Tanınmış hüquqşünas Aslan İsmayılov Bakının Nizami rayonu ərazisində “yaşıl terror”un görüntülərini sosial şəbəkələrdə yayıb
Vəkil Nizami Rayon İcra Hakimiyyəti binasının yaxınlığında hasarlanmış yaşıllığın görüntülərini paylaşıb.
O, bildirib ki, artıq tikinti materialları tökülüb, köşklər quraşdırılıb, tezliklə ağaclar qırılacaq, restoranlar tikiləcək.
Bütün sağ-sol eyni mənzərədir və satış obyektlərinə görə ağaclar qurban verilir. A.İsmayılov qeyd edib ki, obyektlərin icra başçısına yoxsa başqasına məxsus olduğunu bilmir. Lakin faktiki olaraq ərazidə “yaşıl soyqırımı” getməkdədir.
Ümumiyyətlə, paytaxtda icra başçıları parkları tikinti meydançasına çeviriblər. Amma Nizami rayonunda ağaclara qənim kəsilməsi xüsusi qeyd olunmalıdır.
Bundan qabaqkı başçılar da, indiki rayon icra hakimi Arif Qasımov da Nizamidə yaşıllıq qoymayıb. Bakının Nizami rayon icra başçısının yaşıllıqları kütləvi şəkildə qırmasında əlaltıları məlum olub.
Mətbuata yayılan xəbərə görə, Arif Qasımovun “ağac soyqırımı” ilə məşğul olan mütəşəkkil dəstəsində yaxın dostu olduğu deyilən iş adamı Ramin Babayev xüsusi fəallıq edir. Bu sahibkarın “Neftçilər” metrosu yanında obyektləri var./azxeber.com