Son illərdə Azərbaycanda dövlət sifarişlərinin icrası sahəsində çox anormal bir hal geniş yayılıb. Belə ki, bir nəfərin, yaxud bir ailənin bir neçə üzvünün adına yaradılan onlarla şirkət qısa bir müddətdə çoxmilyonlu layihələr üzrə tender qalibi olur, layihələr başa çatandan sonra isə şirkətlər ləğv edilir.
Tender oyunları
Məsələn, “Azadlıq radiosu” bir müddət əvvəl Ağazamanov familiyalı 3 yaxın qohumun adına olan 40-dək şirkətin eyni vaxtda ləğv olunmasına dair məlumatla bağlı araşdırma apararkən, onların 29-nun müxtəlif qurumlardan 1 193 dövlət sifarişi aldıqları üzə çıxıb. Bu sifarişlərin ümumi dəyəri isə 33 milyon manatdan yuxarı olub.
Tender nəticələrinə dair məlumatlara nəzər yetirdikdə məlum olur ki, əksər qurumların 1 il ərzində keçirdiyi tenderlərdə bir şirkət azı 3-4 dəfə qalib gəlmiş olur. Və həmin şirkət tutaq ki, həm ərzaq, həm paltar, həm avadanlıq tədarük edir, həm də yolların, küçələrin, parkların təmirini həyata keçirir. Bəzənsə bu işlərə əlavə olaraq, uşaq bağçalarını ərzaqla da təmin edir. Əksər hallarda nizamnamə kapitalı 10 manatdan yuxarı olmayan şirkətin eyni vaxtda bu qədər işin öhdəsindən necə gəldiyi açıq qalan məsələlərdən biridir.
Bakir Balakişiyevin “səkisalma” mexanizmi
Korrupsiya.az bildirir ki, RealMedia.az” saytı dövlət büdcəsindən şəhər və rayonların icra hakimiyyətlərinə ayrılan vəsaitlərin necə və hansı istiqamətlərə sərf olunduğu ilə bağlı çoxsaylı araşdırmalar təqdim edib. Bu dəfə Beyləqan üçün nəzərdə tutulan pulların nə dərəcədə rasional xərcləndiyini tədqiq etmişik. Əməkdaşlarımız şəhərin problemləri ilə bağlı sakinlər arasında sorğu keçirib. Sorğuda əhali bildirib ki, mərkəzdən uzaq küçələr, məhəlləarası yollar təmir edilmir, işıqlandırılmır, bərbad vəziyyətdədir, harada gəldi tikinti aparılır, 50-70 illik ağacları kəsib, yerində “çubuq” əkirlər. Deyirlər, ancaq görünən yerlərə sığal çəkirlər.
“Sığalçəkmə” prosesi isə yerli məmurlara sərf edir. Nəzər yetirsək görərik ki, Beyləqan şəhərinin abadlığına (şəhər daxili küçələrin asfaltlaşması və səkilərin yeni üzlük daşlarla döşənməsi) ayrılan vəsait rayonda vəzifəli şəxslərin cibinə axır.
Bu əsnada RealMedia.az-a məlumat verən mənbə bildiri ki, tikintidə yeyitilər və maxinasiyalar üzrə “mütəxəssis” olan bir neçə səlahiyyətli şəxs var. Məsələn , icra hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi Bakir Balakişiyev “səkisalma” prosesində mahirdir.
Onun səki maxinasiyalarını Mobil Həsənov reallaşdırır. Hansı ki, “STAR 2017” MMC-nin rəhbəridir. Şirkətin adı ingiliscədən tərcümədə ulduz deməkdir. Doğrudan da nəzər yetirsək görərik ki, maxinasiyalar ulduzu olmağa rayonda bir nömrəli namizəddirlər.
Köhnə tametin üstündən yenisi salınır
İndi isə “STAR 2017” MMC-nin gördüyü işlər barədə. Dövlət büdcəsindən Beyləqa şəhərinin abalığı üçün hər il 97 min manat vəsait ayrılır. Bu vəsaitlə rayonda gözəgörünən yerlərdə səkilərin tametlənməsi aparılır. Bu il Nərimanov küçəsi ilə M. Rəsulzadə küçələrinin səkilərinin üzlükləri dəyişdiriləcək. Bununla da 2017-ci ildə şəhərin abadlaşması sona yetir.
“Abadlıq” işinin necə aparılmasını isə gözümüzlə gördük. Səkidə köhnə tametin üstündən yenisini düzürlər. Bəs niyə köhnə tamet çıxarılmır, nə səbəbə? Çünki sənədləşmədə qeyd ediləcək ki, guya yeni vurulan tametin altına filan qədər sement, çınqıl sərf olunub. Pulu silməkçün əsa lazımdır ya yox? Əslində mürəkkəb mexanizm də deyil. Həmdə intelekti zəif olan yerli məmurlar mürəkkəb korrupsiya mexanizmi fikirləşə bilməzlər. Hamısı üzdədir. Aidiyyatı orqanlar, prokurorluq diqqətli olsa çoxdan qollarına qandal vurmaq olardı.Yaqin ki, təqdim etdiyimiz yazıdan və fotolardan sonra bu baş verəcək.
Məsələni diqqətdə saxlayacağıq.