Ölkəmizdə “novostroykalar” alıb, orada yaşayanların əksəriyyəti bu evlərdə kommunal xidmətlərin baha olmasından narazıdır.

İqtisadçılar da bu barədə bildirirlər ki, əslində Mənzil Tikinti Kooperativlərinin (MTK) kommunal xidmətlər üçün mənzil sahiblərindən topladıqları vəsaitlər iqtisadi cəhətdən əsaslandırılmamış, özbaşına formalaşan məbləğlərdir. Məsələnin digər tərəfi isə «kommunal xidmət haqqı» adı ilə yığılan məbləğin təyinatı ilə bağlıdır.

Bu sahədə təcrübə göstərir ki, kommunal xidmət haqqı ilə binaların saxlanması, əlavə xidmətlər, abadlıq-təmir işləri üçün tələb olunan məbləğlər qarışdırılır.

Sakinlər isə hər ay verdikləri pulun nəyə xərclənməsinin hesabatını apara bilmirlər. Çünki əksər MTK-lar yığılan məbləğlə xərclənən vəsaitin hesabatında şəffaflıq prinsipinə əməl etmirlər. Bu səbəbdən bəzi mütəxəssislər hesab edirlər ki, «novostroykalar»da kommunal xidmət haqqına görə tariflərin müəyyənləşdirilməsinə ehtiyac var.

Digər tərəfdən, yeni tikilən binaların idarə edilməsində də özbaşınalıq, nizamsızlıq özünü göstərməkdədir. MTK-ların, payçıların hesabına tikdikləri binadakı mənzillərin sahiblərini daimi «idarə etmək» təcrübəsi geniş yayılıb. Lakin bu təcrübənin yanlış, həm də qanunsuz olmasına dair fikirlər var. MTK sədrləri, komendantlar və s. adlar altında sakinlərdən pul yığan şəxslərin bina sakinləri qarşısında hesabat verməməsi, xərclərin şəffaf olmaması da qanunsuzluq kimi qiymətləndirilir.

Məsələn, Xırdalan şəhərində, “Sultan” MMC-yə aid binada yaşayan sakinlərdən biri Sonolay.org-a dələduzluqla üzləşdiyini bildirib:
“Bir neçə gün əvvəl qapımızın üstünə kağız yazıb qoymuşdular ki, elektrik enerjisinə görə borcunuz var. Bayram günü olduğundan ödəyə bilmədim. Çünki binanın komendantı və diğərləri işdə yox idilər.

Səhəri evdə olmayanda gəlib mənzilimin işığın kəsdilər. Yalnız 20 manat ödəyəndən sonra mənzilə elktrik enerjisi bərpa oldu. Daha sonrakı gün yerli işıq idarəsindən gəlib sayğacıma baxdılar, dedilər ki, 51 manat borcun var. Mən Azərenerji-nin işçilərinə 20 manat ödədiyimi dedim. Onlar anlatdılar kı, işıq pulunu yığmaq yalnız Azərnerji Səhmdar Cəmiyyətinin səlahiyyətindədir.

20 manatr ödədiyim pulun təyinatını öyrənməkdən ötrü “Sultan” MMC rəhbərliyi ilə görüşdüm. Onlar bu dəfə bildirdilər ki, həmin 20 manata zibil pulu və lift pulu daxildir. Qanunsuz olsa da bu ödənişi etməyənlərin işığını kəsirlər. Guya başqa cür alınmır. Yəni faktiki olaraq istehlakçıların hüququnu pozurlar. Nəzərə alaq ki, zibil pulu adi binalarda 3 manat, lift üçün ödəniş 5 manatdır. “Sultan”MMC isə 12 manat hər ay artıq pul alır. Hələ supulu bu 20 manata daxil deyil. Binaya qaz çəkilmədiyindən enerji pulu da kəllə-çarxa çatır. “

Bəs artıq problemə çevrilən bu məsələnin hüquqi tənzimlənməsi barədə nə demək olar? MTK-lar tərəfindən tikilərək sakinlərin istifadəsinə verilən binaların idarə edilməsi və kommunal xərclərin yığılması şərtləri, qaydasına dair hüquqşünas Natiq Abdullayevin yanaşması fərqlidir. Onun fikrincə, yeni binalarda nəinki pul yığılması, MTK-ların idarə etməsi qanunsuz həyata keçirilir.

Beləliklə, MTK-ların idarə edilməsinə dair qanunvericiliyin tələblərini hüquqşünas N.Abdullayev belə şərh edir:
– Mənzil hüquqlarına dair münasibətlər 01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsi ilə tənzimlənir. Mənzil Məcəlləsinin 109.5-ci maddəsinin tələbinə görə, kooperativ binanın tikintisi və yenidən qurulması tam başa çatdıqdan, həmin binada mövcud olan bütün yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra, altı ay ərzində mənzil-tikinti kooperativi qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir.

Təcrübədə müştərək cəmiyyətlərin yaranması və fəaliyyətinə dair yanlış fikirlərə rast gəlinir.
Bunu izah etməyə zərurət var. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılması və onun fəaliyyətinin təşkili qaydaları Mənzil Məcəlləsinin 119-134-cü maddələrində əksini tapır. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir.

Əksər ekspertlər hesab edirlər ki, müştərək cəmiyyətlər binaların idarə edilməsinin yeganə və optimal üsuludur. N.Abdullayevin suala cavabı isə belə oldu: “Alternativ idarəetmə üsulları da müəyyən edilib. Belə idarəetmə üsulları bunlardır: binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; ixtisaslaşmış istehlak kooperativi və idarəedici tərəfindən idarə edilmə. Ümumiyyətlə, binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımı qaydada saxlanmasını, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Məcəllənin tələbinə görə çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın yuxarıda göstərilən idarə edilməsi üsullarından birini seçməyə borcludurlar. Əgər bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilməzsə və ya həmin binanın üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə, binanın yerləşdiyi ərazinin bələdiyyəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 128 nömrəli, 01 iyun 2010-cu il tarixli qərarı ilə təsdiq olunmuş “Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir. Bu, o deməkdir ki, bina MTK tərəfindən istismara təhvil verildikdən sonra 6 ay ərzində MTK ləğv edilməlidir. Deməli, təhvil verilmiş binalarda MTK-ların fəaliyyəti qanunsuzdur. 1 il ərzində isə binanın idarə edilməsinin Mənzild Məcəlləsində göstərilən 3 formasından biri seçilməlidir. Lakin təcrübə göstərir ki, MTK-lar binanın tikib təhvil verdikdən sonra da onun idarəçiliyini, kommunal və s. təyinatlı pul yığılmasını davam etdirirlər. Bu isə sakinlərin haqlı narazılığına səbəb olur. MTK-ların belə fəaliyyəti qanunsuz olmaqla yanaşı, həm də sakinlərin mənafeyinə uyğun deyil» . Teref.info

Paylaş