“Obyektlər əsasən yaşıllıqların yerində inşa edilir. Qısa müddətdən sonra kimsə burada nə vaxtsa yaşıllıq olduğunu sübut edə bilməyəcək.”
I Yazı
Mərhum prezident Heydər Əliyev “Kim bir ağac kəsirsə, elə bil mənim bir qolumu kəsir” – deyərək, həmşə bu tip məsələyə özünün prinsipial, barışmaz mövqeyini bildirirdi. Qəribədir, bəs nədən bu gün bəzi rayon rəhbərləri başının üstündə mərhum prezidentin şəkilini asıb, nələrinsə naminə onun prinsiplərinə qarşı çıxırlar? Görəsən eyni siyasi komanda da rəhbərə sədaqətdən üstün nə ola bilər?


2007-ci il dekabrın 1-dən bələdiyyə qurumlarının torpaq üzərində icarə və alqı-satqı əməliyyatları aparmaq səlahiyyəti dayandırılıb. 2006-cı il noyabrın 23-də prezident bu dəyişikliklərin tətbiqinə dair sərəncam verərək, torpaqların hərrac yolu ilə satışa çıxarılması qaydalarının hazırlanmasını Nazirlər Kabinetinə tapşırdı. Ardınca Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi torpaqların alqı-satqısına, icarəsinə qadağa qoydu. Elə isə nəzərlər birbaşa yerli İcra Hakimiyyətlərinə yönəlir.
Son bir ildə paytaxt Bakı on – on beş il öncəki tikinti bumunu yaşayır. Lakin həmin dönəmdən fərqli olaraq uca və müasir göydələnlərlə deyil, kiçik, bəzən də yosma hesab ediləcək ticarət obyektlərinin tikintisi ilə. Yerli icra hakimiyyətlərinin icazəsi ilə ticarət obyektlərinin bir – birinin ardınca xaotik inşa edilməsi əslində şəhərsalma və memarlıq prinsiplərinə də ziddir. Lakin…
Paytaxtın Nizami rayonu artıq bu məsələdə liderliyə iddia ediləcək vəziyyətə qədər irəliləyib. Xatırladaq ki, təyinatının elə ilk günlərindəcə özünün əzəmətli kreslosu ilə medianın gündəminə gələn Nizami rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımovun rəhbərlik etdiyi paytaxtın bu istiqaməti son bir neçə ayda inşaat meydançasına çevirilib. Məsələnin ən arzuolunmaz tərəfi isə əsrlərlə paytaxt sakinlərinin ümumi istifadəsində olan məkanların xüsusiləşdirilməsidir. Yəni ayrı – ayrı hüquqi və fiziki şəxslərə satılması və ya icarəyə verilməsidir. Ən kritk və ən çox diqqət çəkən tərəf isə bu ərazilərin yaşıllıq bölgəsi olmasıdır. Mərhum prezident Heydər Əliyev zamanında deyirdi ki, paytaxtda ağac əkib becərmək, bir insanı böyüdüb, yetişdirmək qədər çətindir. “Paytaxtda ağacları kəsənlər hesab edin ki, mənim balalrımın başını kəsirlər” – sözünün müəllifi də məhz mərhum prezidentdir. Yuxarıda qeyd etdiklərimiz jurnalist təxəyyülünün məhsulu deyil. Məhz bütün bunları nəzrə alaraq mərhum prezidentin öz dilindən səsələndiriyi fikirlərin videosunu da Conflict.az olaraq təqdim edirik.
Bir neçə gün öncə mətbuat yenə də Nizami rayonunda baş vermiş olaydan yazdı. Bu dəfə də narazı tərəf rayon sakinləri, təzyiq edən isə… Xatırladaq ki, mətbuata və eləcə də ərazidə yaşayan sakinlərə məlum olmayan iş adamı Rüstəmov küçəsi 44 ünvanda gediş – gəlişə mane olan yerdə, kommersiya obyekti inşa edərkən qarşıdurma yaranıb.

Sözsüz ki, haqlı tərəf yerli sakinlərdir. Bəs cəzaverici qüvvə kimindir? İnşa edəninmi, icazə verəninmi? Bu məsələni araşdırmaq da məhz Nizami rayon hüquq – mühafizə orqanlarının vəzifəsidir. Media olaraq hadisə diqqətimizi çəkdi və qanuna müvafiq olaraq ərazidə olduq. Tikinti saxlanılsa da, inşaat materialları hələ də ərazidə qalırdı. Deməli çıxmayan cana ümid var anlamında.

Fürsətdən istifadə edib Rüstəm Rüstəmov küçəsini və 8-ci km bazarı istiqamətinə jurnalist baxışı həyata keçirdik. Söhbət etrdiyimiz sakinlərdən biri bizə mübahisə predmeti olan ərazidən bir neçə metr kənarda, qısa müddətdə tikilmiş “Şərab evi”ni və ona bitişik marketi göstərdi. “Bu obyektlər az qala işıq sürəti ilə tikildi. İnsanların etiraz etməyə zamanları belə olmadı. Bir az kənardakı tikilidə onun kimi” – deyə narazılığını ifadə edən yaşlı adam əlavə etdi ki, obyektlər əsasən yaşıllıqların yerində inşa edilir. Qısa müddətdən sonra kimsə burada nə vaxtsa yaşıllıq olduğunu sübut edə bilməyəcək. “Və o zaman haqlı tərəf məhz bu tikililərə icazə verən olacaq.”

Bakı metropoliteninin “Nefçilər” stansıyasından, paytaxt sakinlərinin “8-ci km” bazarı dediyi istiqamətdə hərəkət edərkən on illər öncə əkilib, mərhum prezident Heydər Əliyevin təbirincə desək min bir əziyyətlə əkilən şam ağaclarının içərisində inşa edilən və olduqca böyük ərazini əhatə edən obyektlərin qarşısına “Yeni parkın salınması ilə əlaqədar müvəqqəti narahatçılığa görə üzr istəyirik” cümləsi yazılmış plakat asılıb. Lakin…

Ardı növbəti yazımızda. Bizi izləyin.
Redaksiyadan: Məlumatda adı çəkilən qurum və ya şəxslərin də cavab haqqlarını tanıyırıq, dərc etməyə hazırıq.
Anons:
1. “Yeni parkın salınması ilə əlaqədar müvəqqəti narahatçılığa görə üzr istəyirik” lövhəsi yazılmış ərazidə çalışan fəhlə bu obyektin sahibinin kim olduğun dedi?
2. Həmin ərazi ilə üzbə – üz fəaliyyət göstərən restoran tiklərkən də eyni taktikadan istifadə edilib.
3. “8 km” bazarının yanındakı dayanacaq nə üçün götürülüb?
4. Dayanacağın yerində inşa edilən obyektdən bir neçə metr kənarda dəmir torla sərhədlənmiş ərazinin sahibi kimdir?
5. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyi nədən susur?
Ardı növbəti yazımızda. Bizi izləyin.OLKE.AZ

Paylaş