Bağışlama müqaviləsi sənədi şəxsin iştirakı olmadan təsdiqlənib

“Mən indi üzümü cənab Fikrət Məmmədova tutaraq bildirirəm ki, bu gün ədliyyə sistemində Bahadur İslamov kimi vəzifə sahibləri var ki, onlar da hansısa şəxsin iştirakı olmadan imzalarını təsdiq edirlər”

Bu günlərdə Qazax rayonu Ağköynək kənd sakini Namazov Azər Müseyib oğlunun redaksiyamıza təqdim etdiyi müraciəti oxuduqca sanki dəhşətə gəldik. Çünki, adı çəkilən şəxs redaksiyamıza təqdim etdiyi müraciətində qeyd edir ki, “bizim Ağköynək kəndində ata mülkümüz var və atam dünyasını dəyişdikdən sonra 0,071 ha torpaq sahəsində yerləşən, iki mərtəbəli, dörd otaqlı, ümumi sahəsi təqribən 163,6kvm olan, 70,8kvm köməkçi və 92,8 kvm yaşayış sahəsində təsərrüfatın başçısı anam Namazova Nümayəndə Alı qızı oldu. Bəli, biz ailədə dörd övlad olsaq da, qardaş və bacılarım başqa şəhərlərdə yaşasalar da, uzun illərdir ki, mən ailəmlə birlikdə doğulduğum Ağköynək kəndində yaşayıram. Bu gün də ahıl çağlarına çatmış anama həyat yoldaşım, övladlarım qulluq edir. Bütün bunlara baxmayaraq, ötən il xəbər tutdum ki, ata mülkümüz anam Nümayəndə Namazovanın xəbəri və heç bir halda iştirakı olmadan 24 avqust 2010-cu il tarixdə Qazax rayon notariat kontorunun notariusu vəzifəsini daşıyan Bahadur İslamov tərəfindən təsdiq olunmuş bağışlama müqaviləsi əsasında, Sumqayıt şəhəri, məhəllə-9, ev-10, mən-16 ünvanda yaşayan qardaşım Namazov Anar Müseyib oğlunun adına sənədləşdirilib. Belə bir addımın atılması, sanki məni hövsələdən çıxartdı. Tez-tələsik evə gəlib təsdiq olunmuş bağışlama müqaviləsi ilə bağlı anama sual etdikdə “bala, mənim heç nədən xəbərim yoxdur, mən heç bir sənədə imza atmamışam” dedikdə, sanki şoka düşdüm. Belə olan halda bağışlama müqaviləsi sənədinin ləğvi ilə bağlı Qazax rayon Məhkəməsinə müraciət etdim. Məhkəməyə ünvanladığım iddia tələbim əsasında adı çəkilən rayon məhkəməsinin hakimi Məhərrəm Allahverdiyev, 13 iyul 2017-ci il tarixdə ekspertiza təyin edilməsi haqqında qərardad qəbul edir və toplanmış iş materialları, 26 iyul 2017-ci il tarixdə Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertizası Mərkəzinə göndərilir. Ekspertizanın icraçısı adı çəkilən qurumda 1-ci dərəcəli ədliyyə qulluqçusu Əliyev Aydın İntizam oğlunun icraatına verilir. O da, 13 sentyabr 2017-ci il tarixdə yazmış olduğu cavabda qeyd edir ki, “Ekspertizaya təqdim olunmuş 4Ə-3-199 nömrəli Qazax rayon notariat işinin 2-ci vərəqəsində Namazova Nümayəndə Alı qızının adından Namazov Anar Müseyib oğlunun adına bağlanmış olan 4Ə-3-199 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş, 24 avqust 2010-cu il tarixli bağışlama müqaviləsinin aşağı tərəfində “İmzalar” qrafikasındakı 1-ci imza və qarşısındakı “Namazova” soyadı- Namazova Nümayəndə Alı qızı tərəfindən icra olunmuşdur. Verilmiş belə bir cavaba baxmayaraq, bu gün də anam təsdiq edir ki, mən heç bir bağışlama müqaviləsi sənədinə imza atmamışam. Anam Namazova Nümayəndə Alı qızının danışdıqlarını əsas tutaraq belə bir qənaətə gəlirəm ki, qardaşım Namazov Anar Müseyib oğlu yəqin ki, Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertizası Mərkəzinə müəyyən yollarla “yol tapa bilib” ki, adı çəkilən qurumdan da belə bir cavab verilib. Mən indi üzümü cənab Fikrət Məmmədova tutaraq bildirirəm ki, bu gün ədliyyə sistemində Bahadur İslamov kimi vəzifə sahibləri var ki, onlar da hansısa şəxsin iştirakı olmadan imzalarını təsdiq edirlər.

Biz də bir redaksiya olaraq müraciət müəllifinin təqdim etdiyi sənədlər əsasında müəyyən araşdırmalar aparmağa qərar verdik. Hətta, bağışlama müqaviləsi sənədinə imza atmadığını bildirən Namazova Nümayəndə Alı qızının canlı çəkilişini həyata keçirərək, bəzi mətləblərə aydınlıq da gətirdik. Bəlli olan o oldu ki, Namazov Azər Müseyib oğlunun redaksiyamıza təqdim etdiyi müraciətdə səsləndirdiklərini, onun anası canlı şəkildə təsdiq edir. Hörmətli oxucular! Odur ki, həmin çəkilişi sizə təqdim edirik ki, həm oxuyun, həm də baş verənlərə qiymət verməyi də bacarın. Araşdırmamız davam edəcək. Mövzu diqqətdə saxlayacağıq.

Araşdırma qrupu.
/azerinfo.az
Teref.info olaraq adları çəkilən şəxs və qurumların mövqeyini dərc edə bilərik!

Paylaş