Ələsgər Məmmədli: “Buna nəzarət edən nazirlik və qurumlar nəzarət mexanizmini yerinə yetirmir”
“Bütün bunlar onu göstərir ki, qoyulan investisiyalara ictimai nəzarət, hesabat müxanizmi olmadığı müddətcə onların effektivliyi aşağı düşür”
“Son iki-üç ildə informasiya texnologiyalarına qoyulan investisiyalarla bağlı çox ciddi araşdırmalara ehtiyac var”.
Bunu “Sherg.az”a Media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədli deyib. O bildirib ki, ölkə ərazisində 4 il əvvəl mövcud olan internet sürətini indi almaq mümkün deyil:
“Burada səbəblərdən biri istifadəçilərin sayının çoxalması ola bilər. Digər tərəfdən ciddi şəkildə alternativ mənbələr yoxdur.
“Aztelekom” ötən gün kabel dəyişikliyi ilə bağlı ölkə ərazisində internetin dayanacağını bəyan etdi. Bu, anormallıqdır. İnternet sadəcə bir mənbədən verilir. Onu da kəsirsinizsə, Azərbaycan “Aztelekom”un daxili şəbəkəsi olmuş olur. Bu, həm informasiya təhlükəsizliyi, həm də dövlət qurumlarının elektron idarə olunması məsələsində böyük problem yaradır. Bütün proseslər demək olar ki, elektron sistem üzərində oturub. “Aztelekom” internet fasiləsi yaradırsa, başqa şəbəkələr istifadə edilə bilər. Şirkətin bu cür addımı monopoliya yaradır.
Digər tərəfdən buna nəzarət edən nazirlik və qurumlar nəzarət mexanizmini yerinə yetirmir. Mobil operatorların özlərinin qoyduqları investisiya və verdikləri internetin keyfiyyəti gündən-günə azalır. Bu gün mobil internetin sürəti çox bərbaddır. Bütün bunlar onu göstərir ki, qoyulan investisiyalara ictimai nəzarət, hesabat müxanizmi olmadığı müddətcə onların effektivliyi aşağı düşür”.
Qeyd edək ki, oktyabrın 11-i (10-dan 11-nə keçən gecə) Goranboy, Beyləqan, Bərdə, Ağcabədi, Ağstafa, Astara, Biləsuvar, Yevlax, İsmayıllı, İmişli, Şəmkir, Sabirabad, Qəbələ, Tovuz, Ağdaş, Saatlı, Siyəzən, Zərdab, Cəbrayıl, Gədəbəy, Xızı, Oğuz, Şabran rayonlarında internet təchizatında müəyyən fasilələr yarana bilər. Buna səbəb isə “Aztelekom” şirkətinin bu sahədə işlər aparmasıdır.