“Polkovnik Nofəl Məhərrəmov qaynı mayor Ceyhun Nuriyev vasitəsilə məndən 150.000 avro tələb edirdi”. 

Ceyhun Nuriyev vətəndaş S.Hacıyevdən Nofəl Məhərrəmov üçün 150.000 avro tələb etməsini təsdiqlədi. 

İlqar Abbasov: “Polis əməkdaşlarının bu hərəkətləri keçmiş MTN-çilərin cinayətkar əməllərindən elə də çox fərqlənmir.

Xaçmaz rayon polis şöbəsinin rəisi Nofəl Məhərrəmov gəncəli iş adamı S.Hacıyevi şantaj, hədə-qorxu və digər tələbləri ilə intihar həddinə çatdırıb”.

Bu sözləri QAFQAZXEBER.AZ saytına hüquqşünas, Qafqaz Hüquq Mərkəzinin baş direktoru İlqar Abbasov bildirib. Onun sözlərinə görə, illər əvvəl Gəncə şəhər polis idarəsinin rəis müavini işləyən Nofəl Məhərrəmov “Azercell”in Gəncə regionu üzrə rəsmi nümayəndəsi kimi fəaliyyət göstərən, sahibkar S.Hacıyevlə münasibət quraraq, öz “pullarını dövriyyəyə buraxmağı” təklif edib. “Maraqlarını təmsil etdiyim şəxs bildirir ki, ona hər ay 10-20 min ABŞ dolları civarında pul verən Nofəl Məhərrəmov bu pullardan öz gəlirini mütəmadi götürürmüş. Lakin, sonradan onun “vurulmasıyla”, S.Hacıyev zərbə altında qalıb və 2000-ci ildə 25.000 dollar pul verərək, özünü həbsdən və digər problemlərdən qurtarıb.

Bundan başqa, S.Hacıyev o vaxtlar işləməyən Nofəl Məhərrəmova daim mənəvi dəstək olmaqla bərabər, tez-tez onun evinə ərzaq da göndərirmiş. Nofəl Məhərrəmov Bakı şəhəri Nizami rayon Polis İdarəsinə rəis təyin ediləndən sonra, S.Hacıyevə müxtəlif məbləgli sifarişlər verib, amma pulunu ödəməyib. Belə ki, Hacıkənd qəsəbəsində əcnəbilərə kirayə vermiş olduğu evini boşaltdırıb, yayda 1 ay dincələn zaman evi bərbad hala salaraq külli miqdarda ziyan vurmuşlar. Nofəl Məhərrəmovun Türkiyəyə və Ukraynaya turist səfərləri, istirahət üçün otel-sanatoriya sifarişi, limuzin kirayəsi, təyyarə bileti, transfer və sairə. 

Bundan başqa, N. Məhərrəmovun qohumunu musiqi kollecində oxutdurmaq, sonradan işə düzəltmək. Bütün bu “dəbdəbə” və “kapriz”lər S.Hacıyevə 250.000 manatdan çox qiymətə başa gəlib”.

Onun sözlərinə görə, bu azmış kimi, Nofəl Məhərrəmov keçən ildən etibarən, S.Hacıyevi təhdid edərək, ondan 150.000 avro və eləcə də Hacıkənd qəsəbəsində olan evi tələb etmişdir. S.Hacıyev Xaçmaz prokurorluğuna etdiyi şikayətində göstərir: “2017-ci ilin yanvar ayında, Nofəlin qaynı, Gəncə ŞPİ-nin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi vəzifəsində işləyən Nuriyev Ceyhun … nömrəli telefondan (telefon nömrəsini saytda qeyd etdmirik-red.) mənə zəng edərək görüşməyi təklif etdi. Onunla, Bakı şəhərində “Xalqlar Dostluğu” metrosu yanında olan kafedə görüşdük. Ceyhun mənə dedi ki, onu Nofəl yollayıb, 150.000 avro pulunu istəyir və deyir ki: “Onun mənə borcu qalıb. Əgər pulu yoxdursa, Hacıkənddəki evindən xoşum gəlir. Həmin evi 50.000 avro qiymətləndirirəm. Qalan pulun əvəzinə də Gəncədəki parkda onun karusellərinin sökülüb götürülməsi üçün adam yollayacam”. 

Göründüyü kimi, Nofəl Məhərrəmov maraqlarını təmsil etdiyim şəxsə dəfələrlə hədə-qorxu gəlməklə, onu müntəzəm olaraq psixoloji gərginlik və təhdid altında saxlayıb. Öz vəzifə və səlahiyyət mövqeyindən istifadə edərək, onun pulunu-əmlakını əlindən almağa çalışıb”.

Hüquqşünas qeyd edib ki, Ceyhun Nuriyev dəfəıərlə telefonla zəng edib ondan Nofəl Məhərrəmovun qoyduğu şərtə əməl etməyi tələb etmiş, imtina edəcəyi təqdirdə isə ona yaxşı olmayacağı ilə “xəbərdarlıq” edirmiş. Onunla sonralar da bir neçə dəfə görüşən Ceyhun Nuriyev hədə-qorxu gələrək deyib ki: “Nofəl Gəncənin rəhbərliyi ilə danışacaq, hər şeyi sənin əlindən alacaq. Yaxşısı budur ki, özün xoşluqla razılaş”. O, isə: “Nofəllə şərikli işimizin “haqq-hesab dəftəri” var, görüşüb məsələni ayrıd edərəm” dedikdə, Ceyhun Nuriyev: “Sən Nofəlin qoyduğu şərtə əməl etməsən o, səni qəbul etməyəcək, biz də səndən əl çəkən deyilik”, deyə cavab verib. Ceyhun Nuriyevin heç bir məsuliyyətdən qorxmadan özünün və Nofəl Məhərrəmovun adından belə aqressiv mövqedən çıxış edərək, hədə-qorxu gəlməklə pul-əmlak tələbləri, ondan əl çəkməmələri, S.Hacıyedə psixoloji sarsıntı yaradır və o, hər hansı bir pis əməlin qurbanı olması vəziyyətində olduğunu başa düşür. O, Nofəl Məhərrəmova dayanmadan telefon zəngləri edir ki, onunla danışıb görüşməyə getsin, lakin zənglərinə cavab verilmir. Əvəzində Ceyhun Nuriyev ona deyir ki, “Sən öz evini mənim adıma keçirməsən xeyri yoxdur. Ancaq evini mənim adıma keçirəndən sonra Nofəl səninlə görüşəcək”.

Nofəl Məhərrəmov isə artıq Xaçmaz RPŞ-nin rəisi vəzifəsində işləyirdi. Onun Ceyhun Nuriyev vasitəsi ilə yolladığı hədə-qorxu xəbərdarlıqlarına və Ceyhun Nuriyevin onu açıq-aşkar sıxışdırmasına görə S.Hacıyev öz evini onun adına sənədləşdirmək məcburiyyəti qarşısında qalır. Lakin, həmin evin heç bir sənədi olmadığına görə, tez bir zamanda, yəni 03.02.2017-ci il tarixdə öz anasının adına müvafiq sənədi düzəldir və 09.02.2017-ci tarixdə isə Gəncə şəhərində notariusda anası öz adında olan daşınmaz əmlak üzərində olan bütün səlahiyyətlərin Nuriyev Ceyhun Muzaddil oğluna verilməsi barədə baş etibarnamə verir. Elə oradaca Ceyhun Nuriyev evi baş etibarnamə ilə götürdüyünü telefonla Nofəl Məhərrəmova məlumat verir. Lakin, o, etiraz edib evi ancaq “alqi-satqı müqaviləsi” ilə sənədləşdirməyi göstəriş verir. Notarius təzədən “Alqı-satqı müqaviləsi” tərtib edir, lakin Ceyhun Nuriyev özünə məlum olan səbəbdən həmin müqaviləni imzalamaqdan imtina edib əvvəlki baş etibarnaməni özü ilə götürür.

Gəncə şəhərində işi-gücü, mülkiyyəti, obyektləri, vəsaiti və sairə olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan S.Hacıyev çox götür-qoy edir, düşdüyü oyundan çıxış yolu tapmır, çünki özünün dediyi kimi: “qudası, qaynı və digər qohumları hal-hazırda Gəncə şəhər Polis İdarəsində işləyən Nofəlin, özü də uzun müddət orada polisdə vəzifədə işləyib yaşadığı üçün istədiyi hərəkəti etdirə bilərdı” və bu təhlükə hissini təkcə o, özü yaşamır, çünki, qarlı-soyuq havada təcili sənəd alınması üçün Reeyestr Xidmətinə, sonradan isə qəflətən notariusa aparılan anasına hər şey agah olur və yaşlı qadın dərin iztirab keçirir. Məsələ digər ailə üzvülərinə də aydin olur.  Bu isə S.Hacıyev üçün lap dözülməz olur. Çünki, uzun illər ərzində çoxları ilə birgə iş görmüş və bu gündə işlədiyi adamlardan heç kimlə heç bir problem, mübahisə olmadığından, necə deyərlər “puldan ötəri qapısı döyülmədiyi” halda, Məhərrəmov Nofəl və Nuriyev Ceyhunun hərəkətləri onun əsəblərini tarıma çəkərək dözülməz həddə çatdırır. Bu səbəbə, o, məcbur olub Nofəl Məhərrəmovla görüşüb, uzun illər dəst-xəttlə yazdığı “haqq-hesab dəftəri”ni ortaya qoyub araşdırmaq və kimin-kimə borclu olmasını ayrıd etmək məqsədi ilə Xaçmaz rayonuna gedir. Nofəl Məhərrəmov iş otağında onu dinləsə də öz tələbindən dönmür. Hətta S.Hacıyevin deməsinə görə ona deyib ki, “Get beş lotu gətir, mən səni onların yanında başa salım…”.

S.Hacıyev özünü yandırmaqdan savayı çıxış yolu tapmır. S.Hacıyev özünü yandırdıqdan sonra, bu işi ört-basdır etməyə, ağır vəziyyətdə olan S.Hacıyevi Xaçmaz rayon xəstəxanasında saxlamağa çalışıblar, belə ki, telefon zəngi ilə onun harayına gələnlərə orada olan polislər maneçilik törədərək aparmağa icazə vermirmişlər. Əvvəl Bakıda 5 saylı xəstəxanada, sonra isə Türkiyədə müalicə almaqla və 12 dəfə cərrahiyyə əməliyyatı keçirdikdən sonra onu ölümdən xilas etmək mümkün olsa da, hələ uzun müddət davamlı müalicə almalıdır. Lakin Nofəl Məhərrəmov hələ də müxtəlif şəxslər vasitəsilə S.Hacıyevə xəbərlər göndərir, ondan “borcu nə vaxt bağlayacağı”nı soruşur… Polis əməkdaşlarının bu hərəkətləri keçmiş MTN-çilərin cinayətkar əməllərindən elə də çox fərqlənmir.

Dövlət başçısı və Daxili İşlər Naziri də dəfələrlə belə halları sərt tənqid edib. Əminik ki, haqq-ədalət yerini tapacaq”, -deyə İ.Abbasov vurğulayıb qeyd etdi ki, S.Hacıyevin şikayətindən sonra, o, sentyabr ayında Xaçmaz prokurorluğuna dəvət olunub, müstəntiq Qüdrət Həmidov tərəfindən izahatı alınsa da başqa zəruri hərəkətlər hələdə yerinə yetirilməmiş qalır.

Biz redaksiyadan Nofəl Məhərrəmovun qaynı Nofəl Nuriyevin mobil nömrəsi ilə əlaqə saxladıq (050-***-89-83). O, S.Hacıyevdən Nofəl Məhərrəmov üçün 150.000 avro tələb etdiyini təsdiqlədi: 

-“Siz bir gedin dəqiqləşdirin… Tələb eləmək deyəndə ki, borcu var, vermir”.

-“Onun Nofəl Məhərrəmova 150.000 avro borcu var? Onun üçün tələb edirdiniz pulu?”, -deyə dəqiqləşdirmək istədik.

-“Bəli”, -deyə Ceyhun Nuriyev təsdiqlədi.

-“Yaxşı, bəs Nofəl Məhərrəmov polisdə işləyə-işləyə 150.000 avronu necə qazanıb ki, başqasına borc da verib?”, -deyə soruşduq. Ceyhun Nuriyev bu sualdan əsəbiləşərək: 

-“Gedin işinizlə məşğul olun” deyib dəstəyi atdı.

Nofəl Məhərrəmovun öz mobil nömrəsinə də zəng etdik, lakin zənglərimiz cavabsız qaldı. 

Məsələ nəzarətimizdədir, araşdırmamız davam edir…

Paylaş