İki gün öncə Azərbaycanın tanınmış aparıcısı Şəfa Mehmanqızının Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlqələr şöbəsinin rəhbəri vəzifəsindən uzaqlaşdırılmasını bir çox xəbər portalları “Ziya Məmmədovun son kadrı da işdən çıxdı” başlığı ilə tirajladı. Bununla da elə bir rəy formalaşdı ki, sanki keçmiş nəqliyyat nazirinin “kölgə kabineti”ndə son “budama” əməliyyatı başa çatdırıldı. Amma əslində Ziya Məmmədovun hələ xeyli sayda “son kadrı” olduğu kimsəyə sirr deyil və bunların “təmizlənməsi” zərurəti yaransa, daha doğrusu, müxtəlif adlar altında vəzifələrindən kənarlaşdırılması aktuallıq kəsb etsə, buna xeyli vaxt sərf etmək lazım gələrdi…
Yeri gəlmişkən, Ziya Məmmədovun kadrlarından söhbət düşəndə, ilk növbədə nəinki hansısa qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi statusunda olan ortabab işçi, icra başçısı, nazir və nazir müavinləri, nazirliyin şöbə müdirlərləri yada düşür. Elə götürək keçmiş nəqliyyat nazirinin qudası, kənd təsərrüfatı naziri Heydər Əsədovu, yaxud xalası oğlu olan Qubanın icra başçısı Yaşar Məmmədovu və ya həmin rayonun keçmiş icra başçısı, sonradansa işsizlər ordusuna qoşulmaqdan son anda qurtularaq kənd təsərrüfatı nazirliyində şöbə müdiri vəzifəsi ilə kifayətlənən Mübariz Ağayevi. Biz hələ Goranboyun “Şöhrət” ordenli icra başçısı Nizaməddin Quliyevi demirik. Sonuncunun da bir zamanlar Ziya Məmmədovun kadrı olması ilə bağlı çoxsaylı yazılar işıq üzü görmüşdü.
Əlbəttə, Goranboyda bu günədək kütləvi hesab ediləsi hər hansı sosial narazılıq və ya sorağı Bakıyadək gəlib çatan xoşagəlməz olay ən azından medianın “qulağ”ına çatmadığından Nizaməddin Quliyevin adı məmləkət insanına o qədər də tanış gəlməyə bilər. Amma ölkədə ilk kütləvi sosial partlayış baş verərək icra başçısının imarətinə od vurulmasıyla tarixə düşən Quba son illər ərzində dəfələrlə mətbuatda və bütövlükdə cəmiyyətdə dilə-dişə düşüb.
Quba şəhərinin ən hündür yerindən İcra Hakimiyyətinin binasına və “Heydər Əliyev parkı”na “yuxarıdan aşağı baxan” gözəgörünməz imarət sahibi Mübariz Ağayev…
Xatırladaq ki, Ziya Məmmədovun kadrı olan Rauf Həbibovun Mübariz Ağayevlə əvəzlənməsi ilə yaxşılığa doğru hər hansı nəzərəçarpacaq dəyişiklik baş vermədi. Nə rayondakı işsizliyin qarşısının alınması ilə bağlı ürəkaçan tədbirlər həyata keçirildi, nə də insanların icra strukturları və ya bələdiyyələrdən narazılığının aradan qaldırılması istiqamətində kəsərli addımlar atıldı. Günlərin bir günü Qubada Mübariz Ağayev erası sona çatdı və ondan estafeti Ziya Məmmədovun növbəti kadrı, bu dəfə isə doğmaca xalası oğlu Yaşar Məmmədov götürdü. Talesizlikdən Yaşar Məmmədov də insanlara Qubadakı xoşagəlməz olayları unutduracaq rahatladıcı addımlar atmağa tələsmədi. Amma maraqlıdır ki, həm Mübariz Ağayev, həm də Yaşar Məmmədov Qubanın bənzərsiz təbiəti və cəlbedici iqliminə özünəməxsus töhfə verərək özlərinə gözqamaşdırıcı imarətlər tikməkdən imtina etmədilər. Təbii ki, hər bir kəsin özünə fərdi ev, dəbdəbəli villa və ya hansısa obyekt tikmək haqqı var və qanuni yolla əldə etdiyi pulları bu istiqamətdə xərcləməsinə kimsə “mız” qoymamalıdır. Amma söhbət ölkə prezidentinin vaxtaşırı təvazökarlığa səslədiyi məmurdan gedirsə, burada əmma axtarmağa dəyər. İllah da ki, söhbət məhz dəbdəbəli villası oda verilən bir icra başçısının qovulmasından sonra yerinə gələn ikinci və üçüncü icra başçısının heç nə olmayıbmış kimi Qubalılara qarşı saymazyana davranış sərgiləyərək özlərinə daha gözqamaşdırıcı imarətlər tikdirməsidir.
Sual oluna bilər, necə nəticə çıxarıblar? Çox sadə. İstər əvvəlki icra başçısı Mübariz Ağayevin, istərsə də onu əvəz edən hazırki icra başçısı Yaşar Məmmədovun özlərinə imarət tikintisi üçün seçdikləri unikal coğrafi mövqe lap nağıllarda, dastanlarda deyildi kimi əlçatmaz-ünyetməz olduğundan onu nəinki yandırmaq, heç həndəvərinə də yaxın düşmək mümkün deyil. Yəni Bəzz qalası və ya “Koroğlu” dastanında təsvir edilən Çənlibeldəki kimi ən Quba şəhərinin hündür yerində tikilən bu imarətlər dörd bir yandan əlçatmaz hasarlarla elə əhatələnib ki, ora ancaq zirehli və tırtıllı hərbi texnikanın xidmətindən istifadə etməklə yaxınlaşmaq olar. Bu hələ harasıdır? Ziya Məmmədovun hər iki kadrının imarətlərini foto və ya videolentə də köçürərək sübut üçün göstərmək kimsəyə müyəssər olan məsələ deyil. Yeganə çıxış yolu həmin dəbdəbəli villaları pilotsuz uçuş aparatları-dronlardan istifadə etməklə çəkərək göstərmək ola bilər.
Yaşar Məmmədovun Quba şəhərindəki “gözəgörünməz” imarətinin kilometrlərlə uzanan hasarı…
Amma təbii ki, dövlətin müvafiq qurumları var ki, onlar necə deyərlər, dovşanı araba ilə tuturlar və həmin imarətlərin nəinki görüntülərini, həmin məkana nə qədər xərc çəkilməsindən tutmuş neçə otaqdan ibarət olmasına qədər bilirlər, yaxud istək olsa bilmələri qısa vaxt aparar. Təbii ki, bizim bu imarətlərin rəsmi olaraq kimin adına olmasını və ya halal, yoxsa haram pulla tikilməsini sübut etmək üçün əlimizdə hər hansı imkanlar yox dərəcəsindədir. Amma bildiyimiz bir şey var ki, Ziya Məmmədovun hələ xeyli sayda yaxın adamı yüksək postlarda öz bildikləri formada dövlətə və millətə xidmət edir. Necə xidmət etməsini də təftiş etmək bizə düşməz, çünki qosqoca dövlət və onun strukturları var.
Yeri gəlmişkən, ötən ayın 17-də Mübariz Ağayev övladına toy edib və adını çəkməyə gərək duymadığımız bir komitə sədrinin müavini ilə quda olub. Həmin toyda xeyli sayda Ziyasevərlərin iştirak etdiyi deyilir. Xüsusən də yazıda adını çəkdiyimiz kadrlar-qohumlar bir masada Ziya Məmmədovun sağlığına badə qaldırıblar və sanki heç bir şey olmayıbmış kimi hələ də onun komanda üzvləri olmaqdan şərəf duyduqlarını özünəməxsus şəkildə büruzə verməkdən çəkinməyiblər. Görünür, onlar “bəlkə də qaytardılar” məntiqinə uyaraq Ziya Məmmədovun ulduzunun yenidən hansısa formada parlaya biləcəyi ümidini ifadə etmiş olublar. Lap nağıllarda və dastanlarda olduğu kimi…
moderator.az