Azərbaycan generalitetində bir “çevriliş” baş verməkdədir. 20 faiz ərazisi işğal olunmuş ölkənin generalları oliqarxik həyatdan yorularaq iri ambisiyaların arxasınca qaçmaqdadırlar.
Anaxeber.az-ın Analitik Mərkəzi yazır ki, Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru, yaxud “monopoliya kralı” Vüsal Novruzov da “generallar vadisi”nin baş ideoloqlarından biridir.
O, FƏTÖ generallarından birinə çevrilmək şansı yoxdursa da, ölkənin iqtisadi həyatında baş katalizator kimi qiymətləndirilir.
Azərbaycan gömrük sərhədlərini çaxnaşma və gərginlik meydanına çevirən, hakimiyyətin iqtisadi siyasətini baltalayan V.Novruzov son iqtisadi kursa qarşı getməkdədir.
Prezident İlham Əliyevin 2015-dən bəri iqtisadi modeli məhz qeyri-neft sektorunun inkişafı və sahibkarlığa yönəlib.
Hətta bəzi kosmetik statistikalar hazırlansa da, faktiki siyasi hakimiyyətin iqtisadi strategiyası neftsiz Azərbaycan yaratmaqdır. V.Novruzov isə siyasi iqtidar əleyhinə köhnə idarəçilik prinsiplərini saxlamaqla fəaliyyət göstərməkdədir.
Bunu niyə edir? Hakimiyyətdəki qrupların tələbidir? Öz sahəsində korrupsiyada maraqlıdır? Təbii ki, bu suallar birmənalı cavab vermir.
V.Novruzovun gömrükdəki idarəçilik siyasəti sualların içindəki cavabla yanaşı daha bir generalın iqtidarın xəttinə məzar qazmaq cəhdidir.
Necə ki, son dövrlərdə cəzalanan məmurlar və uşaqları göz qabağındadır. Gömrük generalı isə övladları ilə gündəmə gəlməsə də, iqtidarın postneft dövrü siyasətinə solaxay zərbələr endirməkdədir.
Bu özlüyündə ölkənin giriş qapılarına zənvir vurmağa, bəndlər qoymağa, kilidləməyə oxşayır. Ölkə başçısı neftin ucuzlaşmasından sonra xarici investorların ölkəyə cəlb olunmasının vacibliyindən danışır.
Amma giriş qapıları elə qıfıllanıb ki, V.Novruzovun əlindən nə yerli, nə əcnəbi investor ölkəyə daxil ola bilir. İş adamlarına elə bir konstitusiya oxunur ki, pasportuna Azərbaycan möhrü dəyməmiş geri qayıdır.
Anaxeber.az-ın Analitik Mərkəzi yazır ki, gömrük generalının iqtisadi provokasiyası ölkəni ağır vəziyyətlə qarşılaşdırıb.
Mexanizm, yaxud maxinasiya forması: Əgər hansısa sahibkar xarici ölkədən Azərbaycana istənilən məhsulu gətirirsə, əvvəlcə ona maneələr yaradılır.
Daha sonra Vüsal Novruzovun komandası dövriyyəyə girir və sahibkarın “işini asanlaşdırmaq” məqsədilə ondan rüşvət istənilir. Bu da dövlət rüsumunun 10 qatı qədərdir. Misal üçün, 2000 dövlət rüsumu olan məhsula 20000 rüşvət tələb olunur.
General- mayorun nəzarətində olan “Aqroazerinvest” haqda yayılan məlumatlara görə, bu şirkət maklerlik edir.
Yəni gömrükdə buraxılmayan malların keçirilməsi üçün qeyri-leqal işi həyata keçirir. Təbii ki, dövlət rüsumunun 10 qatı hesabına. Ölkəyə idxal mallarının azalmasının əsas səbəblərindən biri də budur.
Dövlət başçısı sahibkarlara hər cür şərait yaradılması tapşırığını versə də, V. Novruzovu “görmədən” bir kibrit çöpünü belə paytaxta gətirə bilmirlər. Bu da idxalı azaldır. İdxal azalanda da “defisit” olur, beləcə mağazalardakı məhsullar bahalaşır.
Lakin belə görünür ki, dünyadakı iqtisadi çətinliklərin Azərbaycana təsirlərini minumuma endirmək üçün gecə-gündüz çalşan dövlət rəhbərinin siyasəti və verdiyi göstərişlər Vüsal Novruzov üçün heç bir əhəmiyyəti yoxdur.
Əksinə, o, qanunsuz addımları və “pul sevgisi” ilə Prezidentin xalqın rifahının yaxşılaşdırılması siyasətinə maneələr yaradır.
V. Novruzovun əsas gəlir sahələrindən biri də ölkəyə mərmər gətirənlərə qoyulan “rüsumdur”. Məlumatlara görə, xüsusilə İrandan gətirilən mərmərlərin hər tonuna görə Bakı gömrüyünün rəisi 1000 manata qədər rüşvət tələb edir.
Nəzərə alsaq ki, mərmərin çəkisi ağırdır, o zaman, hər partiya mərmər üçün V. Novruzovun aldığı rüşvət yüz min manata qədərdir.
Və sementin gətirilməsində də isə fərqli prinsip işləyir. İddialara görə, V. Novruzov ölkəyə sement gətirilməsini monopoliyaya alıb. Əgər hansısa sahibkar buna cəhd etsə, onun qarşısı elə gömrük keçid məntəqəsində alınır.
V. Novruzov ölkəyə ildə təxminən yarım milyon ton sement gətirir və bu sement dövlət sifarişi ilə inşa olunan obyektlərə satılır. Yəni dövlət büdcəsinin vəsaiti beləcə V. Novruzovun cibinə axır.
Bütü bunlar gömrük generalı haqda ümumi və qısa arayışdır. Bu təhlildə məqsəd gömrükdəki vəziyyəti çatdırmaq deyil, çünki ictimaiyyətə məlumdur.
Məqalənin mahiyyəti V.Novruzovun dövlətin iqtisadi idarəçiliyinə vurduğu zərbələrin əhəmiyyətini çatdırmaqdır.
Bütün bu məlumatlardan sonra bildirək ki, artıq V.Novruzovun timsalında daha bir oliqarxın sonunun başlanğıcıdır.
Belə ki, gömrük sistemində bu ilin əvvəlindən başlanan, ancaq cəmiyyət üçün “qapalı saxlanılan oyun”lar səbəbsiz deyil. Və sərt islahatın başlanacağının xəbərçisidir.
Gömrük generallarının bir-birinə olan münasibətləri xüsusunda gömrükdə baş verən, ölkənin iqtisadi vəziyyətini dərindən zədələyən monopolist addımlar və sair hallar sistemdə ciddi islahatları qaçılmaz duruma gətirib.
Bu islahat anonsunun günü gündən ciddiləşməsi fonunda isə gömrük generallarından bəzilərinin “budanacağı”na da şübhə olunmur…