“Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq rəisi, keçmiş nəqliyyat nazirinin müavini Arif Əsgərov həbsə addım-addım yaxınlaşmaqdadır

Palitika.Az-a mötəbər qaynaqdan sızan xəbərdə iddia edilir ki, keçmiş nazir müavini dayaqlarını itirmək üzrədir və onun adı uzun müddətdir beynəlxalq korrupsiya qalmaqalında keçir.

A.Əsgərov korrupsiya sövdələşməsində 100 milyon qazanc götürüb. Bunu İsveç məhkəməsində prokurorlar açıqlayıb.

İsveçin Stokholm məhkəməsində prokurorlar “Bombardier” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında 2013-cü ildə imzalanmış müqavilədə korrupsiya sövdələşməsində adı keçən Rusiya vətəndaşının azadlığa buraxılması haqda qərara protest veriblər.

“Bombardier” şirkətinin İsveç törəmə şirkətinin əməkdaşı Yevgeni Pavlovun 7 aylıq həbsdən sonra buraxılmasına qərar verib.

Məhkəmə hesab edib ki, Pavlovun “Bombardier” şirkəti ilə Azərbaycan məmurları arasında korrupsiya sövdələşməsinə dair tutarlı sübut yoxdur.

Hərçənd ki, məhkəmə Pavlovun elektron yazışmalarında dəmir yolları üçün siqnalizasiya avadanlıqlarının “Multiserv Overseas” offşor şirkəti üzərindən Azərbaycana on dəfələrlə baha qiymətə satılması barədə müzakirələrin aparıldığını qəbul edib.

Hakimin mövqeyinə görə, qiymətdə bu şişirtmə Pavlovun Azərbaycan məmurlarına rüşvət verdiyini sübuta yetirə bilməz.

Lakin məhkəmədə prokuror Tomas Forsberg bildirib : “Əsas məsələ odur ki, bu müqavilə üzrə əldə edilmiş mənfəət ədalətlidir, ya yox?”

Forsberg və onun həmkarı-prokuror Staffan Edlund bildiriblər ki, həmin sövdələşmədən Azərbaycan Dəmir Yollarının adı açıqlanmaan dövlət qulluqçusuna 100 milyon dollar ötürülüb.

“Bombardier” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında siqnalizasiya avadanlıqlarının təchizatı və quraşdırılmasına dair müqavilənin ümumi həcmi 340 milyon dollara yaxındır. Bu müqavilədən əldə edilən “otkat” isə 100 milyon dollara çatır.

Həmin dövrdə dəmir yolları Nəqliyyat Nazirliyinin tabeliyində idi. Nazirliyə Ziya Məmmədov, dəmir yollarına onun müavini Arif Əsgərov başçılıq edirdilər.

 A.Əsgərovun ölkədən çıxışına yasaq qoyulub. İsveçdə gedən məhkəmə ilə bərabər onun Azərbaycanda da korrupsiya əməliyyatları barədə araşdırmalar aparılır.

Həmçinin, Ziya Məmmədovun özünə də ölkəni tərk etmək qadağan edilib. Məlumatlı qaynaq bildirib ki, ADP sədri Sərdar Cəlaloğlunun söylədikləri doğrudur.

Z.Məmmədov xariclə əlaqələrinə görə Azərbaycandan çıxmağa imkan verilmir. A.Əsgərova gəlincə, həbs təhlükəsi qabarma-çəkilmə şəklində hərəkət etsə də, hələlik ölkədən çıxmasına icazə yoxdur.

“Azərbaycan Dövlət Dəmir yolları” QSC-nin sabiq sədri Arif Əsgərovun başı 48 milyonluq qalmaqaldan açılmır. Bundan başqa, sabiq nazir müavini və oğlu Elnar Əsgərov hələ də həbs təhlükəsi ilə üz-üzə qalıblar.

A.Əsgərovun baldızı oğlu Emil Hüseynovu qurban verməklə oğlunu xilas etməsinə baxmayaraq, qalmaqallı cinayət işi üzrə məhkəmə prosesi davam edir. Amma gedişat göstərir ki, Əsgərovların vəziyyəti ürəkaçan deyil.

Ziya Məmmədovun tamamilə zəiflədilməsi və bacısının belə işdən çıxarılması Əsgərovun mövqeyini ağırlaşdırır. Ortada 48 milyonluq mənimsəmə faktı və məhkəmədə gedən bir iş var.

Yəni, yuxarılar heç də A.Əsgərova qahmar çıxmırlar. Həmin məbləğin geri qaytarılması mümkün olmasa sabiq məmur və oğlunun başı möhkəm ağraya bilər.

 
Paylaş