təmizləməyə xərcləyəsən, ya uşaqların yeməyinə?
Ancaq Balaxanının problemi kanalizasiya ilə bitmir, yollar bərbad gündədir, avtobus yalnız magistral yola qədər işləyir. Hər küçədə 1-2 zibil qutusu qoyulub, tullantılar vaxtlı-vaxtında daşınmadıqda bəzi ərazilərdə zibil küçəboyu səpələnib.
“Həyətdə ayaqyolu üçün quyu qazmışıq, ayda 2-3 dəfə maşın çağırıb nasosla təmizlətdirirəm. Ayda 400 manat məvacib alıram, bilmirəm uşaqların yeməyini çatdırım, ya ayaqyolunu təmizlətdirim. Hər dəfə maşına 20 manat ödəyirik”, -2-ci mədən küçəsinin sakini Alim Mahmudov deyir.
Sakinlər deyirlər ki, boğazlarından kəsib ayaqyolunun təmizlənməsinə xərcləyirlər. “Həyətdə yer qalmayıb, nə qədər quyu qazmalıyıq ki, çirkab həyətə, küçəyə axmasın”, -sakinlərdən biri gileylənir.
Bir-birinə oxşayan daxmaların sakinlərinin güzəranı da oxşardır…
Bir qədərdə kəndin içərilərinə doğru gedirik, daşlı-kəsəkli, dar döngələrdə maşınla irəliləmək mümkün deyil. Mədənə yaxın ərazidə yaşayanların vəziyyəti daha da ağırdır. Mazut, kanalizasiya və qamışlığa atılmış zibilin iyi bir-birinə qarşıb. Yarıtikili daxmaların hamısı bir-birinə bənzəyir, sakinlər deyirlər ki, evlər kimi yaşayışları da bənzərdir.
“Hamının problemi birdir, kanalizasiya, yol, avtobus, gündəlik qayğılar, çörəkpulu dərdi. Başqa mövzumuz yoxdur, toplaşanda da çətinliklərdən danışırıq”, -sakinlərdən biri, Ofeliya xanım əlavə edir.
Ofeliya xanımın 2 otaqlı daxması mədən ərazisindədir. Evin ətrafı paslı dəmirlə hasarlanıb, köhnə mebel taxtalarından qapı kimi istifadə edilir. Deyir ki, indi yaydı, isti olsa da gedib- gələ bilirlər. Balaxanlıların yaşayışının çətinliyini görmək üçün bura payızda gəlmək lazımdır: “Bir damla yağış yağan kimi həyət, ev su altında qalır. Küçədən keçmək üçün rezin çəkmələr də kömək eləmir. Bilmirəm dolanışıq üçün işə qaçım, ya problemlərin həllinə çalışım”.
Ənənəvi ötür-ötür: kanalizasiya yoxdursa yol da olmayacaq
Sakinlər yolların təmir olunması üçün müraciət ediblər, amma məlum olub ki, kanalizasiya çəkilməyənədək yollar təmir edilməyəcək. Yollar təmir olunmadığından avtobus da işləməyəcək. Zəncirvari birləşən problemin həlli üçün hələ uzun illər gözləmək lazım gələcək. Yəni sakinlər yenə də avtobus üçün magistral yola qədər uzun məsafəni qət etmək məcburiyyətində qalacaqlar. “Uşaqları kəndin məktəbinə aparırıq. Payızda-qışda yollar o qədər palçıqlı olur ki, 5-10 dəqiqəlik yolu yarım saata güclə gedirik”, -sakinlər söyləyirlər.
Köhnə Balaxanı zibilxanasından əsər-əlamət qalmayıb, kənddə doğru gedirik. Məhəllələrə nisbətən kənddə işıq, su var. Amma yol problemi kənd sakinlərinin də bezdirib. “Kəndin yollarını təmir etmirlər, amma kənar yolları hər 2-3 aydan bir qaşıyıb təkrar çəkirlər. Guya ki, yollar bir-iki maşın keçən kimi dağılır. Biz razıyıq, yol çəksinlər, özümüz nəzarət edəcəyik ki, dağılıb, tökülməsin”, -Elburus adlı sakin deyir.
Əslən Balaxanıdan olan İdris Əsədov isə söyləyir ki, yaxınlıqda zavodların çox olmasına fikir verməyin, iş tapmaq müşkül məsələdir. “Bir yanda beton zavod, bir yanda məişət tullantılarının çeşidlənməsi zavodu var. Amma iş tapmaq çətindir, mən evə bir çörək apara bilmirəmsə, nə yol, nə də kanalizasiya gözümdə deyil, evdə çörək yoxdusa kanalizasiya xəttini neynirəm?”, -İdris əlavə edir.
Razılar da var: “Park salınıb, yollar təmir olunub, kanalizasiya da olacaq…”
Kənd sakinlərindən biri isə narazılıq edənlərə təskinlik verir: “Əsas yollar təmir olunur, park salınıb. Qalan yollar da təmir olunacaq, kanalizasiya xətti də çəkiləcək. Balaxanıda mərdimazar adam tapmazsız, hamı bir-biri ilə yola gedir. Vaxt vardı zibilxananın üfunətindən dözə bilmirdik, indi rahat nəfəs alırıq”,- sakinin söylədiklərindən sonra digərləri də susur.
Balaxanıya gedən yol təmir olunub, beton zavodundan bərk məişət tullantılarının çeşidlənməsi zavodu istiqamətinə gedən yol isə bağlanılıb. Hazırda maşınlar köhnə torpaq yolundan istifadə edir. “Zavodlara iritutumlu maşınlar işlədiyindən yol tez sıradan çıxır. Məişət tullantılarının çeşidlənməsi zavodunun yaxınlığında yol dağılmışdı, yenidən təmir olunur”, -fəhlələrdən biri deyir.
Digər sakinlər isə deyirlər ki, yolları iri yük maşınları yox, yolçəkənlərin yarıtmaz işi dağıdır. Çünki yollar çox keyfiyyətsiz çəkilib, asfalt qatı nazikdir və təzə çəkilən yollar heç bir il keçmədən dağılır.
Balaxanılılar onu da deyirlər ki, həmişə qabarlı əllərinin çörəyini yeyiblər. Bu kəndin sərvəti uzun illər boyu ölkəyə milyonlar qazandırıb, sakinləri isə həmişə daşdan pul çıxarmaqla dolanıb. İndi də istəkləri özlərindən böyük deyil, yetər ki, onların məişət problemlərinin həllinə köməklik göstərilsin…