Halbuki, 25 ildir burda qoyunçuluqla məşğul oluruq. Onlarla ailə bu təsərrüfatda çalışır və bu da o deməkdir ki, onlarla ailə bu təsərrüfatlardan çörək yeyir.
Kiçik sahibkar kimi çalışıb hər ay dövlətin vergisini və başqa ödənişlərini edirəm. Keçmiş icra başçıları, bələdiyyə sədrləri heç vaxt bizə belə münasibət göstərməyib”.
Ağdamdan köçkün düşmüş və Şamaxıda ailəlikcə qoyunçuluq təsərrüfatı ilə məşğul olan Allahverdi Cabbarovun yaylaqdakı taxtadan olan daldalanacağı sökülüb.
OperativXeber.az bildirir ki, sahibkar deyir, bu ərazidə 90-cı illərin əvvəlindən qoyunçuluqla məşğul olur. 2 min başdan çox qoyunu var. Əvvəllər heç bir maneçilik törədilməsə də, indi yerli bələdiyyə və icra hakimiyyəti onun sahibkarlıq fəaliyyətini əngəlləməyə çalışır:
“Deyirəm, axı, bu alaçıqda çobanlar dincəlir. Soyuq olanda qaçıb bu alaçıqda isinirlər, kimə nə maneçiliyi var, niyə sökürsən? Çöllü-biyabandır, bura da şəhərin mərkəzi deyil ha, deyəsən ki, şəhərin götüntüsünü korlayır…
Sağ olsun prezidentimiz ki, bizə şərait yaradır, fəaliyyət göstəririk, ancaq bu məmurlar əngəlləyirlər, imkan vermirlər ki, təsərrüfatımızı inkişaf etdirək, çoxaldaq, irəli gedək…”
Digər çobanlar 1989-cu ildən – hələ dövlətə tabe kollektiv kənd təsərrüfatları dağılmamışdan bu yaylaqda qoyunçuluqla məşğul olublar.
Kolxoz və sovxozlar ləğv olunandan sonra çobanlar özləri öz təsərrüfatlarını yaradaraq fəaliyyətlərini davam etdiriblər. Onlar indiyədək fəaliyyətlərinə əngəllər olmadığını bildirirlər. Sahibkar davam edir:
“O vaxt biz köçkünlər Harami, Muğan düzlərində qalmışdıq.
Rəhmətlik Heydər Əliyevin göstərişi ilə o vaxtkı kənd təsərrüfatı naziri bizi bura yerləşdirdi.
Burda 550 hektara yaxın yerim var. Yəni buranı özbaşına tutmamışıq. O vaxtdan burda 22 ailə çalışır. İndi bura kimə nə məqsədlə lazımdırsa, bizə süni əngəllər yaradırlar ki, təsərrüfatlarımızı atıb gedək”.
Sahibkar dövlət qurumlarına ardıcıl teleqramlar vurub. İcra hakimiyyətinin başçısının qəbuluna düşə bilmir. 22 ailə hazırda sahənin bir tərəfində qurduqları alaçıqlarda qalır.(dia.az)