Qlobal.az bir neçə gün bundan öncə Bakı tennis Akademiyasının inzibati binasının “bazar”a çevrildiyi barədə yazı dərc etmişdi.
Yazımızda vurğulamışdıq ki, Azərbaycanda dövlət büdcəsindən maliyyələşən bəzi idarə və müəssisələrin, təşkilat və cəmiyyətlərin rəhbərləri tərəfindən “özəl obyekt” kimi işlədilməsi artıq ənənə halını almaqdadır. Hər il dövlət büdcəsindən milyonlarla vəsaitin ayrılmasına baxmayaraq, bu tip müəssiələrin rəhbərləri qeyri-qanuni olaraq, tabeçiliklərindəki bazaları, tikililəri, zirzəmi və qarajları, hətta, bəzən inzibati binalarının birinci mərtəbələrini şəxsi maddi maraqları naminə icarəyə verirlər. Əlbəttə ki, bu cür “əqd”lərdə əldə olunan vəsaitlər dövlət büdcəsinə yox, birbaşa həmin təşkilatların rəhbərliyində təmsil olunan şəxslərə indekslənir. Məsələnin acınacaqlı tərəfi isə budur ki, iş adamlarına, biznesmenlərə qeyri-qanuni olaraq daha çox məkan icarəyə verən dövlət maliyyəli müəssisələrin arasında ictimai, təhsil və idman profilli təşkilatlar üstünlük təşkil edir. Çox zaman isə “icarəyə” alınan məkanların gələcək funksiyası həmin müəssisələrin profili ilə üst-üstə düşmür.
Misal olaraq isə, son günlər ölkənin gündəmini zəbt etmiş qalmaqallı “26-lar” kafesini göstərmişdik.
Yazımızda qeyd etmişdik ki, inzibati binanın birinci mərtəbəsinin yola baxan hissəsində fəaliyyət göstərən obyektlərin hamısı da akademiyanın profilinə zidd olan xidmətlə məşğuldurlar. Belə ki, burada “Ankara futbol məktəbi”, “Ev alqı-satqısı”, “Baku Flowers” adlı gül mağazası və “Ləziz kafe” fəaliyyət göstərir.
Akademiyanın fəaliyyəti ilə bir başa zidd olan bu obyektlərin direktora yaxın olan şəxslərin işlətdiyi deyilir.
Məsələnin maraqlı tərəfi isə, Bakı Tennis Akademiyasının rəsmi saytında qalyan təklif etmələridir.
Bu yazıdan sonra Qlobal.az Bakı Tennis Akademiyasının direktoru haqda ilginc məlumatlar əldə edib.