Bu günlərdə Tərtər rayonunda böyük korrupsiya faktının üstü açılıb
Palitika.Az-a verilən məlumata görə, Rayon İcra Hakimiyyətində müavin vəzifəsində işləmiş və işindən qovulmuş qalmaqallı məmur Vidadi Bəylərov ifşa olunub.
Onun dövlət vəsaitini talan etmə və mənimsəmə faktı bu dəfə Tərtər rayon Telekommunikasiya Qovşağında qeydə alınıb.
Bir müddət əvvəl Tərtər ATS-in xanım əməkdaşlarından biri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edərək qovşaq rəisi Vidadi Bəylərovun əməllərindən yazıb.
RİH-də başçı müavini vəzifəsindən kənarlaşdırılandan sonra ATS rəisi təyin olunan V.Bəylərovun qanunsuz fəaliyyəti haqda nazirliyə gedən məktub təftişə səbəb olub.
Nazirlikdən Tərtərə gedən komissiyanın yoxlaması qovşağın xanım əməkdaşının yazdıqlarını təsbit edib. Nəticədə V.Bəylərovun 40 min manatlıq dövlət vəsaitini mənimsəməsi faş olub.
Məlumatda deyilir ki, V.Bəylərov yaxın çevrəsində olan adamların adlarına pul yazaraq maliyyəni mənimsəməyə nail olub.
Komissiyanın araşdırmasından sonra işin üstünün açılması V.Bəylərovu çıxılmaz vəziyyətə qoyub.
Lakin Gəncənin icra başçısı Elmar Vəliyevin himayədarlıq etdiyi V.Bəylərov ATS rəisi postundan çıxarılmaq və barəsində cinayət işi başlanması təhlükəsindən müvəqqəti xilas olub.
Nazirliyin təlimatı əsasında onun dövlətə vurduğu zərərin 2000 manatını ödənilməsi qərara alınıb. Halbuki, böyük biznes və maliyyə resursları olan V.Bəylərov üçün vurduğu 40 min manatlıq ziyanı ödəmək çətin deyildi.
E.Vəliyevin hamilik etməsi nəticəsində qurtulan V.Bəylərovun həbsinə hazırlıq getməsə də, yaxın vaxtlarda işindən çıxarılması gözlənilir.
Gəncə merinin çətiri altında olan ATS rəisinin korrupsiya əməliyyatının 2000 manatla ört-basdır edilməsi qanunun aliliyini ayaqlar altına atmaqdır.
Bu həmin məmurdur ki, Tərtər RİH-də işlədiyi dövrdə oğlu avtoxuliqanlıq edərək bir ailənin yeganə oğlunu öldürmüşdü. Ardınca prezident məmurlara sərt xəbərdarlıq eləmişdi, məmur balalarının qudurğanlığından danışmışdı.
Ölkə başçısının çıxışından sonra V.Bəylərov RİH-dəki işini itirdi və vəzifədən qovuldu. Ancaq E.Vəliyevin qoruduğu məmur ATS-də özünə yer tapdı. Bu da nəticəsi…
V.Bəylərovin xahişini yuxarılardan E.Vəliyev edib. Əks halda nazirliyin regiondakı qovşaq rəisi çoxdan məsuliyyətə cəlb olunacaqdı.
Bu ayrı məsələdir ki, ölkədə süpürgəçi kimdənsə 5 manat rüşvət alanda həbs olunur, dövlətin 40 min manatını talan edən şəxsə isə 2000 manat cərimə kəsilir.
Fakt ondan ibarətdir ki, V.Bəylərov növbəti dəfə xoşagəlməz əməli ilə gündəmdədir. Ümumiyyətlə, Bəylərovlar mətbuatda tanış adlardır.
Onun qardaşı Zaur Bəylərov da Bərdə RİH-də Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zaur Bəylərov insanları yaşamağa qoymur.
Yerli icra nümayəndələri və bələdiyyələr Z.Bəylərovun əlindən təngə gəliblər. Z.Bəylərov hər dəfə pul yığımından yuxarıların adından sui-istifadə edir. Məmurlar isə qorxusundan səsini çıxara bilmir.
Çünki şöbə müdiri onları təhdid edir, işdən azad etməklə hədələyir. Bu gedişlə bələdiyyə və icra nümayəndələrinin özlərinin kütləvi şəkildə istefa verəcəyi gözlənilir.
İcra nümayəndələri hər ay məcbur qalıb tələb olunan pulu vaxtında çatdırırlar, bəziləri isə işindən imtina etmək istəyəndə Z.Bəylərov onları ilişdirməklə, prokurorluğa dosye göndərməklə təhdid edir.
Yada salaq ki, Z.Bəylərov Novruz bayramında icra nümayəndələrinin başına oyun açmışdı. Onların hər biri 5 hinduşka, 50 yumurta, 10 toyuq, 5 kilo mal əti və 5 qaz-ördək Z.Bəylərovun təsərrüfatına göndərmişdi.
Guya bu ərzaq tədarükü Prezident Administrasiyasındakı rəsmilərə çatır. Zaur Bəylərov əvvəllər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tərtər rayon şöbəsində müdir müavini vəzifəsində çalışmışdır.