????????????????????????????????????

ADİU-nun keçmiş rektoru, millət vəkili Şəmsəddin Hacıyev istintaqda dindirilib. Bu haqda Palitika.Az-a daxil olan məlumatda qeyd olunub

Sabiq rektor-deputat korrupsiya faktı ilə bağlı gedən istintaqda nələr açıqladığı sirr olaraq qalır. Lakin onun başı üzərindən “qara bulud”lar çəkilməyib.

Çünki rəsmilər də birmənalı şəkildə fikir söyləmirlər. Ş.Hacıyevin həbs olunub-olunmayacağı konkretləşməyib.

Üstəgəl, rəsmilər istintaqın yekununda deputatın məsuliyyətə cəlb olunmayacağını da demirlər. Bu da qeyri-müəyyənlik olduğundan xəbər verir.

Hesablama Palatası Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) müvafiq yoxlama aparıb və materialı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərib. Faktla bağlı cinayət işi başlanıb, hazırda intensiv istintaq tədbirləri həyata keçirilir.

Bunu baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

İdarə rəisi bildirib ki, hansı vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması istintaqın nəticələrindən asılıdır, bu barədə obyektiv qərar qəbul ediləcək.

Baş prokurorun müavini “ADİU-nun keçmiş rektoru, millət vəkili Şəmsəddin Hacıyev istintaqa çağırılıb?” sualına cavab olaraq deyib ki, konkret olaraq, hansı şəxslərin istintaq zamanı dindirilməsi barədə məlumat vermək iqtidarında deyil.

Sitat: “Gəlin hadisələri qabaqlamayaq, hazırda istintaq gedir. İstintaq zamanı təkcə dindirmələrdən olmur.

Müvafiq olaraq, istintaq çərçivəsində bəzi rəqəmləri dəqiqləşdirmək üçün yoxlamalar təyin etmişik. Sənədlərin götürülməsi ilə də bağlı istintaq hərəkətləri aparılır”.

Palitika.Az-a daxil olan məlumata görə, Ş.Hacıyevin dövründə yol verilmiş maxinasiyalar yuxarıları bərk hiddətləndirib.

Deputat dövlətin bəzi yüksək çinli şəxsləri ilə hesablaşmayıb. İndi keçmiş rektorun ehtiyatla açıqlamalar verməsi də göstərir ki, arxasındakı hamiləri çəkilib və meydanda tək qalıb.

İndi isə aydın olur ki, bu “qəhrəman” üçün öz doğma ölkəsi az imiş, o, öz əməllərini ölkədən kənarda da davam etdiribmiş.

Bakı İqtisad Məhkəməsi qət edib ki, 2006-cı ildə Şəmsəddin Hacıyev Dağıstan Atıcılıq Diviziyası küçə 35-də yarım hektar torpaq sahəsi əldə edib.

Rəhbərlik etdiyi ali məktəbin sahəsinin genişləndirilməsi məqsədilə ali məktəbin vəsaiti hesabına aldığı bu sahəni öz adına rəsmiləşdirmiş və 1 milyon rus rublu qiymətinə dəyərləndirib.

Bundan sonra o, həmin ərazini İqtisad Universitetinin Dərbənd filialının inşası üçün böyük məbləğə öz universitetinə satıb. Ancaq torpaq sahəsinin hamısını yox bir hissəsini.

Şəmsədin Hacıyev sonra dərbəndli fırıldaqçısına kürəkəni, hazırda Yeni Azərbaycan Partiyası gənclər təşkilatının sədri Seymur Orucovu da qoşub. Bundan sonra hər şey sadə sxem üzrə qurulub.

2009-cu ilin sonunda Dağıstan Respublikası üzrə Federal qeydiyyat idarəsi xidməti Hacıyevlə Orucov arasında alqı – satqı haqqında yeni müqavlə imzalayıb.

Bundan sonra belə desək Seymur Orucovun özü əvvəlki torpaq sahəsinin parçasını yenidən İqtisad Universitetinə satıb.

ADİU-nun ölkənin ən korrupsiyalaşmış təhsil ocağı olması barədə məlumatlar yeni deyil.

Ölkənin aparıcı ali məktəblərindən olan ADİU-da 2014-cü ilin martında rektor dəyişikliyi olsa da, sistemdə hər hansı müsbətə doğru irəliləyiş müşahidə olunmayıb.

Şəmsəddin Hacıyevin rektorluğu dövründə bu gün gündəmi zəbt edən məlumatlar mətbuatda dəfələrlə tirajlanmışdı.

Rektor olduğu illərdə Ş.Hacıyev ailə üzvlərinin – həyat yoldaşının, qardaşı oğlunun, baldızı qızının birgə idarəçiliyində olduğu “Turan-2009″ MMC, ”İqtisadçı” MTK və digər şirkətlər vasitəsilə ADİU-da milyonlarla manatlıq “əməliyyat” aparıblar.

Universitetdə aparılan “maliyyə əməliyyat”ların 90 faizi qanunvericiliyin əksinə olaraq, tendersiz baş verib. Yəni Ş.Hacıyev Satınalmalar üzrə Dövlət Agentliyinin razılığı olmadan böyük pulların mənimsənildiyi əməliyyatları özbaşına həyata keçirib.

Məsələn, 2011-ci ildə 166 min 822 manatlıq, 2012-də 136 min 748 manatlıq tender keçirildiyi halda, 2013-cü ildə 11 milyon 29 min 907 manatı guya müxtəlif işlərə xərcləyiblər.

Bu vəsaitdən 1 milyon 145 min 269 manatı təmir, 2 milyon 123 min manatı inventar, maşın, avadanlıq, təsərrüfat malları, dəftərxana məsrəfləri, 7 milyon 745 min 887 manatı isə sağlamlıq kompleksinin tikintisi adı ilə təyinatından yayındıraraq, mənimsəyiblər.

O, hətta o qədər irəli gedib ki, həyat yoldaşının təsisçi, qardaşı oğlunun direktor, baldızı qızının isə baş mühasib olduğu “Turan” MMC vasitəsilə 3 il ərzində oxşar əməliyyatlarla 11 milyonu universitetin hesabından çıxarmağa da nail olub.

Xatırladaq ki, ADİU-da ilkin araşdırma zamanı yoxlama dövrünü əhatə 18 may 2012-ci ildən 1 aprel 2014-cü il tarixədək olan müddət ərzində universitetin vəzifəli və digər maddi-məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək təhsil haqlarının uçotu, yığılması və bank hesabına köçürülməsi, təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotda əks etdirilməsi ilə bağlı ağır nəticələrə səbəb olan ciddi qanun pozuntularına yol verilməsi müəyyən edilib.

Paylaş