Kinoaktrisa, baletmeyster, xoreoqraf, pedaqoq, xalq artisti və s. titulların sahibi, eyni zamanda biznes-vumen Leyla Şıxlinskaya onun klinikasında baş mühasib işləmiş qadını külli miqdarda mənimsəmədə və oğurluqda günahlandıraraq 4 ildir ki, hüquq-mühafizə orqanlarının əli ilə təqib edir. Bunu Leyla Şıxlinskayanın təqiblərinə məruz qalan və özünün dediyi kimi həyatı cəhənnəm əzabına dönən keçmiş baş mühasib Şəhla Abbasova danışır.
OperativXeber.az bildirir ki, qadın virtualaz.org saytının redaksiyasına vaxtilə işlədiyi klinikanın sahibi tərəfindən başına gətirilənlər haqda danışıb. Şəhla Abbasova deyir ki, Leyla Şıxlinskaya heç bir dəlil-sübut göstərmədən onu klinikanın 1 milyon manata yaxın vəsaitini “oğurlamaqda” günahlandırır və barəsində 4 il əvvəl hüquq-mühafizə orqanlarına şikayət edib.
Həmin şikayət əsasında əvvəlcə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi iki ilə yaxın istintaq aparıb və bir nəticə əldə edə bilməyib. Daha sonra Leyla Şıxlinskayanın şikayəti Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə ötürülüb. Və iki ildir ki, bu idarə Leyla Şıxlınskayanın “oğurlanmış milyonunu” axtarır və keçmiş baş mühasibi vaxtaşırı olaraq istintaqa çağırıb dindirir, amma oğurluğa, yaxud mənimsəməyə dəlalət edən hər hansı dəlil-sübut tapa bilmir.
Qarabağ döyüşçüsünün həyat yoldaşı keçmiş balerinanın klinikasında işə düzəlir və…
Şəhla Abbasova ailəlidir, yetkinlik yaşına çatmayan iki qız anasıdır. Həyat yoldaşı ehtiyatda olan polkovnikdir, Qarabağ müharibəsinin veteranıdır. Ş.Abbasova deyir ki, 2002-ci ilin dekabrında “Leyla Şıxlinskaya klinikası” nda kassir kimi işə düzəlib. 2-3 ildən sonra yaxşı işlədiyinə görə onu mühasibatlığa təyin ediblər. 2011-ci ildə klinikanın baş mühasibi vəfat edib və Leyla Şıxlinskaya onu baş mühasib postunu tutmağa inandıra bilib.
“Şıxlinskayanın növbəti təhqirlərinə dözmədim, cavab qaytardım…”
“Bu adamla işləməyin necə çətin olduğunu bildiyimə görə baş mühasib vəzifəsini tutmaq təklifindən qəti imtina etdim. Ancaq Leyla Şıxlinskaya məni dilə tutdu, bu vəzifədə yeni baş mühasib tapana qədər müvəqqəti işləməyi xahiş etdi. Beləliklə, 2011-ci ildən klinikanın baş mühasibi vəzifəsini icra etməyə başladım. Həmin vəzifədə işlədiyim müddətdə dəfələrlə Leyla Şıxlinskaya ilə aramızda mübahisələr olurdu, daha doğrusu heç bir əsas olmadan onun kobud rəftarı, təhqirləri ilə üzləşirdim. Tanıyanlar onun necə dözülməz insan olduğunu, işçiləri heç bir səbəb olmadan təhqir etdiyini, alçaltdığını bilir. Nəhayət 2013-cü ilin avqustunda Leyla Şıxlinskayanın növbəti təhqirlərinə dözmədim və ona cavab qaytarmağa məcbur oldum, ardınca ərizə yazaraq işdən çıxdım”-Şəhla Abbasova danışır.
Qisas əməliyyatı: Şıxlinskaya keçmiş baş mühasibi “qara kassa”dan oğurluqda ittiham edir
Lakin bu hərəkət olduqca ambisiyalı, özündən razı, işçilərə həmişə yuxarıdan aşağı baxıb onlarla qul kimi rəftar etməyə alışan xanım Şıxlinskayanın xoşuna gələ bilməzdi. O, keçmiş baş mühasibdən qisas almağa qərar verir və onun barəsində Daxili İşlər Nazirliyinin rəhbərliyinə şikayət göndərir.
Şikayətə əsasən Şəhla Abbasova baş mühasib işlədiyi iki il müddətində klinikanın “qara kassasından” 1 milyon manata yaxın vəsaiti oğurlamışdı. Bəli, yanlış oxumadınız. Xanım balerina və biznes-vumen şikayətində məhz “qara kassa”dan, yəni sahibi olduğu klinikanın vergidən yayındırılan gəlirlərindən edilən oğurluqdan bəhs edirdi. Abbasova deyir ki, o, Şıxlinskayanın şikayət ərizəsi ilə tanış olmağa imkan tapıb və orada məhz qara mühasibatlıqda yol verilmiş mənimsəmə barədə bəhs edildiyini görüb.
Qara mühasibatlığı idarə etmək üçün xüsusi kompüter proqramı
Qara mühasibatlıq isə Leyla Şıxlinskayanın klinikasında həqiqətən mövcud olub və mövcuddur, özü də klinika yarandığı vaxtdan etibarən. Keçmiş baş mühasib deyir ki, onun işinin bir hissəsi rəsmi mühasibatlıq , yəni klinikanın rəsmən vergi uçotuna cəlb edilə gəlir-çıxarını hesablamaq idi. Mühasibin işinin ikinci və əsas hissəsi isə Leyla Şıxlinskayanın vergidən yayılan gəlirlərinin uçotunu aparmaq, həmin qara pulları klinika sahibinin tapşırıqları ilə müxtəlif xarici ölkələrdəki banklara köçürmək, daşınmaz əmlakın və digər aktivlərin alınmasına yönəltməkdən ibarət olub.
Keçmiş baş mühasib danışır ki, klinikada rəsmi mühasibatlığı aparmaq üçün kompüter proqramı ilə yanaşı qara mühasibatlıq üçün də xüsusi proqram sistemi işlənib hazırlanmşdı. Şəxsən Şıxlinskayanın özü tərəfindən idarə olunan bu proqram sistemi olduqca primitiv idi, iri həcmdə məlumat bazasını dəstəkləyə bilmirdi və nəticədə vaxtaşırı olaraq klinikada müalicə almış xəstələrin barəsində məlumatlar öz-özünə silinirdi.
Buna baxmayaraq Şıxlinskayanın qara mühasibatlıq proqramı hər halda işləyirdi və vergidən yayındırılan gəlirlərin hesab-kitabı həmin proqram sistemi üzərindən aparılırdı. Uzun illər boyu klinikada vergidən yayındırılan gəlirlər isə rəsmən bəyan edilən qəpik-quruş gəlirlərlə müqayisə edilə bilməzdi. Söhbət onlarla milyon manatdan gedə bilərdi.
Qara kassada “qara pişiyi” axtarmaq
Və bu qara mühasibatlıq və kifayət qədər ciddi iqtisadi cinayət əməlləri xanım Şıxlinskaya üçün görünür o qədər adi və təbii görünüb ki, o, keçmiş baş mühasibindən qisas almağa qərar verəndə çəkinmədən pulların məhz “qara kassa”dan oğurlandığını göstərib. Çünki klinikanın rəsmi mühasibatlıq işləri tərtəmiz idi və keçmiş baş mühasibin bu işlərdə hansısa mənimsəməyə yol verdiyini iddia etmək mümkün deyildi. Qara kassa isə qaranlıq otaq kimidir, orada qara pişiyi nə qədər istəsən axtarmaq olar…
Şəhla Abbasovanın danışdıqlarından: “İşdən çıxandan az sonra Leyla Şıxlinskayanın məni oğurluqda ittiham edib tutdurmaqla hədələdiyini eşidəndə özüm tələb etdim ki, işimi yoxlasınlar. Klinikaya hansısa özəl audit şirkətindən auditorlar çağırıldı, ancaq məni bu auditə yaxın düşməyə qoymadılar. Üstəlik məlum oldu ki, işdən çıxandan bir müddət sonra mənim otağıma İT-mütəxəssis daxil olub, təxminən 3 saat ərzində kompüterlərdə nəsə axtarıb və klinikanın videomüşahidə kameralarından həmin görüntülər silinib. Bunu mənə klinikanın mühafizəçisi xəbər vermişdi. Leyla Şıxlinskaya bundan xəbər tutanda həmin mühafizəçini işdən çıxardı. Audit yoxlayıb və bu qənaətə gəlib ki, guya mən həqiqətən klinikanın qara kassasından iri məbləğdə vəsaiti ələ keçirmişəm. Gah yarım milyon, gah bir milyon və daha yuxarı məbləğlər səsləndirirdilər”.
“Bandotdel” istintaqa başlayır
Beləliklə, 2013-cü ilin dekabrında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Şəhla Abbasovanın barəsində CM-nin 178.3.2 maddəsi ilə cinayət işi qaldırır, onu tez-tez istintaqa çağırmağa, “oğurladığı pulları boynuna almağı” tələb etməyə başlayırlar.
“Heç bir dəlil, sübut göstərmədən elə təkrar edirdilər ki, pulları götürdüyümü boynuma alım. Deyirdilər ki, ya Leyla Şıxlinskaya ilə anlaşmalıyam, ya da bu işi boynuma götürməliyəm. Axı üzünü belə görmədiyim həmin məbləği necə götürə bilərdim? Klinikanın qara pullarına Şıxlinskayanın Nadya adlı kassiri nəzarət edirdi, nəğd halda qəbul edilən pullar onun kassasında toplanırdı, pulların hara yönəldilməsi barədə qərarı isə kassir ancaq Şıxlinskayanın tapşırığı ilə qəbul edirdi. Baş mühasib kimi mən bir dəfə də olsun qara kassada yığılan pulların üzünü görməmişəm, belə olan halda 1 milyonu necə ələ keçirə bilərdim?”-çarəsiz duruma düşən keçmiş baş mühasib deyir.
Bəs qara mühasibatlıqla niyə maraqlanmayıblar?
Beləcə “Bandotdel”də iş üzrə iki ilə yaxın araşdırma aparılıb, qadını dəfələrlə istintaqa çağırıblar, eyni sualları veriblər və eyni cavabı alıblar. Və həmin istintaq dövründə heç kimin ağlına gəlməyib ki, məsələnin o biri tərəfi-“Leyla Şıxlinskaya klinikası”ında illərdir mövcud olan qara mühasibatlıq və külli miqdarda gəlirlərin vergidən yayındırılması, qeyri-leqal yollarla əldə edilən gəlirlərin “yuyulması” ilə maraqlansın. Keçmiş balerinadan qara pulların rəqsi barədə soruşsun.
“Audit yoxlamasının aktını istədim ki, tanış olum, onu belə mənə göstərmədilər. Vəkil tutdum, özüm audit şirkətinə məktub yazaraq işin yenidən yoxlanmasını istədim. Mənə Audit Palatasından bildirdilər ki, bu yoxlama sənədi etibarsızdır. İkinci dəfə Banditizmlə Mübarizə İdarəsi özü audit şirkətinə müraciət etmişdi, yenə də yoxladılar və bu dəfə də sənədin etibarsız olduğu ortaya çıxdı”-Ş.Abbasova deyir.
Qadın həyat yoldaşını İrana aparmaq istəyəndə xəbər tutur ki…
Nəhayət 2015-ci ilin ortalarında Leyla Şıxlinskayanın şikayəti əsasında qaldırılan cinayət işi Baş prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə ötürülür. Şəhla Abbasova deyir ki, bundan Qarabağ döyüşlərində aldığı xəsarətlərdən müalicə olunan həyat yoldaşını İrana xəstəxanaya aparmaq istəyəndə xəbər tutub.
“Həyat yoldaşım Dasayev Rauf ehtiyatda olan polkovnikdir. Qarabağ müharibəsinin iştirakçısı olub və döyüşlərdə yaralanıb. O, ayağından əməliyyat olunmalı idi və buna görə İrana getməli idik. İstintaqdan icazə istəyəndə müstəntiq mənə bildirdi ki, barəmdə açılan cinayət işi Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilib. O vaxtdan da bu idarədən məni və klinikanın iki kassirini vaxtaşırı olaraq istintaqa çağırırlar. Həyatımız cəhənnəmə dönüb, daim səksəkədə yaşayırıq, bütün karyeram alt-üst olub. Bu necə istintaqdır ki, dörd ildir davam edir və heç bir dəlil ortaya qoyulmur? İstintaq niyə Şıxlinskayadan soruşmur ki, nəyə görə klinikada qara mühasibatlıq tətbiq edib milyonlarla manatı dövlətdən yayındırır? İndi indi də işçilərin üstünə düşüblər ki, mənə pul verdiklərini boyunlarına alsınlar. Deyirlər ki, ifadə versinlər və hər gün kassadan guya mənim tapşırığımla müəyyən məbləğ çıxarıb kənara qoyduqlarını, iş günün sonunda mənə verdiklərini bildirsinlər. Onlara bildirirlər ki, Şəhla onsuz da 12 il həbsxanada yatacaq, sizə şərti cəza verərik, canınız qurtarar”-şikayətçi bunları deyir.
Oğurluq iddiasını kassir Nadya da təsdiqləmir
Şəhla Abbasova bildirir ki, onun klinikadan 1 milyon (yaxud buna yaxın məbləğ) ələ keçirdiyini Şıxlinskayanın ən etibarlı adamı olan Nadya adlı kassiri də təsdiqləməyib: “Bir müddət onun da üstünə düşmüşdülər, o da təsdiqlədi ki, Şəhla məndən pul götürməyib. Mən hətta baş mühasib olanda belə kassirdən gündəlik gəlirin nə qədər olduğu, kassaya nə qədər pul mədaxil edildyini soruşmağa ixtiyarım yox idi. Yalnız Leyla Şıxlinskayanın icazəsi ilə kassadan pul götürülə bilərdi”.
Şikayətçi deyir ki, ona istintaqda Leyla Şıxlinskaya ilə danışıb razılaşmağı da təklif ediblər. Ancaq tələb olunan məbləğ Ş.Abbasova üçün əlçatmazdır. Və o, heç vaxt oğurlamadığı pulları niyə və haradan tapıb Şıxlinskayaya qaytarmalı idi?
Leyla Şıxlinskayanın qara kassası, milyonları və qisas əməliyyatı
“Heç vaxt götürmədiyim pulları necə, haradan alıb verim?”
Şikayətçinin dedikələrindən: “ L. Şıxlinskaya açıq şəkildə deyir ki, ona söz veriblər, məhkəməni udacaq və məndən 1 milyon pul alacaq. Axı mən bu pulu haradan alıb verim? Ümumiyyətlə, mən götürmədiyim pulu necə boynuma alım? 4 ildir bu vəziyyətdəyik, nə qədər dindirilmək olar? Heç bir dəlil, sübut göstərmədən bizi məcbur etmək istəyirlər ki, törətmədiyimiz əməli boynumuza alaq. Mən ölümə razı olaram, amma o ləkəni götürmərəm”.
Prezidentə, Birinci xanıma, Baş prokurora müraciətlər
Şəhla Abbasovanın Leyla Şıxlinskayanın onu hüquq-mühafizə orqanlarının əli ilə illərdir təqib etməsinə, başına gətirilənlərlə bağlı müraciət etmədiyi instansiya qalmayıb. O, prezident İlham Əliyevaya, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Prezident Administrasiyasına, Baş prokuror Zakir Qaralova müraciətlər edib. Bütün instansiyalardan ona bu məzmunda cavab verilib ki, məsələ tam obyektiv araşdırılacaq. Baş prokuror Zakir Qaralov özü də şikayətçini qəbul edib, ona məsələnin obyektiv araşdırılacağını bildirib, narahat olmamağı tövsiyə edib. Amma istintaqın taktikası dəyişməz qalır və işin obyektiv araşdırılması əvəzinə klinikanın işçilərini keçmiş baş mühasibin əleyhinə ifadə verməyə məcbur etməyə çalışırlar.
“Artıq cana doymuşam, ya işi göndərsinlər məhkəməyə, ya da…”
“Artıq cana doymuşam, nə qədər təhdid altında yaşamaq olar? Leyla Şıxlinskaya məşhur adamdır deyə heç bir dəlil-sübut ortaya qoymadan onun günahsız insanı, iki uşaq anasını oğurluqda ittiham edib təqib etdirməsi hansı ədalətə, qanuna, insanlığa sığır? Niyə Şıxlinskayanın qara mühasibatlığı ilə maraqlanıb dövlətdən oğurlanan milyonları araşdırmırlar, amma onun heç bir sübuta söykənməyən oğurluq ittihamına görə məni illərdir istintaqda süründürürlər? Ya sübutları varsa bu işi göndərsinlər məhkəməyə, ya xitam versinlər”-özünün dediyi kimi çarəsizlikdən intihar həddinə gəlib çatmış Abbasova deyir…
Bu dramatik vəziyyətlə bağlı məsələni diqqətdə saxlayacağıq, ümid edirik ki, hüquq-mühafizə orqanları doğrudan da məsələni obyektiv araşdıracaqlar. Və xanım Şıxlinskayanın təhqirlərə dözməyib etiraz etmiş keçmiş işçisindən şəxsi qisas almaq üçün onu ağlasığmaz məbləğdə vəsaiti (özü də qanunsuz yolla əldə edilən vəsaiti) oğurlamaqda günahlandırmaqla hansı dəlil-sübuta əsaslandığına bir daha nəzər salacaqlar. (virtualaz.org)