Bakı Şəhər Baş Polis İdarəsinin (BŞPİ) rəis müavini, general-mayor Həsən Şirinovun bacısı oğlu Cahangir Əliyev məhkəmə qərarını icra etmədiyinə görə barəsində 20 günlük həbs qərarı verilib

Bu barədə Xətai Rayon Məhkəməsindəki mənbələrdən məlumat daxil olub.

Cahangir Əliyev Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYP) Müşayət-Eskort Bölüyünün keçmiş əməkdaşıdır. O, iş adamı Rəcəb Abbasovun 170 min manatını ələ keçirib qaytarmadığına görə sonuncunun şikayəti əsasında polis orqanlarından uzaqlaşdırılıb. Hələ ötən il daxil olan məhkəmə sənədlərindən görünürdü ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYP) Müşayət-Eskort Bölüyünün əməkdaşı, polis kapitanı Əliyev Cahangir Amangəldi oğlu etibardan sui-istifadə yolu ilə R.Abbasovun külli miqdarda – 170 min manat məbləğində vəsaitini ələ keçirib və qaytarmaq istəmir. Belə ki, generalın bacısı oğlu Bakı şəhər sakini Abbasov Rəcəb Bağır oğlundan 2014-cü ilin fevral ayında 200 min manat borc alıb, bir qədər sonra bu pulun 30 min manatını geri qaytarsa da, qalanını mənimsəyib. R.Abbasov 2015-ci ilin iyul ayında C.Əliyevi məhkəməyə verib. Uzun sürən məhkəmə proseslərinin sonunda yekun qərar C.Əliyevin pulu sahibinə qaytarması yönündə olub. Lakin bu dəfə də o, məhkəmə qərarını icra etməkdən yayınıb. Xətai rayon İcra Şöbəsinin əməkdaşları aylarla süründürməçilikdən sonra zərərçəkən tərəfin israrı nəticəsində sərt qərar qəbul etməyə məcbur olublar. Generalın bacısı oğluna 20 sutkalıq həbs qərarı verilib. Növbəti mərhələdə onu cinayət işi və 3 ilədək həbs gözləyir.

Maraqlıdır ki, hazırda İcra Şöbələrində general Həsən Şirinovun daha bir neçə yaxınının – digər bacısı oğlu Ələmşah Cəfərovun, qardaşı Aslan Şirinovun və başqa yaxınlarının icra etmədikləri bir neçə məhkəmə qətnamələri var. Onlar saxta sənədlər əsasında ələ keçirdikləri torpaqları satıb, pulunu mənimsədikləri onlarla vətəndaşın – o cümlədən Fərzəliyev Vahid Qüdrət oğlu, Məmmədov Namiq Valeh oğlu, Məmmədov Xəqani Məmməd oğlu və İbrahimova Şəbnəm Eldar qızının külli miqdarda vəsaitini geri qaytarmaq barədə məhkəmə qərarlarını icra etmirlər. Lakin məhkəmə icraçıları hansısa səbəbdən, istisna deyil ki, cavabdehlər məhz general Həsən Şirinovun yaxınları olduqlarına görə vətəndaşlara dəymiş ziyanı ödətdirmirlər.

Qısası, dövlət bir generalın saxtakarlıq, dələduzluqla məşğul olan yaxın ətrafının qarşısında aciz qalıb!

Qeyd edək ki, sözügedən vətəndaşlar Bakının Nizami və Xətai rayon İcra Şöbələrinin əməkdaşlarının fəaliyyətsizliyindən yuxarı instansiyalara – Prezident İlham Əliyevə, ədliyyə naziri Fikrət Məmmədova və digər vəzifəli şəxslərə şikayətlər ünvanlayıblar. (azpolitika)

Paylaş