Sentyabrın 5-də axşam saatlarında Xaçmaz rayonunun Xudat şəhərindəki marketlərin birində baş vermiş hadisə əhali arasında ciddi söz-söhbətə səbəb olub. “Şimal xəbərləri”nin aldığı məlumatlara görə, həmin vaxt obyektdə olan məxfi dövlət qurumlarından birinin zabiti ilə polis serjantı arasında narazılıq yaranıb. Polis serjantı qarşısındakının kim olduğunu biləndən sonra hadisə yerinə post patrul xidmətinin əməkdaşlarını çağırıb. Zabitin etirazına baxmayaraq onu zorla bölməyə aparıblar. Burada bir qədər saxlanıldıqdan sonra sərbəst buraxılıb.  Baş vermiş insidentə yüksək səviyyədə münasibət bildirilib-bildirilməməsi və hansısa tədbirlərin görülməsi barədə heç bir məlumatımız yoxdur.

“Şimal xəbərləri” qəzeti olaraq biz hadisədə iştirak edən tərəflərin adlarını bilsək də obyektiv səbəblərə görə, açıqlamırıq. Sadəcə maraqlı bir sual ortaya çıxır: Deyilənə görə, mənasız bir mübahisə əsasında, hər hansı cinayət əməlinə və xuliqanlığa yol vermədiyi bildirilən  məxfi xidmət orqanı zabitinin zorla bölməyə aparılması nə dərəcədə qanunauyğundur? Görəsən, hadisənin arxasında  hansı məqsəd durur? Bu xoşagəlməz hərəkətə yol verən polis serjantı və zabitin bölməyə aparılması barədə göstəriş verənlər  əməlləri ilə dövlətin imicinə zərər vurduqlarını düşünüblərmi? Bunu elə-belə yazmırıq, ictimaiyyət baş vermiş olayı bir hüquq-mühafizə orqanının digəri üzərində güc nümayişi kimi qiymətləndirir. Doğrudur, ilkin nəticə çıxarmaq hələ tezdir. Hər halda aidiyyatı dövlət qurumlarının məsələyə kəskin yanaşmasına zərurət var.

Hadisə ilə bağlı müəyyən detalları aydınlaşdırdıqdan sonra mövzuya qayıdacağıq.

Rayon hüquq mühafizə orqanlarının da mövqeyini dərc etməyə hazırıq.

“Şimal xəbərləri”

Paylaş