Bakının Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abidin Fərzəliyev müavini Şahmar İbadovu qurban verir
Bu haqda Palitika.Az-ın əldə etdiyi məlumatda deyilir ki, icra başçısı müavininin adının mediada xərclənməsində maraqlıdır.
Son dövrlərdə A.Fərzəliyevdən daha çox, 1-ci müavini olan Ş.İbadovun adı mətbuatda tez-tez hallanmaqdadır.
Onun gah rayondakı biznesi, gah sahibkarların obyektlərinə “haqq” qoyması, gah da oğlu Elmir İbadovun ölmlə nəticələnən qəza törətməsi ilə gündəmə gəlməsi icra başçısının arxa planda qalmasına səbəb olur.
Fərzəliyevin siyasəti də məhz İbadovu qabağa verərək özünü qalmaqallardan uzaqda saxlamaq və kristal olduğunu göstərməkdir. Ş.İbadov isə ya zəlzəldən, ya vəlvələdən medianın gündəmindən düşmür.
Onun oğlunun törətdiyi qəzadan sonra Nərimanovdakı tikintilərinin üzə çıxması göstərir ki, müavin başçısı geridə qoyub. Yuxarılar isə prosesi təqib edirlər. İbadovun “rasxod”a verilməsi faktoru nəzərdən yayınmır.
Bununla özünü təhlükələrdən qoruyan Fərzəliyevin məsələni razılaşdırılmış şəkildə icra etdiyi yoxsa pərdəarxası planlar qurduğu qeyri-müəyyən olaraq qalır.
Reallıq ondan ibarətdir ki, Ş.İbadovun reputasiyası kifayət qədər korlanıb. Onun adı o qədər mətbuatda çəkilib ki, bütün imici yerlə-yeksan olunub. Başçı müavini “rasxod”a verilməklə gələcək karyerasının üstündən də xətt çəkmiş olub.
Nərimanovun şef müavininin adı Gülən və nurçu hadisələrinə qədər hallanıb.
Belə bir dosyenin prezidentə göndərilməsi heç də İbadova yaxşı gələcək vəd etmir. Bir məmurun adı 2-3 dəfə hansısa xoşagəlməz işdə hallana bilər.
Nərimanov rayon rəhbərliyində 2-ci adamın adının mütəmadi olaraq mediada hallanması heç yaxşı hal deyil.
İbadov düşünə bilər ki, ona qarşı kampaniya aparılır. Ancaq ortada faktlar var və buna özü şərait yaradır. Son olaraq oğlunun törətdiyi cinayət yaddan çıxmayıb.
Sadəcə, onun bəxti gətirdi ki, bu hadisə Baş nazirin müavini Əli Həsənovun nəvəsinin iki adamı qəzada öldürməsi ilə eyni dönəmə təsadüf elədi. İbadov sivişib çıxmağı bacardı və oğlunu həbsdən qurtardı.
Əgər ayrı vaxt olsaydı, hadisələr böyüyəcəkdi və oğlu həbsə gedəcəkdi. Bütün bu proseslərin fonunda icra başçısı A.Fərzəliyev yaxasını kənara çəkərək özünü görməzliyə vurur.
Mənbə qeyd edir ki, Fərzəliyevi qoruyan qüvvələr İbadova qahmar çıxmırlar. Müavin tezliklə vəzifəsindən kənarlaşdırıla bilər. Elə icra başçısının da bu niyyəti olduğu deyilir. Fərzəliyev İbadovdan canını qurtarmaq fikrindədir.
Necə ki, MTN-də bütün işlər Çovdarovun üzərinə yükləndi, eləcə də Nərimanov RİH-də də İbadov üstündə fokuslanır.
Hərgah, Fərzəliyevin adı MTN işinə qədər gedib çıxıb. Onun MTN generalları ilə əlaqələri və torpaq sahələrini zəbt etmələri haqda məhkəmələrdə faktlar açıqlanıb.