Bərdə-Tərtər zonasında Bəylərovlar erasının süqutu başlanıb; Hər iki rayonda hegemonluq edən məmur qardaşların bitirilməsi üçün proses böyüyür…

Palitika.Az-a daxil olan xəbərə görə, Tərtər Telekommunikasiya Qovşağı rəisi Vidadi Bəylərovun korrupsiyaya görə vəzifəsindən azad edilməsi qardaşı, Bərdə Rayon İcra Hakimiyyətində Ərazidarəetmə Orqanları ilə iş şöbəsinin müdiri Zaur Bəylərovun da vəziyyətini ağırlaşdırıb.

Son məlumatlara görə, Z.Bəylərovun da vəzifədən uzaqlaşdırılması an məsələsidir və yuxarıların əmri gözlənilir.

Onun Bərdədə hökmranlıq etməsi və yerli məmurları incitməsi haqda şikayətlər Prezident Administrasiyasına göndərilməklə bərabər yuxarıların adından sui-istifadə etməsi faktı da təsbit olunub.

Mənbənin sözlərinə görə, Z.Bəylərovun vəziyyəti o dərəcədə ciddi və gərgindir ki, onu artıq rayon icra başçısı Vidadi İsayev də xilas edə bilməz.

Əksinə, V.İsayevə yuxarı eşelondan mesaj verilib ki, Z.Bəylərovu vəzifədə saxlaması məqsədəuyğun deyil və PA-nı qane etmir.

Çünki onun PA-nın adından istifadə edərək yerlərdə çinovnikləri, icra nümayəndələrini, bələdiyyələri incitməsi artıq siyasi rəhbərliyə məruzə olunub.

Eləcə də mətbuatda Bəylərov qardaşlarının əməlləri tez-tez tirajlanır. Son damlanı daşıran hadisə isə icra nümayəndələrindən, bələdiyyələrdən peyin pulu yığması olub.

Hər bir məmur 500 manatdan peyin pulu verməyə məcbur edilib.

Z.Bəylərov pul yığımını PA-da olan iri fiqurların torpaq sahələrinə peyin alması ilə izah edib. Guya həmin vəsaitlə mal-qara peyini alınıb ərazilərə səpiləcək.

Belə bir saxta və absurd iddia ilə Bərdədəki məmurları boğaza yığan şöbə müdirinin dosyesi siyasi rəhbərlikdə ciddi qəzəb doğurub və V.İsayevdən onu vəzifədən uzaqlaşdırması tələb edilib.

Onun qardaşı V.Bəylərovun işdən çıxarılması və həbsi xəbəri yayılsa da, rəsmi açıqlama hələ ki olmayıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə daxil olan şikayət əsasında aparılan yoxlamalardan sonra V.Bəylərovun 60 min manat dövlət vəsaitini talan etməsi müəyyən olunub.

Nazirliyin araşdırmaları təsdiqini tapdıqdan sonra ATS müdiri işindən çıxarılıb. V.Bəylərovun övladı ağır avtoqəza törədərək bir ailənin yeganə oğlunu öldürməsi ilə atasının işindən qovulmasına səbəb olmuşdu. O ərəfədə prezident məmur övladlarının harınlığa son qoymasını tələb etmişdi.

Bəylərov isə başçı müavini vəzifəsindən azad olunsa da, himayədarları hesabına bir bir müddət sonra başqa vəzifə aldı. İndisə Bəylərovların dövrü bitir və yaxın dövrdə ciddi qərarlar olacaq…

Paylaş