Mərkəzin direktoru kursları necə təşkil edir?

Sumqayıt şəhərində yerləşən və bir il olar ki, istifadəyə verilən Heydər Əliyev Mərkəzində baş verən özbaşınalıqlarla bağlı Realliq.info-ya məlumatlar daxil olub. Həmin məlumatlarda Mərkəzin fəaliyyətindən narazılıqlar edilir.

Ulu Öndərin adını daşıyan mərkəzin fəaliyyəti ilə bağlı araşdırmalar apardıq. Məlum oldu ki, Heydər Əliyev Mərkəzində rəsmi sənədlərdə yazıldığı kimi tədbirlər və kurslar təşkil olunmur. Mərkəzin direktoru tərəfindən işə qəbul edilən müəllimlərin fəaliyyəti də yoxdur. Onlar ancaq əmək haqqları almaqla məşğuldurlar. Mərkəzdə heç bir kurslar keçirilmir və tədbirlər zamanı ora dəvət olunan şəxslərin çoxu Sumqayıtda yerləşən digər müəssisə və idarələrin gənc əməkdaşlarıdırlar.

Bir müddət öncə Heydər Əliyev Mərkəzinə gələn Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə təqdim olunan vətəndaşlar da həmin şəxslər olub. Lakin, Mərkəzin direktoru nazirlə görüşdə həmin şəxsləri mərkəzdə keçirilməyən kursların tələbəsi kimi təqdim edib. Halbuki bu şəxslər ümumiyyətlə kurslarda iştirak etməyiblər.
Mərkəzdə hər fənn üzrə işə götürülən müəllimlərin isə maaşları hər ay dövlətdən alınır. Direktorun və müəllimlərin keçirilməyən kursları rəsmiləşdirmələri görünür aidiyyatı qurumları narahat etmir.
Heydər əliyevin adını daşıyan mərkəzi öz şəxsi maraqlarının obyektinə çevirənlərin digər qanunsuz əməlləri ilə bağlı araşdırmalarımız davam edir.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. /realliq.info/

Paylaş