Eyyub Hüseynov: “İstehlakçının hüququ var ki, malın üzərindəki qiyməti ödəsin”

Redaksiyamıza oxucu tərəfindən “Rahat” və “Neptun” marketlərindən şikayət məktubu gəlib. Məktubda adıçəkilən marketlərdə ərzaq məhsullarının qiyməti ilə kassadakı qiymətin uyğun gəlmədiyi deyilir.

Oxucu yazır ki, satıcılara bu barədə irad bildirdikdə onlar qiymətlərin dəyişdiyini, lakin piştaxtalarda düzəliş etməyi unutduqlarını deyirlər. Biz də məsələni araşdırmaq üçün hər iki marketə baş çəkdik.

“Neptun” marketdə piştaxtalarda bəzi məhsulların üzərinə qiymət yazılmamışdı. Bəzilərində isə bir qiymət digər məhsulun altında idi. Təbii ki, yaşlı insanlar məhsulun adını kağızda çox kiçik yazıldığı üçün oxuya bilmədikdə almaq istədikləri məhsulun qiymətini həmin qiymət sanırlar. Bu zaman kassada real qiymət vurulanda müştəri aldadıldığını düşünür. Satıcılardan bir məhsulun qiymətinin sürüşərək yanındakına getməsinin, bir sıra məhsulların isə qiymətlərinin nəyə görə olmadığını soruşduqda onlar bunu müştərilərin etdiklərini dedilər. Ancaq bir sıra məhsullar da vardı ki, onların qiymətində 5-10 qəpik artım olsa da, piştaxtada yeni qiymət yazılmamışdı.

Satıcı Aysel İbrahimova alıcılar məhsulların qiymətinə baxarkən qiymətləri sürüşdürdüyünü, bəzən isə azyaşlıların bu kağızları götürdüklərini dedi. Marketdə deyilənlərin həqiqət olduğunu yoxlamaq üçün üzərində qiyməti yazılan bir neçə ərzaq məhsulu aldıq. Çekə baxdıqda düzgün hesablandığını gördük. Qiymətlər necə idisə, elə də hesablanmışdı.

“Həzi Aslanov” metrosu yaxınlığında yerləşən “Neptun” marketin mənfi cəhətlərindən biri də satıcıların müştərilərlə ilgilənməməsi, üzlərindən sanki zəhrimar yağması, vəzifələrini normal yerinə yetirməməsi, alıcı sual verdikdə mızıldanaraq cavab vermələridir. Kassada da eyni vəziyyətdir. Kassaya vurulan mallar kənara atılır, yanına da bir paket atarcasına verirlər ki, özünüz yığın. Halbuki bu, alıcının işi deyil. Çek verilməsi də ləngidilir, bəzən isə verilmir.

Baş çəkdiyimiz “Rahat” marketdə kassa xidməti “Neptun”a baxdıqda normaldı. Ancaq burada da hansısa məhsul barədə məlumat almaq istəsəniz çətin ki, bir satıcı tapasınız. Burada da bəzi məhsulların qiyməti bahalaşsa da, piştaxtada dəyişiklik edilməmişdi. Qiymətlərin bəzilərində 5-10 qəpik bahalaşma olsa da, satıcılar qiymətləri hələ dəyişmədiklərini, ancaq artıq bu işə başladıqlarını deyirdilər. Müştəri ilə market arasında narazılıq da buradan qaynaqlanır.

Ümumi müşahidələrimiz əsasında deyə bilərik ki, hər iki marketdə istehlakçının aldadılması faktoru var. Maraqlıdır, bəs bu məqamda alıcı nə edə bilər?


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu kimi halların istehlakçının bir başa hüququnun pozulması olduğunu dedi: ““Neptun” market yaradılan ilk müasir ticarət şəbəkələrindən biridir. Lakin yaradılandan bəri “Neptun” marketdə problemlər yaşanır. Hətta bir neçə il öncə çox cüzi miqdarda istehlakçıdan pul alınması ilə bağlı da bizə şikayət olmuşdu. Həmin marketlərə məlumatlar vermişik ki, bunu etməsinlər. Ölkə prezidenti 2011-ci ildə Nazirlər Kabinetinin yığıncağında dedi ki, ölkədə şişirdilmiş qiymətlər var. Dövlət orqanları buna qarşı mübarizə aparmalıdır. Təəssüflər olsun ki, Azərbaycanda satışın müasir texnologiyaları tətbiq olunduqca istehlakçıların soyulması da paralel olaraq gedir. Market sahiblərinin hamısı birmənalı şəkildə deyir ki, qiyməti dəyişmək yadımızdan çıxıb. Yadınızdan çıxıbsa, bir dəfə də qiymət kağızda yuxarı, kassada aşağı olsun. Bu barədə bizə bir məlumat da olsa, gəlməyib.

Ancaq piştaxtada ucuz, kassada baha olması ilə bağlı çoxlu şikayətlər gəlib. Bu isə birbaşa istehlakçının aldadılması və istehlakçı hüquqlarının pozulmasıdır. İstehlakçının hüququ var ki, malın üzərindəki qiyməti ödəsin. Belə hallarla rastlaşanda istehlakçılar İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat verməlidirlər. Çox təəssüflər olsun ki, adını çəkdiyim qurum bu sahədə ciddi nəzarət apara bilmir. Ümumiyyətlə, supermarketlər şişirdilmiş mal qiymətlərinin yaradılmasında böyük rol oynayan şəbəkədir. Marketlər üçün Nazirlər Kabinetinin təsdiq etdiyi heç bir qərar yoxdur. Marketlərdə ora mal gətirən sahibkarlardan külli miqdarda pullar alınır, cürbəcür aksiyalarda mal sahibləri iştirak edir. Burada çox böyük problemlər yaşanır. Bu kimi hallarla rastlaşan istehlakçılar İqtisadiyyat Nazirliyinə məlumat verməlidirlər ki, həmin marketlərə qarşı cəza tədbirləri görülsün və orada yoxlamalar keçirilsin”.musavat.com

QAFQAZXEBER.AZ


Paylaş